Peskov mədəniyyət xadimlərinə müraciət etdi: “Prezidentimizin ətrafında birləşməliyik!”

Dmitri Peskov, Foto: ID1974/shutterstock

İndi hamımız bir araya gəlib, birlikdə olmalıyıq

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov mədəniyyət xadimlərini Vladimir Putinin ətrafında birləşməyə çağırıb.

O, həmçinin Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə qarşı düşmənçilik etməməyi də tövsiyə edib.

“Mədəniyyət nümayəndələri arasında qızğın mübahisələr gedir. Baş verənlərin mahiyyətini tamamilə səhv başa düşənlər var. Onlara düşmənçilik etmək lazım deyil. Prezidentə səmimi dəstək olanlar da az deyil. İndi hamımız bir araya gəlib, birlikdə olmalıyıq. Prezidentimizin ətrafında birləşməliyik”, – Peskov jurnalistlərə açıqlamasında bildirib.

Fevralın 21-də axşam saatlarında Rusiya Prezidenti Vladimir Putin separatçıların nəzarətində olan “Donetsk Xalq Respublikası” (“DXR”) və “Luqansk Xalq Respublikası” (“LXR”) adlı qurumları tanıyıb, həmin ərazilərə ordu yeridib.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Rusiyanın Ukraynada başlatdığı hərbi əməliyyatlardan sonra bir çox rus sənətçiləri baş verənlərə səssiz qalmayıb.

Əksəriyyət bu vəziyyətdə kimin günahkar olduğuna dair mühakimə yürütmədən sülhə çağırış edib.

Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da var,

proseslərə reaksiya verməkdən çəkinənlər də.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə öz postlarını tərk etməyi təklif edib.

Siyasətçi “Rossiya-24” telekanalına müsahibəsində deyib ki, dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən sənətçilər tutduqları vəzifələrdən və qrantlardan imtina etməlidirlər.

Ana səhifəMədəniyyətPeskov mədəniyyət xadimlərinə müraciət etdi: “Prezidentimizin ətrafında birləşməliyik!”