Həbsdə olan jurnalisrt Pərviz Həşimli bildirib ki, MTN-in Nağıyev qardaşları ilə mübahisəsi var və ondan istifadə edib onları vurmaq istəyirdilər
Aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə “Bizim Yol” qəzetinin əməkdaşı və hüquq müdafiəçisi Pərviz Həşimlinin və onunla birgə təqsirləndirilən Təvəkkül Qurbanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Proses başlanan zaman P.Həşimli ayağa qalxaraq bildirib ki, məhkəməyə gəldiyi zaman MTN istintaq təcridxanasında hazırladığı qeydlər əlindən alınıb: “İstintaq zamanı analoji hal dəfələrlə təkrarlanmışdı. Amma məhkəmə prosesi başlanandan sonra qeydlərimi əlimdən almırdılar. Xahiş ediləm ki, istintaq təcridxanasının rəhbərliyini müraciət edib bu qanunsuz əməlin dayandırılmasını tələb edəsiniz”.
Daha sonra P.Həşimli həbsinin siyasi sifarişlə həyata keçirildiyini deyərək vəsatətlə çıxış edib.
“Möhtərəm hakim, siz deyirsiniz ki, 206-cı maddə siyasi maddə deyil. Mənim həbsimin siyasi sifariş olunduğunu Avropa Şurası, ATƏT, “Human Right Watch”, “Amnistey İnternational” və digər nüfuzlu təşkilatlar tənqid edib, həbsdən azad edilməyimi tələb ediblər” – deyən P.Həşimli adı çəkilən qurumların onunla bağlı bəyanatlarını məhkəməyə təqdim edib.
Hakim isə bildirib ki, məhkəməyə sübutların və sənədlərin təqdim edilməsi qaydaları var: “Məhkəmə təqdim edilən sübut və sənədlərin məhkəmə prosesinə aidiyyatı məsələsini araşdırır.Təqdim edilən sənəd mahiyyəti üzrə işə aiddirsə, bu zaman o, sənədlər cinayət işinə əlavə olunur. İndi isə siz yalnız mənə 3 səhifəlik kağız vermisiniz. Siz Cinayət Prosesual Məcəlləsinin 321-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim etməlisiniz”.
P.Həşimli cavab verib ki, insan hüquqları bir ölkənin daxili işi ola bilməz. Azərbaycan Respublikasının da Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlar qarşısında insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı öhdəliyi var və bu tələblərə əməl edilməlidir: “Məsələ ondadır ki, mənim hüquqlarım həbsimdən əvvəl də pozulub. Həbsimdən Eldar Mahmudovun xəbəri olmayıb. Amma məni sırf sifarişlə, Əli Nağıyevi və Cavid Qurbanovu vurmaq üçün həbs ediblər. Həm də İlqar Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudova öncədən məlumat vermədən həbsimlə bağlı əməliyyatı planlaşdırıb. Mənim barəmdə Eldar Mahmudova yalan raport yazıb ki, güya mən bu şəxslərdən pul alıb müxalifətə verirəm. İlqar Əliyev məni bu şəxslərin əlehinə ifadə etməyə məcbur edib. Amma mən olmayan şey barədə yalandan ifadə verməmişəm”.
Hakim ona “bu fikriləri dəfələrlə təkrar eləmisiniz” deyərək əlavə edib ki, Azərbaycan həm ATƏT, həm də Avropa Şurasının tamhüquqlu üzvüdür və ölkəmiz də insan hüquqları ilə bağlı müvafiq sənədləri ratifikasiya edib, hüquq və azadlıqlar da təmin olunur. Məhkəmə prosesi də davam edir, əgər nədənsə narazısınızsa, sizin şikayət etmək hüququnuz var.
Daha sonra vəkil Elçin Sadıqov vəsatətlərlə çıxış edib. O, istintaq zamanı P.Həşimliyə təziq edilməsində adı hallandırılan MTN zabitləri – Əlisahib Mürşüdov və İlqar Əliyevin əlavə şahid kimi prosesdə dindirilməsi barədə vəsatət verib.
P.Həşimli ona istintaq zamanı Vəli Nağıyev və Cavid Qurbanovla bağlı çoxsaylı sualları xatırladıb: “Məndən bu şəxslərlə necə tanış olduğumu soruşublar. Mən də səmimi şəkildə bu şəxslərlə tanış olduğumu, münasibətlərimizin olduğunu və tanışlığımızın sırf şəxsi xarakterli olduğunu demişəm. Bu şəxslərin mənim vasitəmlə müxalifətə pul verib-verməmələri ilə xüsusi maraqlanıblar. Hətta Elçin Quliyevin otağında mənə “Qurani-Kərim”ə əl basdırıb, and da içdiriblər. Mən hacıyam, Allaha inanan adamam. Mən də and içib bu şəxslərin müxalifətlə heç bir əlaqələrinin olmadığını demişəm. Hamı bilir ki, MTN-in Nağıyev qardaşları ilə mübahisəsi var və məndən istifadə edib onları vurmaq istəyirdilər”.
Hakim isə əsəbi şəkildə P.Həşimlinin sözünü kəsib: “Biz burada MTN-i müzakirə etmirik. Bu, nə sözdür? MTN Azərbaycanın milli təhlükəsizliyinə cavabdeh və bunu təmin edən qurumdur, bunu unutma”.
Hakimin dediklərinə vəkil Elçin Sadiqovun cavabı belə olub: “Bu cinayət işi saxta və quramadır, biz bunu dəfələrlə demişik. Hesab edirik ki, ümumiyyətlə, Təvəkkül Qurbanov Biləsuvarda olmayıb. Bu səbəbdən də biz T.Qurbanovun 17 sentyabr 2013-cü il tarixində şəxsi istifadəsində olan mobil telefonunun antenalar üzrə hərəkət trayektoriyası barədə məlumatın, o cümlədən Bakı-Biləsuvar yolunda quraşdırılmış təhlükəsizlik kameralarının həmin tarixdəki apardığı qeydlərin Dövlət Yol Polisi və Nəqliyyat Nazirliyindən alınaraq məhkəməyə təqim edilməsini xahiş edirik”.
Proses aprelin 28-i saat 10.00-da davam edəcək.