Peşə təhsilinin tükənməyən problemləri

Dövlət Proqramı icra olunub, amma çatışmazlıqlar aradan qaldırılmayıb

Source:


Dövlət Proqramı icra olunub, amma çatışmazlıqlar aradan qaldırılmayıb

Həmdullanın 15 yaşı var. Xaçmazın Nərəcan kəndində 9-cu sinif şagirdidir. Texnikaya böyük həvəsi olduğu üçün avtomobil təmiri üzrə usta olmaq istəyir. Atası onu  usta yanında şagird qoymaq fikrindədir.  “Bacarıqlı usta axtarıram, –  deyir,- qoy uşağı yaxşı öyrətsin”.


Yalnız rus maşınlarının təmiri öyrədilir

Kənddə peşə məktəbi olsa da, bu ixtisası öyrədən bacarıqlı usta yoxdur.  Xaçmaz Peşə Məktəbinin direktoru  Abdulla Məmmədov deyir ki,  tədris etdikləri beş peşədən biri də məhz  avtomobil çilingəridir. Amma bu sənətə sahib olan şagirdlər yalnız rus maşınlarının təmirini öyrənə bilər. Müasir avtomobillərin təmirini öyrətmək üçün isə məktəbdə nə lazımı texniki avadanlıq, nə də bu sahəni bilən usta var. Avadanlıqdan söz düşmüşkən,  direktorun etirafına görə,  onun rəhbərlik etdiyi peşə məktəbində tədris olunan digər peşələr – qaynaqçı, traktorçu, meyvə-tərəvəz ustası, ərzaq mallarının satıcısı üzrə cəmi 170 şagirdə yalnız bir qaynaq aparatı ilə ixtisas-sənət öyrədilir. Yəni peşə məktəbinin maddi-texniki bazası yalnız bu qaynaq aparatından ibarətdir. Sovet dövründən qalan dəzgahlar isə tamamılə yararsız hala düşüb. Son illərdə bu məktəbə bir neçə parta və stol-stuldan ibarət avadanlıq verilib. Təbii ki, bu halda uzun müddət təmir üzü görməyən peşə məktəbində bacarıqlı  sənətkarlar yetişə bilməzdi.


Xaçmaz Peşə Liseyində yerlər məhduddur

Xaçmaz Peşə Liseyində isə vəziyyət nisbətən normaldır.  Direktor Abbas Məstəliyevin məlumatına görə, liseydə 352 şagird  xarrat-dülgər, inşaatçı-rəngsaz, xalçaçı,  aşbaz, qənnadçı-şirniyyatçı, mühasib, ofisiant-barmen, qaynaqçı, tornaçı, dərzi, avtoçilingər ixtisasları üzrətəhsil alır. Direktor deyir ki,  daha çox şagirdə peşə öyrədə bilərlər, amma yerlər məhduddur.  Ötən dərs ilində 20 şagird üçün nəzərdə tutulan qruplarda oxumaq üçün  60-dan yuxarı müraciət daxil olmuşdu. “Məcbur olduq  ki, fərdi söhbət yolu ilə onların arasında seçim aparaq. Bu, xüsusən mühasib ixtisasına aiddir”, – direktor əlavə edir. Ustaların əmək haqqı 150 manatdır ki, bununla da keyfiyyətli mütəxəssislər yetişdirmək çətin məsələdir. Liseyə hissə-hissə ilə də olsa, müxtəlif avadanlıqlar verilir, amma hələ ki, təlabatı tam ödəmir. Peşə liseyinin  təlim-təsərrüfat sahəsində qapı-pəncərə və şirniyyat sifarişləri qəbul edilir. Bununla da liseyin əlavə qazanc mənbəyi yaranır. “Bu fəaliyyət nəticəsində builki qazancımız 6400 manat olub ki, bu da bütöv il üçün nəzərdə tutduğumuzun  50 faizə qədərini təşkil edir”, – deyir Abbas müəllim.


“Pedaqoji heyətin hazırlıq səviyyəsi qənaətbəxş deyil”

Hər iki müəssisədə “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafi üzrə Dövlət Proqramı”  (2007-2012-ci illər) qəbul edilərkən elə sənədin özündə  qeyd edilmiş problemlər öz aktuallığını indi də saxlayır: Texniki peşə təhsili müəssisələrinin maddi – texniki və tədris bazası müasir tələblərə cavab vermir, məktəb binaları əsaslı təmir edilməyib. Müəssisələrə texnika, avadanlıq, əyani və texniki vasitələr verilməsi ləngiyir. Tədris prosesinin kompyuterləşdirilməsi sahəsində vəziyyət qənaətbəxş deyil. Texniki peşə təhsilinin mövcud idarəolunma strukturu bazar iqtisadiyyatı prinsipləri ilə tam uzlaşmır, onun dövlət büdcəsindən maliyyələşdirilməsi mexanizmi kifayət qədər səmərəli deyil. Kadr hazırlığı əmək bazarının tələbləri ilə uzlaşmır, texniki peşə təhsili sistemində ixtisaslı kadrlar çatışmır, mühəndis – pedaqoji heyətin hazırlıq səviyyəsi qənaətbəxş deyil.

 Bəzi mütəxəssislərin fikrincə, respublikanın peşə texniki təhsil sahəsinın effektliyi, onun üzərinə düşən vəzifəni hələ də döğrultmır. Bakı şəhərinin peşə texniki təhsil üzrə mütəxəssislərinin təşəbbüs qrupunun rəhbəri Rafiq Əliyev “Azərbaycan Respublikasında texniki-peşə təhsilin inkişafı üzrə Proqramı“nın  icra edilməsini qeyri-kafi qiymətləndirir. “Bu sərəncamdan Təhsil Nazirliyi yan keçərək, əsas məsələlərin: texniki-peşə təhsilinin ictimai statusunun yüksəldilməsi, maddi təcizat bazasının möhkəmləndirilməsi, yeni iqtisadi əlaqələrin yaradılması və idarəetmənin təkmiləşdirilməsi, tədris prosesinin muasir səviyyədə yeniləşməsi kimi məsələlərin heç birini həll etməyib“ – deyən R.Əliyev belə hesab edir ki, Azərbaycanda fəhlə kadrların hazırlıq sisteminin və əvvəllər fəaliyyət göstərən texniki-peşə məktəblərinin təşkili yalnız istehsal-tədris birliyinin bərpasından sonra mümkündür.

Vaxtilə Bakı texniki peşə məktəbləri şagirdlərinin istehsal etdikləri  məhsul SSRİ-nin ümümi orta hesablı göstəricisindən dörd dəfə artıq olub. İstehsal edilən məhsulun satışından əldə edilən vəsaitin bir hissəsi avadanlığın alınmasına sərf edilirdi. Gəlir işçilərə zəhmət haqqının əlavə hesablanmasına, şagirdlərə gördyi işə görə maaş kəsmək imkanını yaradırdı.

Bir sıra peşə məktəblərinin emalatxanaları istehsal bazaları kimi mini-fabrik, mini-zavod, mini-qeyim evi və s. kimi fəaliyyət göstərirdi“- R. Əliyev açıqlamasında bildirir.

Təhsil Nazirliyinin hesabatında isə bildirilir ki,  Azərbaycan Respublikasında texniki-peşə təhsilin inkişafı üzrə Proqramının  icrası ilə əlaqədar 3 yeni peşə təhsil müəssisəsi inşa olunub ( Naxçıvan Peşə Liseyi, Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi və İsmayıllı Peşə Tədris Mərkəzi), 60-a yaxın ilk peşə-ixtisas təhsili müəssisəsi  müxtəlif texnika, maşın, mebel və avadanlıqlarla təchiz edilib. Proqramın icrasına başlamazdan öncə ilk peşə-ixtisas təhsili müəssisələrində 130 nəfərə 1 kompyuter düşürdüsə, dövlət proqramının icrası nəticəsində bu nisbət 32:1 olub. Bundan əlavə, regionlarda fəaliyyət göstərən Quba, Lənkəran, Tovuz peşə liseyləri, Mingəçevir, Oğuz, Zaqatala peşə məktəblərində müxtəlif ixtisaslar üzrə müasir tipli tədris sinifləri təşkil edilib. Proqram çərçivəsində 40-dan artıq ixtisas üzrə dərslik və dərs vəsaitləri, 32 adda 1222 dəst yeni əyani vəsait çap olunub ilk peşə-ixtisas təhsili müəssisələrinə çatdırılıb. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun tərkibində “İlkin Peşə Təhsilinin İnkişaf Mərkəzi” yaradılıb. Mərkəzin tərkibində “Monitorinq və proqnozlaşdırma”, “İlkin peşə təhsilinin kurrikulum” şöbələri yaradılıb. Təhsil Nazirliyi həmçinin işəgötürən təşkilatlarla da səmərəli əməkdaşlıq əlaqələrinin yaradılmasına çalışıb. Buna misal olaraq, “Azərsun”, “KNAUF”, “BOSCH”, “Gilan Holdinq”, “Büllur”, “Kür” kompyuter şirkəti, AZAL və bir çox digər işəgötürən təşkilatlar bir sıra peşə təhsili müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri yaradıb.“Bununla yanaşı, peşə təhsili sahəsində hələ də müəyyən problemlər qalmaqdadır, – nazirliyin mətbuata açıqlamasında bildirilir, – “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbul edilməsi gələcəkdə bu problemlərin həll edilməsi üzrə daha geniş imkanlar açıb. Orada – peşə təhsili müəssisələrində sahibkarlıq imkanlarının genişləndirilməsi; İşəgötürənlərin kadr hazırlığı prosesində iştirakının təşviqləndirilməsi mexanizminin yaradılması; Regional Peşə Tədris Mərkəzlərinin yaradılması kimi tədbirlər nəzərdə tutulub”.


Nümunə…

Hazırda respublikada fəaliyyət göstərən texniki peşə təhsili müəssisələrindən 47 – si peşə liseyi, 60 – ı isə peşə məktəbidir. Azad Müəllimlər


Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə,  peşə məktəblərində 101 peşə üzrə 23 mindən yuxarı şagird təhsil alır ki, bu da orta məktəb məzunlarının 4-8 faizini təşkil edir. Qonşu ölkələrdə bu rəqəm 40-60 faiz arasındadır. Texniki-peşə məktəblərində islahatların aparıldığı müddət ərzində say baxımından irəliləyişlər olsa da, bu, hər il IX sinifdən uzaqlaşdırılan, XI sinifdən sonra ali məktəbə sənəd verməyənlərlə müqayisədə çox azdır. Hər il minlərlə gənc peşə təhsili almaqdan kənarda qalır və bu vəziyyət heç bir təhsil qurumunu maraqlandırmır. Eyni zamanda valideynlər də bu sahəyə diqqət yetirmirlər. Bu, onu göstərir ki, təhsil ocaqlarında həllini gözləyən problemlər mövcuddur. “Apardığımız müşahidələr əsasında bu problemləri aşağıdakı kimi qruplaşdıra bilərik: Dövlət tərəfindən maliyyələşdirmə məktəblərin müasir maddi-texniki təminatı yanacaq və digər materialların alınması üçün yetərincə deyil. Şagirdlərin sosial müdafiəsi: təqaüd, yemək, xüsusi geyim, yataqxana, sağlamlıq, idman və mədəni-kütləvi tədbirlərin yetərli olmaması; Kadr problemləri-ixtisas fənn müəllimlərinin, mühəndis pedaqoqların hazırlıq səviyyələrinin müasir tələblərə cavab  verməməsi”- Məlahət xanım fikirlərini belə yekunlaşdırır.

Görünən budur  ki, ölkədə peşə təhsili sistemində daha geniş islahatlara ehtiyac var. Peşə liseylərini dövlətin himayəsində saxlamaqla bərabər peşə məktəblərinin gələcəkdə profilini dəyişməmək şərtilə özəlləşdirilməsi problemin həlli yollarından biri ola bilər. Bu yolla  rəqabət mühiti yaratmaq və peşə təhsilində inkişafa stimul vermək mümkündür. Beləliklə, peşə məktəblərini istehsalat-təlim mərkəzlərinə çevirmək və daha effektli təlim üsullarının tətbiq edilməsinə nail olmaq olar. Həm də, ustaların əmək haqqını gəlirə görə müəyyən etməklə peşə məktəblərinin rentabelli işləməsinə marağı gücləndirmək yüksək nəticələrə gətirib çıxaracaq.  Necə deyərlər, qoy həm öyrənsinlər, həm də qazansınlar.

Yeri gəlmişkən, Bakıda  yeni yaradılmış özəl peşə məktəbi  haqda məlumat alarkən həmin təhsil ocağına müraciət etdik. Məlum oldu ki, müasir avadanlıqlarla yüksək tədris vəd edən “Profi-Resurs” adlanan peşə tədris mərkəzində avtomobil çilingəri ixtisasını öyrənmək istəyən şagirdlər illik 1500 manat təhsil haqqı ödəməlidirlər. Şagirdlər  yemək və yataqxana ilə təmin olunmur.

25 yaşlı Nadir Əhmədov avtomobillərin təmiri sexində çalışır. Deyir ki, peşə məktəbini bitirməyib, bu sənəti dayısından öyrənib.  “Pis qazanmıram, müştərilərim kifayət qədərdir, – deyir Nadir. Həqiqətən də, Nadirin işlədiyi sexdə avtomobillər təmir üçün növbəyə düzülmüşdü. Nadirin dayısının isə  ildə bir neçə şagirdi olur. O, şagirdlərindən pul almır, əksinə, maaş verir.  Elə bu kiçik sex bacarıqlı peşə sahiblərinin yetişdirilməsində kiçik bir nümunə ola bilər.

Ana səhifəXəbərlərPeşə təhsilinin tükənməyən problemləri