Hakim jurnalistin Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatəti rədd etdi
7 martda Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin işi ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmədə jurnalist 1 saylı Bakı istintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatət verib. O deyib ki, istintaq təcridxanasında ona ailə üzvləri ilə görüş verilmir. Məktubları da dövlət orqanlarına çatdırılmır. “Obyektiv, qərəzsiz məhkəmə qərarından söhbət belə gedə bilməz. Hakim heç bir əsas olmadan bizim vəsatətləri rədd edir. Qanunun tələblərinə baxsaq, məhkəmədə gələcəkdə də obyektiv, qərəzsiz, ədalətli, qanuni hökmün olacağına şübhə ilə yanaşıram”- vəkil Elçin Bayramov deyib.
Jurnalist ötən məhkəmədən sonra ona MTN-nin istintaq təcridxanasında verilən 1 saatlıq gəzintinin də ləğv edildiyini deyib. P.Həşimli təcridxananın rəisini məhkəməyə verəcəyini bildirib.
Kamran Həşimov oğlunun saxlanma şəraitinə görə narahat olduğunu deyir. O, bununla bağlı prezidentə də müraciət edib. “6 aydır ki, oğlumun valideynləri ilə görüşünə icazə verilmir. Məhkəməyə gətirilən gündən də müraciət olunub, nəticəsi yoxdur. Pərvizə qarşı tətbiq olunan bütün hüquqi qaydalar hamısı hüquqa ziddir”-Kamran Həşimov deyib.
Hakim Novruz Kərimov vəsatətlərin heç birini təmin etməyib. Növbəti məhkəmə prosesi 11 mart saat 10-a təxirə salınıb.
Pərviz Həşimli qanunsuz olaraq silah saxlamaqda ittiham olunur. Jurnalist bu ittihamın saxta olduğunu deyir.