Pensiyaçı : ”Sevinmədim, heç sevinmədim”

Pensiyaçı Zərifə Səlimova pensiyaların sığorta hissəsinin 10 faiz artırılması xəbərinə heç sevinməyib

Source:

“Sevinmədim, heç sevinmədim… Artımdansa qiymətləri aşağı salsaydılar, o yaxşı olardı”.

Pensiyaçı Zərifə Səlimova pensiyaların sığorta hissəsinin 10 faiz artırılması xəbərinə heç sevinməyib. 21 yanvarda imzalanan sərəncamla pensiyaların məbləğindən asılı olaraq  sığorta hissəsi 5-10  manat artırılıb. Pensiyaçı deyir ki, bazardakı qiymətlər bu artımdan qat-qat çoxdur.

“Nə qədər artıb ki?!Heç olmasa, aldığımız pensiyanın yarısı qədər artsaydı, yenə sevinib deyərdim ki, bu artıb, nəsə məni qane edir. Pul az miqdarda qalxıbsa, onun nə xeyri oldu?! Qiymətlər ondan da çox artırılıb”.

Dövlət Statistika Komitəsi son bir ildə ərzaq məhsullarının 30 faizdən çox bahalaşdığını açıqlayıb. Müstəqil iqtisadçılar bu artımın 40 faizə yaxın olduğunu deyirlər. Zərifə Səlimova da hər pensiyasını alanda bəri başdan bazarlıq edir ki, ayın axırına çörəksiz qalmasın.

“Bax, (soyuducudan çıxardığı yağı göstərir)  kərə yağıdır. Bunu dekabrda 3 manat 5 qəpiyə almışdım, 2 gün əvvəl  3 manat 30 qəpiyə almışam. Yumurtanı 14, 15 qəpiyə alırdım, indi 19 qəpikdir. Elə olur ki, mən toyuq əti ilə də küftə,dolma bişirirəm, çünki ət bahadır. Əti bir dəfə ala bilərəm. Hər dəfə ala bilmirəm, çatdırmıram”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov artımın pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacağını deyib. O, ötən il respublikada istehlak qiymətlərinin 12,4%-lik indeksinin qeydə alındığını əsas götürərək 10 faizlik artım etdiklərini deyib.

“Başda oturan dövlət adamları var, onlar 200 manatla dolana bilər? Heç olmasa fəhləni də başa düşsünlər. Onlar dolanır, evləri, villaları, istədikləri hər şeyi ala bilirlər. Mən evimə adicə istilik qoya bilmirəm ki, pensiyaya baxıram. Bu ancaq güc-bəla ilə yeməyimə çatır, başqa heç nəyə çatmır”

64 yaşlı pensiyaçı qaz idarəsində 25 il operator işləyib. Hazırda 180 manat pensiya alır. O, bu pulu yemək, müalicə, kommunal xərclərə bölmək üçün hər dəfə “baş sındırdığını” deyir. Amma pensiyanın heç birinə çatmadığını əlavə edir.  O, 300 manat pensiya alarsa, dolana biləcəyini deyir.

“Gecələr yuxusuz qalıb otururdum. Növbətçi operator işləyirdim. Səhərə qədər millətə qulluq edirdim. O zəng edirdi qazımız yoxdur, bu zəng edirdi… Evlərdə çağırışlara gedirdim. Səhərə qədər oyaq otururdum ki, heç olmasa qocalanda normal bir pensiya alım ki, dolana bilim. Heç olmasa əynimizə bir paltar alaq, bir ayaqqabı ala bilək. Xəstə olanda bir dərmanımızı ala bilək. Həkimə gedirsən, həkim də pulladır. Heç cür çatmır”.

Ana səhifəMənim FikrimcəPensiyaçı : ”Sevinmədim, heç sevinmədim”