”Peşə bayramı ”düzəltməklə” turizm inkişaf etmir”

Ülvi Həsənli: “Sərəncam imzalanır, pul ayrılır, inkişaf yoxdur”

Source:

Sentyabrın 1-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi haqqında” sərəncam imzalayıb.

Sənədə görə, turizmin inkişaf etdirilməsi və bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinə prezidentin Ehtiyat Fondundan 800 min manat ayrılacaq. Bu məbləğin 400 min manatı Turizm Reyestrinin yaradılmasına, 400 min manat isə Bakı şəhərində ticarət festivalının (“shopping festival”) keçirilməsinə sərf ediləcək.


“Bu qərarlar əsasən səmərəsiz yerlərə pul sərf etməyə xidmət edir”

Turizm üzrə ekspert Ülvi Həsənli deyir ki, prezidentin turizmin inkişafı ilə bağlı verdiyi sərəncam, bu günə qədər imzaladığı sənədlərdən heç nə ilə fərqlənməyəcək. Onun fikrincə, sərəncam imzalanır, pul ayrılır, inkişaf yoxdur:

Ülvi Həsənli

“Təkcə turizm deyil, Azərbaycanda müxtəlif sahələr üzrə oxşar sərəncamlar imzalanıb, milyonlarla, milyardlarla pul xərclənib, ancaq mənzərə göz qabağındadır. Ölkənin iqtisadiyyatı irəli getməkdən, sürətlə geri gedir. İnkişaf əməli fəaliyyət tələb edir. Kağız imzalamaqla, sərəncam verməklə inkişaf olmur. Bu qərarlar əsasən səmərəsiz yerlərə pul sərf etməyə xidmət edir”.


Turizmə qoyulan vəsait artır, bəs inkişaf?

Bu, turizm sahəsinə ayrılan ilk vəsait deyil. Öncəki illərdə də turizmə vəsaitlər ayrılıb, xərclənib. Məsələn, bu il Azərbaycanda turizmin inkişafına qoyulan dövlət vəsaiti 7 dəfə artırıldı. Maliyyə Nazirliyinin məlumatına görə, turizmin inkişafına 5 milyon manat vəsait ayrılacaq. Ötən il bu məbləğ 700 min manat idi.

Mədəniyyət və Turizm Nazirliyi bu il İsmayıllı, Qəbələ və Bərdədə yeni Turizm İnformasiya mərkəzləri açmaq və onların sayını 12-ə çatdırmaq fikrindədir. Nazirliyin məlumatına görə, 2014-cü ildə Azərbaycana 2 milyon yarım əcnəbi gəlib.


“Turizm pul gətirmək əvəzinə, pul aparır”

Ülvi Həsənli deyir ki, illərdir bu ad altında milyardlarla pul xərclənib, amma turizmdən gələn gəlir, bu xərcləmələrin 1 faizini geri gətirməyib: “Bu cür turizm anlayışı heç bir ölkədə, heç bir şirkətdə yoxdur. Turizmin də digər istehsal sahələri kimi əsas məqsədi ölkəyə valyuta gətirməkdi. Amma bizim hökumətin analoqsuz daxili-xarici siyasəti nəticəsində, turizm vasitəsilə ölkədən kütləvi maliyyə axını var”.

Ülvi Həsənli bildirir ki, bu qədər pul xərcləmək sənəd qəbul etməkdən daha faydalı, səmərəli oldu. Bir sıra ərəb ölkələri ilə vizanın ləğv edilməsi ölkəyə daha çox turist cəlb etdi, nəinki xərclənən milyonlar, imzalanan sərəncamlar: “İllərdi müstəqil ekspertlər çağırış edirlər ki, ən azı Qərb ölkələri, inkişaf etmiş ölkələrlə viza prosedurunu ləğv edin. Bu, Azərbaycanda turizmin inkişafına ciddi təsir edəcək, amma hökumət siyasi məqsədləri üçün bu addımı atmır. Bu hərəkətsizliklərlə də turizmin inkişafının qarşısı göz görə-görə alındı. Peşə bayramı “düzəltməklə” turizm inkişaf etmir”.


Əbülfəz Qarayev: “Turizm Azərbaycanda prioritet sahələrdən biridir”

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Azərbaycanda turizmin prioritet sahələrdən biri olduğunu və turizmin müxtəlif növlərinin inkişafı istiqamətində bir sıra işlər görüldüyünü deyib.

Nazirin bildirdiyinə görə, Azərbaycanda 2016-2025-ci illər üçün turizmin inkişaf strategiyası hazırlanır.


Turizmin inkişafı – qonşu Gürcüstanda…

Bu yaxınlarda Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə gələn turistlərin statistikasını açıqlayıb. 2016-cı ilin ilk beş ayında Gürcüstana iki milyondan çox adam gedib.

Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze nəticənin 2015-ci illə müqayisədə 15,3 faiz çoxaldığını deyib. Ən çox gedənlər isə azərbaycanlılardır: 570,825 nəfər. Təkcə mayda Gürcüstana 11,944 Azərbaycan vətəndaşı səfər edib.

Son bir neçə ildə Azərbaycanda daxili turizmin inkişafı üçün xərclənən pullar, tikilən komplekslər, otellər, sanatoriyaların heç biri azərbaycanlıların istirahət üçün qonşu ölkələrə üz tutmasına mane olmayıb.

Ana səhifəXəbərlər”Peşə bayramı ”düzəltməklə” turizm inkişaf etmir”