Pərakəndə və topdan təcavüzlər…

Allahın fağır bəndəsiydi.

Source:

Allahın fağır bəndəsiydi. Evlərdə çalışar, bir loxma çörəyini qazanardı. Təxminən doqquz il bizim həyət-bacaya baxdı, düşdüyüm qəzadan sonra hətta ev-eşiyə də əl gəzdirərdi.

Bizə gəlib-gedən hamı ona xüsusi diqqət yetirib, hörmət edərdi. Mənə demək olar ki, hər gün “axirət dünya bacımsan, çörəyinizi itirsəm, yaşamaq mənə haram olsun” – deyərdi. Az vaxtda anamın, bütün dostlarımın, ailə yaxınlarımızın rəğbətini qazanan adam evimizin sakininə çevrildi. Kəndə gediş-gəliş çətin olanda ara-sıra bizdə qalardı. Səhərlər onu görməzdik. Hər kəsdən gec yatar, tez durardı.

Ölümcül qəza və onun davamı olan ağır əməliyyatlardan sonra altı-yeddi ay yataq xəstəsi oldum. Məni o vəziyyətdə görməyə dayana bilməyən anam heç bir xəstəliksiz dünyasını dəyişdi. Başıma gələn müsibətlərdən sonra barəsində danışdığım adam: – “Bacıma mənim də borcum var”, deyə bəzən pul götürmək istəmirdi. Amma mən onun haqqını həmişə artıqlaması ilə ödəyirdim. Avam yerinə qoyulub incidiləndə, ələ salınanda uşaq kimi üstümə qaçırdı. Mən onu qorumaqla qarşı tərəfin kinini, qəzəbini qazanacağımı bilirdim. Çünki adamlar onları hansısa havayı “zövqdən” məhrum edənləri bağışlamırlar.

Qəlbimdəki yaralar sağalmasa da, dizdən qatlanmayan qısalmış sol ayağımla və biləkdən səhv bitişmiş sağ əlimlə, nəhayət, həyatımın qalan hissəsini yola verməyə başladım. Təbii ki, bu yola çox dəyərli mənəvi və fiziki əskiklərimlə çıxdım. Anlayışlı dostlar hər gün bizə yığışar, gecə yarıya qədər oturardılar. Bəzən hətta məni yatırıb gedərdilər.

Növbəti axşamların birində “bacı, iki-üç günlüyə uşaqlara baş çəkməyə gedirəm”, deyib sağollaşdı. O axşam hamını yola salıb, gecəyarısına kimi kompüterdə qurdalandım. Yuxum ərşə çəkilmişdi elə bil. Birdən tanış öskürək səsi gəldi. Bizim evəbaxan idi. Əslində qorxmalı bir şey yox idisə də, bütün bədənim buza döndü. Pəncərənin qarşısından keçəndə qəfil sifətini gördüm. Adamın… üzündə heç bir ifadə hiss olunmurdu! Qapını bağlamaq? Evimizin kilidi yox idi ki… Sadəcə küçə qapısını bağlayırdıq. Bu axşam da bağlamışdım axı… Bəs adam hardan keçib? Artıq bunun heç bir mənası yox idi. İki-üç addımdan sonra adam ümumi otağa girəcəkdi. Mən qapı-pəncərəsi taybatay açıq kiçik guşəmin ensiz divarına sığınıb sürətlə düşünürdüm : “Soyuqqanlı olacaqsan!” Adam qorxduğumu anlamasın deyə özümə verdiyim ilk əmri icra etmək istəyəndə səsim çıxmadı. O, açıq qapıdan içəri keçəndə yenidən öskürüb yad səslə məni səslədi:

– Yatmısan, bacı?

Cavab əvəzinə böyük otağa keçdim. Adam “nağıl” danışarkən gözlərim onun arxasında “zaryadkaya” qoyulmuş telefona ilişib qaldı. Onun da çevrilib eyni nöqtəyə baxdığını görüb özümü daha da itirdim. Qalxıb mətbəx stoluna yaxınlaşdı. Dönəndə əlində göy saplı göyərti bıçağımız vardı.

Mən qarışıq sözlərlə ondan bıçaqla nə edəcəyini soruşdum. Cavab verməyib mənəmi, ümumi qapıyamı sarı gələndə otağıma qaçıb qışqıraraq qonşuyla aramızdakı “fanerkanı” var gücümlə döyməyə başladım. Nazik taxtanın o tərəfində bir damı bölüşdüyümüz adamlar yatırdılar. İndicə səsimə səs verəcəklər deyə dirçəlmişdim ki, güclü bir əl çiynimdən yapışıb məni ümumi otağa çəkdi. Göy bıçaq əlində, əli havada idi. Onu bildiyim ən təsirli sözlərlə ayıltmağa çalışırdım, qonşugil gələndə xətasını bağışlayacağıma and içirdim. Amma taxtanın o tərəfindən əks-səda gəlməyəcəyini, o, məndən yaxşı bilirmiş…

Adam geriləməyəndə əlimi bıçağın ağzına verib yenidən daha dəhşətlə çığıraraq özümü qapıya atdım. Taxta arakəsmədən ümid kəsilmişdi, bəlkə qapıdan çıxmaqla canımı qurtararam deyə… Qolumdan tutub arxaya çəkəndə sinəsindən itələdim. Daim daş-kərpiclə işləyən güclü adamın o axşamkı yeganə zəif yeri yəqin içkili olmasıydı. Yoxsa xəfif bir zərbəyə müvazinətini itirməzdi. Amma itirdi, vallah. Bu möcüzədən ruhlanıb əlimi qapının dəstəyinə çatdırdım. Eyni vaxtda o da özünə gəlib xəstə ayağımdan dartdı, digəri qatlanmadığına görə üzüüstə sərildim. Və çənəmi qapının kandarına dayayıb son dəfə fəryad etdim. O gün şəhərdən qayıdıb sanki xüsusi olaraq soyunmadığım qalın sviter və isti cinsdə titrəyərək huşumun gethagetində uzaqdan qulağıma səslər gəlməyə başladı: – Qorxma, Nazlı, gəlirik! Dayan, Nazlı xala, çatırıq… Barmaqlarımın arasından qan süzülürdü, sol ayağım sanki indicə qırılmışdı. Daha dünyanın heç bir ağrısını hiss etməyəcək qədər halsız, yorğun idim. Əsas da ki, ümidsiz.

Gecənin təxminən saat ikisində harayıma gələsi kim vardı ki? Demə kimlərsə varmış və birinci uğursuz cəhdlə barışmayıb çığırmaqla şansımı oyadırammış…

O ilıq yaz gecəsində reallaşan səslərin həyat hekayəsindən niyə yazdım? Özü də üstündən neçə illər keçəndən sonra. Həm də necə qarşılanacağını bilə-bilə. “Yad kişiyə inanıb üz verəndə belə olar!” Arada axı, doqquz ilin haqq-salamı, duz-çörəyi, bu müddətdə sənə fasiləsiz “bacı” deyən biri var. İnanmayacaqsanmı? Hələ “təcavüz” eyhamı. Olsun lap təcavüz! İllərdir toplum olaraq canımız yanır, ləyaqətimiz, duyğularımız, inamımız zorlanır. Yuvamız dağılır, torpaqlarımız gedir, təknəmiz boşalır, insanlığımız ölür. Təcavüz deyilmi? Və həmin toplum olaraq bircə dəfə baiskarlara “dur!” deyə bilmişikmi? Hər hansı səbəblərlə şirnikləşdirilmiş və ya hədələnmiş birinin dəmir əllərindən çıxmağı bacaran şikəst qadın qədər yoxmuyuq?

Və əgər bütün bunlara heç olmasa instiktiv müqavimət göstərmiriksə, məsələ birmənalı könüllüləşir. Onda artıq tərəf olduğumuz təcavüzlərə cürbəcür əzabkeş qurban donu geyindirməyək. Gecikmiş, amma mütləq gələcəyə qədər bu, bizim vəziyyətə görə dəyişən “sabit konsitutsiya” payımızdır. İstəməyən götürməsin…

Ana səhifəMənim FikrimcəPərakəndə və topdan təcavüzlər…