Peşə təhsili Yol Xəritəsi

Gözəsoxma və cehizlik ali təhsil diplomları erası geridə qaldı

Source:
Əkrəm Həsənov



Gözəsoxma və cehizlik ali təhsil diplomları erası geridə qaldı

Prezidentin 6 dekabr tarixli Fərmanı ilə təsdiq etdirilmiş 12 strateji yol xəritəsindən biri “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”dir. Peşə təhsilinin əhəmiyyəti bəllidir. Ümumən xəritə müəlliflərinin təhsil sahəsi daxilində məhz peşə təhsilinə önəm verməsi düzgündür. Kiçik ölkəyik, dünya iqtisadiyyatında payımız da xırdadır, özümüzü təvazökar aparmalıyıq. Gözəsoxma və cehizlik ali təhsil diplomları erası geridə qaldı. Neft erası kimi. Neft hasil edib pul qazanmaq üçün nəinki ali, heç kütləvi peşə təhsilinə də ehtiyac yox idi. Amma bu gün bizə hər sahədə müasir tələblərə cavab verən mütəxəssislər lazımdır. Peşəsini yaxşı bilən kəslər!

Bu baxımdan sözügedən Xəritə priotitetləri düzgün müəyyən edir. Mövcud vəziyyət, güclü və zəif tərəflərimiz də səmimi və açıq etiraf olunur. Belə ki, bu sahədə real güclü tərəflərimiz formal nailiyyətlərdir: strategiya və standartlarımız, habelə ənənələrimiz və Agentliyimiz var. Zəif tərəflərimiz isə boldur: infrastruktur, avadanlıq və maddi-texniki bazanın, habelə təhsil proqramları, dərslik və dərs vəsaitlərinin köhnəlməsi, müəllim-pedaqoji heyətin və kadrların hazırlıq səviyyəsinin qənaətbəxş olmaması, idarəedici heyətin zəif olması, peşə təhsilinin imicinin aşağı olması, peşə təhsilinin əmək bazarının tələblərinə cavab verə bilməməsi, işəgötürənlərlə əlaqələrin zəif olması və s. və i.a.

Bəs bu problemlərin həlli üçün Xəritə nə təklif edir? Deyir ki, 2020-ci ilədək bu sahədə müvafiq qanun qəbul ediləcək. Çox yaxşı! Niyə də olmasın. O qədər qanunumuz var, niyə bu sahədə də olmasın?! Təki işləsin!

10 pilot peşə təhsili müəssisəsi açılacaq. Məncə, elə mövcudları təkmilləşdirmək daha səmərəli və ucuz olardı. Amma necə məsləhətdir. Təki bu pilotlar sonra həqiqətən uça bilsinlər.

Peşə təhsil müəssisələrinə qəbul səviyyəsi 25 faizə qaldırılacaq. Məzunların məşğulluq səviyyəsi isə 50 faizə çatdırılacaq. Bu kimi digər hədəflər də var. Bunlara necə nail olacaqlar – Xəritədə konkret deyilmir. Ən təvazökar məqam isə yeni iş yerləri ilə bağlıdır – cəmi 176! Digər xəritələrdəki yeni iş yerləri anonsu (halbuki, müasir texnologiyalar sayəsində bəzi sahələrdə iş yerlərinin əksinə azalması daha ağlabatan olardı) ilə müqayisədə demək olar ki, bu, heç nədir. Yəni cəmi 176 nəfər yeni işçi cəlb etməklə peşə təhsili həm kəmiyyət, həm də keyfiyyət baxımdan inkişaf edəcək. Həmin 176 nəfər əjdahadır sadəcə!

Ədalət naminə demək lazımdır ki, Xəritədə dəfələrlə onun icrası üçün gözlənilən risklər də açıq etiraf olunur. Məsələn: “büdcədənkənar vəsaitlərin idarə edilməsində şəffaflığın və səmərəliliyin təmin edilməməsi”, “peşə təhsili müəssisələrinin qiymətləndirilməsi üçün məlumatlarda dəqiqliyin və şəffaflığın olmaması məzunların işlə təmin edilməməsi”, “müvafiq dövlət qurumlarının və işəgötürənlərin məlumatları dəqiq və vaxtında təqdim etməməsi”, “məlumat bazası ilə bağlı fəaliyyətin əlaqələndirilməsi və icrasında digər dövlət qurumlarının və işəgötürənlərin maraqlı olmaması”, “peşə təhsili müəssisələri üçün əlavə inzibati yükün yaranması” və s.

Bununla belə, Xəritənin əsas amalı peşə təhsili ilə işəgötürənlərin əlaqəsinin yaradılmasıdır. Düzgün yanaşmadır. Peşə təhsili alanlar real iqtisadiyyatda çalışmalıdır. Buna görə də peşə təhsili müəssisələri potensial işəgötürənlərlə sıx təmasda fəaliyyət göstərməlidir ki, kadrları onların tələbatına uyğun yetişdirə bilsinlər. Təbii, bu halda həmin işəgötürən müəssisələr peşə təhisili sahəsini maliyyələşdirəcək də! Prinsipcə, təkcə bu qarşılqlı əməkdaşlığa nail olunsa, peşə təhsili inkişaf edəcək. İşləyən sahibkar niyə də ki işçisinin biliklərinin artmasında maraqlı olmasın?!

Lakin bunun üçün sözün əsl mənasında bazar iqtisadiyyatı qurmaq lazımdır. Dövlət şirkətləri korrupsiyaya meyllidirlər, onların rəhbərliyi uzunmüddətli strategiya ilə işləyə bilmir, ciblərini doldurmaqla məşğuldurlar. Sağlam rəqabətli mühitdə çoxsaylı özəl şirkətlər yaradılsa, sahibkarlığa nəinki dəstək olsa, heç olmasa ona mane olmasalar, məhkəmələr obyektiv olsa və s., əlbəttə ki, bütün arzularımıza çata biləcəyik (yəni biznes, peşə olsa, təhsil də olacaq!). Amma bütün bunlar sözügedən Xəritənin hədəfi deyil. Bu, daha ilkin, daha vacib məsələlərdir və mən hər xəritənin şərhində bu barədə yazmışam. Yekunda daha ətraflı da yazacağam hələ.

Sonda onu da qeyd edim ki, bu Xəritənin icrasına 190,95 mln. manatın xərclənməsi nəzərdə tutulur. Digər xəritələrlə müqayisədə kiçik məbləğdir. Ya yeni işə qəbul edilən 176 nəfər həqiqətən də əjdahadır və kiçik məbləğlə hər şeyi həll edəcək, ya da icrası real olmayan Xəritəyə çox vəsait ayırmaq istəməyiblər…

P.S. Bu yazı ilə dərc olunmuş 11 xəritənin şərhini bitirdim. Hələ də dərc edilməmiş 12-ci “Xəritə-əz-zaman” – “Azərbaycan Respublikasının neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafına dair Strateji Yol Xəritəsi”nin zühurunu gözləyirik. Yeri gəlmişkən, 11 xəritə də hələlik yalnız internetdə dərc edilb, rəsmi kağız dərci yoxdur, buna görə də xəritələrə düzəlişlər edilir…

Ana səhifəAnalitikaPeşə təhsili Yol Xəritəsi