Birinci qrup gözdən əlil Füzuli Məmmədovun evi

Mənbə: Meydan TV

Başlıq: Birinci qrup gözdən əlil Füzuli Məmmədovun evi

“Pensiyamın bir hissəsini icra başçısı ilə paylaşmağa hazıram”

Gözdən əlil Göyçay Rayon İcra Hakimiyyətindən narazıdır

“İcra başçısı Mehdi Səlimzadənin üstünə dərdini, problemini danışmağa gedəndə, ağlayır ki, bizdə pul yoxdur. Mən birinci qrup gözdən əlilliyə görə aldığım pensiyanın bir hissəsini onunla paylaşmağa hazıram, gəlsin aparsın”.

Göyçay şəhər sakini, Məhəmmədəmin Rəsulzadə küçəsi, ev 44 ünvanında yaşayan birinci qrup gözdən əlil Füzuli Məmmədov belə deyir.

Ev probleminə görə Meydan TV-yə daha öncə də müraciət edən şikayətçi söyləyir ki, bir il ərzində yuxarı instansiyalara yazdığı şikayət məktublarına müsbət cavab almayıb:

“Bir ildə evim daha da qəzalı vəziyyətə düşüb. Tavan tamamilə çöküb, divarlar şişib. Yağış yağanda, uşaqlar evin içərisinə qab düzürlər. Qarşıdan payız-qış gəlir. Yağıntılar başlayacaq. Mən suyun içində yaşayacağam? 2017-ci ildən bu yana müraciət edirəm, heç kim şikayətimə baxmır. Dəfələrlə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmışam. Gözlərim görmür, pensiya ilə dolanan adamam. Evim elə bir vəziyyətdədir ki, qonaq qəbul edəndə xəcalət çəkirik. Göyçay Rayon İcra Hakimiyyəti də deyir ki, vətəndaş özü evini təmir etməli, tikməlidir. Düzdür, mən də vətəndaşam, amma mən birinci qrup gözdən əliləm. Aldığım təqaüd də məni heç cür təmin etmir. 350 manat pulla mən nə edə bilərəm?”.

"Tavan tamamilə çöküb, divarlar şişib"

"Tavan tamamilə çöküb, divarlar şişib"

Mənbə: Meydan TV

Füzuli Məmmədov bu il iyunun əvvəlində Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə zəng edib. Evinin qəzalı olması ilə bağlı məlumat verib:

“Nazirliyə evimin vəziyyəti ilə bağlı məlumat verdim. Dedilər ki, şikayətinizi qeydə aldıq. Üzərindən bir ay keçdi, amma heç bir xəbər çıxmadı. İyulun 14-də yenidən qaynar xəttə zəng etdim. Ad-soyadımı deyən kimi ev şikayətinə görə zəng vurduğumu bildilər. Soruşdum ki, bəs nəyə görə gəlib, evə baxmırsınız? Dedilər ki, biz evlərə baxış keçirmirik. Bununla bağlı rayon icra hakimiyyətini məlumatlandırmışıq. Göyçay Rayon İcra Hakimiyyətini məlumatlandırmağın heç bir mənası yoxdur. Çünki bu qurum 2017-ci ildən bu yana mənim müraciətimə baxmır. Bu ev təxminən 1950-ci ildə kərpicdən tikilib. Yetmiş ilə yaxındır, yaşayış var. Belə çıxır ki, sabah ev qəfil üstümüzə uçsa, heç kim bundan narahatlıq keçirməyəcək? Qəza, böyük faciə baş versə, kim cavabdeh olacaq? İnsan həyatına bu qədər laqeyid yanaşmaq olmaz”.

Birinci qrup gözdən əlil Füzuli Məmmədov

Birinci qrup gözdən əlil Füzuli Məmmədov

Mənbə: Meydan TV

Füzuli Məmmədovun oğlu Nurlan Məmmədov deyir ki, həyatları təhlükə qarşısındadır:

“Bizdə küçənin qarşısında xırda su bərələri olur. Bərələrdəki su daşanda, divar torpaqdan olduğu üçün su evə keçir. Nəticədə divarlar sudan, nəmişlik çəkməkdən şişməyə başlayır. Divarlar tamamilə qabarıb. Bayır tərəfdən isə həmin hissədə dərin çökək yaranıb. Ev hər an uça bilər. Tikili daşdan olsa, borc-xərc edib, düzəldərəm. Lakin kərpic və palçıqdan olduğu üçün tamamilə sıradan çıxıb. İcra hakimiyyətindən deyirlər ki, digər obyektlərdən çıxan köhnə tikinti materiallarını veririk, evi təmir edin. Köhnə tikinti materialları mənim nəyimə lazımdır? Rayon icra hakimiyyəti başçısı aparatının hüquq şöbəsinin müdiri Samir Xəlilov dedi ki, bu işə konkret olaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva baxır. Bildirdi ki, bizə göstəriş verildiyi təqdirdə tikinti işi apara bilərik. Yəni yuxarıların razılığı olmalıdır. Prezidentdən evimin tikintisi üçün pul ayrılmağını istəyəcəyəmsə, icra hakimiyyəti kimi bir qurum mənim nəyimə gərəkdir? Prezidentə məktub yazırıq, icra hakimiyyətinə yönləndirir. Onlar da evə yalandan baxış keçirib, sonra gedib, məktub yazmışdılar ki, vətəndaşın evi yaxşı vəziyyətdədir. Şikayəti həll etmək əvəzinə, məsuliyəti bir-birinin üzərinə atırlar. Bir nəfər yaxın durub demir ki, mən sənə kömək edəcəyəm”.

"Yağış yağanda, uşaqlar evin içərisinə qab düzürlər"

"Yağış yağanda, uşaqlar evin içərisinə qab düzürlər"

Mənbə: Meydan TV

“Əgər evimizi tikmirlərsə, heç olmasa, atamı əlillər üçün nəzərdə tutulan mənzillə təmin etsinlər”, - Nurlan Məmmədov deyir:

“Mənim 26, bacımın isə 29 yaşı var. Atam nə mənim, nə də bacımın üzünü görüb. Bundan ağır gözdən əlillik olar? Burada da hansısa kateqoriya var ki, buna ev düşür, sən isə get, sənə ev yoxdur? Müraciət etmişəm, demişəm. Cavab da bu olub ki, bu, bizim problemimiz deyil. Bəs yaxşı, bu kimin problemidir? Əlilərə ev verilirsə, atam niyə kənarda qalıb? Niyə onu siyahıya almırlar? Atam gecə ilə gündüzü ayırd edə bilmir, adicə işığı seçmir. Gözlərinin görməməyi fiziki hərəkətini məhdudlaşdırır. Bu da çəki artımına səbəb olur. Sonuncu dəfə çəkisini ölçdük, 140 kilodan ağır gəldi. Başqa yan xəstəlikləri də var. Bu şərtlər altında həm də şəraitsiz qəzalı evdə yaşamağı həyatına təhlükə yaradır. Bugünlərdə yağış yağdı. Hərənin əlində bir vedrə evin içində oyan, bu yana qaçırdıq. Bilmirdik ki, vedrələri tavandan axan hansı suyun altına qoyaq. İcra hakimiyyətində işləyənlərin evlərinə, maşınlarına baxın. Guya dəbdəbəli evi, lüks maşını 300-500 manatla alıblar? Çox xahiş edirəm, bizim ev problemimizə əncam çəkilsin”.

Göyçay Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri İntiqam Süleymanov Meydan TV əməkdaşına bildirib ki, quruma ev tikintisi ilə bağlı vəsait ayrılmır:

“İcra Hakimiyyətinə elə böyük vəsait ayrılmır ki, hansısa vətəndaşa ev tikilsin. Bizə müraciət olunduqda on gün müddətində evə baxış keçiririk. Evlərin tikintisinə yox, amma yüngül təmir işlərinə köməklik edirik. Keçən il səkkiz nəfər evi yanan vətəndaşa yardım göstərmişik. Kiminsə evində yüngül təmirə ehtiyac varsa, icra hakimiyyəti köməklik edir”.

Əlillərin evlə təmin olunması məsələsinə gəlincə, baş memar bildirib ki, indiyədək rayonda yalnız Qarabağ müharibəsi və Çernobıl əlilləri, həmçinin şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzillər inşa olunub.

“Əgər evimizi tikmirlərsə, heç olmasa, atamı əlillər üçün nəzərdə tutulan mənzillə təmin etsinlər”

“Əgər evimizi tikmirlərsə, heç olmasa, atamı əlillər üçün nəzərdə tutulan mənzillə təmin etsinlər”

Mənbə: Meydan TV

Azərbaycan Gözdən Əlillər Cəmiyyəti sədrinin müavini Reyhan Cəfərova isə deyir ki, ümumi səbəbdən əlilliyi olan vətəndaşların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində evlər yalnız Bakıda inşa olunur. Bölgələrdə hələ ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri evlə təmin edilib:

“Bakı qeydiyyatında olan gözdən əlillər hər rayon üzrə icra hakimiyyətlərinə müraciət edərək ev növbəsinə dayanırlar. Evlərin paylanmasına altı ay qalmış cəmiyyətimiz tərəfindən komissiya yaradılaraq siyahıya baxış keçirilir. Bölgələrə gəlincə, orada yaşayan hər hansı səbəbdən əlilliyi olan vətəndaşların evlə təmin olunması məsələsi aktualdır. Biz bununla bağlı layihə hazırlayıb, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN), həmçinin İlham Əliyevə müraciət etmişik. Bu, çox yaxşı qarşılanıb. Regionlarda gözdən əlillərin mənzillə təmin olunması dövlət proqramı təsdiq olunmalı idi. Mövcud pandemiya ilə əlaqədar yubandı.

Əgər əlilin evi qəzalıdırsa, ona yardım göstərmək təmir işi aparmaq və yaxud siyahıya almaq rayon icra hakimiyyətinin borcudur. Həmin vətəndaşı mütləq yaşadığı rayonun icra hakimiyyətində ev növbəsinə dayansın”.

Meydan TV əməkdaşı Göyçay Rayon İcra Hakimiyyəti ilə Füzuli Məmmədovun şikayəti ilə bağlı mövqe öyrəndikdən sonra vətəndaşın evinə nümayəndə göndərilib. Şikayətçinin dediyinə görə, icra hakimiyyəti tərəfindən ona beş kisə sement, yüz mişar daşı verə biləcəklərini bildiriblər:

“Dedilər ki, icra hakimiyyətinin imkanı yalnız buna çatır. Bu, bizi ələ salmaqdır. Sanki dilənçi payıdır. Verilən sement və daşla heç hamam tikmək olmaz”.

"Bu, bizi ələ salmaqdır"

"Bu, bizi ələ salmaqdır"

Mənbə: Meydan TV

"Gözlərinin görməməyi fiziki hərəkətini məhdudlaşdırır".

"Gözlərinin görməməyi fiziki hərəkətini məhdudlaşdırır".

Mənbə: Meydan TV

" Əlilərə ev verilirsə, atam niyə kənarda qalıb?"

" Əlilərə ev verilirsə, atam niyə kənarda qalıb?"

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3dn34e

Ən çox baxılan