“Penitensiar xidmət faktiki olaraq işgəncələri etiraf edir”

“Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun mənə cavab məktubunda müqavimət göstərilməsi, özlərinə və ətrafdakı insanlara bədən xəsarətləri yetirilməsi “ehtimalı” ilə əlaqədar məhbuslara qarşı rezin dəyənəklərdən və qandallardan istifadə edildiyi təsdiq edilirdi”

Source:


“Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun mənə cavab məktubunda müqavimət göstərilməsi, özlərinə və ətrafdakı insanlara bədən xəsarətləri yetirilməsi “ehtimalı” ilə əlaqədar məhbuslara qarşı rezin dəyənəklərdən və qandallardan istifadə edildiyi təsdiq edilirdi”

Ötən il İşgəncələr əleyhinə Komitəyə 324 müraciət daxil olub. Şikayətlərin 112-si işgəncə, pis və qeyri-insani rəftarla bağlıdır, o cümlədən 3-ü azyaşlı uşaqlara və 13-ü qadınlara qarşı. SOCAR-ın Təhlükəsizlik Xidmətindən, məhkəmə icraçılarından və hətta icra hakimiyyəti işçilərindən də şikayətlər daxil olub. Bir il ərzində dörd nəfər saxlanma yerlərində işgəncələr nəticəsində dünyasını dəyişib.

Bu barədə yanvarın 9-da İşgəncələr əleyhinə Komitənin rəhbəri Elçin Behbudov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, komitə nümayəndələri əvvəlki kimi Penitensiar Xidmətin saxlanma yerlərinin monitorinqini aparmağa buraxılmır.

Eyni zamanda, Komitə müntəzəm olaraq MTN-in istintaq təcridxanasının, DİN-in müvəqqəti saxlanma təcridxanalarının, Müdafiə Nazirliyinin qauptvaxtalarının, Səhiyyə Nazirliyinin narkoloji dispanserinin, Təhsil Nazirliyinin xüsusi internatlarının monitorinqini aparır.

Komitənin tövsiyəsi əsasında təcridxanalarda məhbuslar üçün həkimlər tərəfindən doldurulan tibbi kartlar tətbiq edilib. Bu zaman yetkinlik yaşına çatmamış məhbuslar televizor və telefon rabitəsi ilə təmin ediliblər.

2014-cü ildə ordudan işgəncələrlə bağlı şikayətlər daxil olmayıb ki, bu da Müdafiə Nazirliyinin yeni rəhbərliyinin islahatları ilə izah olunur. Nəticədə nizamnamədənkənar münasibətlər yaranması üçün mövcud olan şərait ortadan qaldırılıb.

MTN-in istintaq təcridxanasındakı vəziyyətə toxunan Behbudov qeyd edib ki, təmirdən sonra orada televizorlar, isitmə və ventilyasiya sistemləri quraşdırılacaq.

Komitə həmçinin Miqrasiya Xidmətinin saxlanma yerində monitorinq imkanı əldə edib.

Behbudov şagirdlərə qarşı işgəncə faktından sonra 7 nömrəli xüsusi internatın bağlandığını bildirib.

Narkoloji dispanserdə və psixiatriya müəssisəsində ciddi nöqsanlar aşkar edilməyib, amma təmir işləri həyata keçirmək tövsiyə olunub.

Behbudov Penitensiar Xidmətdəki vəziyyətlə bağlı narahatlığını bildirib. Məhbusların doğmalarından buradakı vəziyyətlə bağlı şikayətlər daxil olur.

Behbudov Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanovun onun müraciətlərinə iki cavabını oxuyub. Onun məktublarında müqavimət göstərilməsi, özlərinə və ətrafdakı insanlara bədən xəsarətləri yetirilməsi “ehtimalı” ilə əlaqədar məhbuslara qarşı rezin dəyənəklərdən və qandallardan istifadə edildiyi təsdiq edilirdi.

“Bu, faktiki olaraq işgəncələrin etiraf olunmasıdır. Qanunvericilik sözügedən xüsusi vasitələrdən məhbusların qiyamı zamanı istifadəyə yol verir”, deyə Behbudov qeyd edib.

O, həmçinin 6 məhbusun doğmalarının müraciətini oxuyub. Onlar 14 saylı cəzaçəkmə müəssisəsində iğtişaşlardan sonra vərəm xəstələri üçün 3 saylı cəzaçəkmə müəssisəsinə köçürülüblər və karserə yerləşdiriliblər.

Doğmaları bildiriblər ki, məhbuslar Elşad Babayevin qətlinə etiraz etdiklərinə görə cəzalandırılıblar.

Mərhumun bacısı Simuzər Babayeva bildirib ki, nəzarətçilər onun qardaşından daim pul tələb edirdilər.

O təsdiq edib ki, qardaşı işgəncə ilə öldürülüb: dəyənəklə döyülüb və elektrik cərəyanı ilə işgəncə edilib.

Penitensiar Xidmətin rəisi Mədət Quliyev mərhumun bacısı ilə görüşdə ona deyib ki, məhbuslar arasında Elşadın düşmənləri ola bilərdi. Lakin Simuzər bu versiyanı təkzib edib, belə ki, qardaşını karserdə başqa məhbuslar öldürə bilməzdi və orada hər tərəfdə müşahidə kamerası var. Görüntülərin izlənilməsi həqiqəti asanlıqla müəyyən etməyə imkan verər.

S.Babayeva bildirib ki, qardaşının qətlinin araşdırılması və təqsirli şəxslərin cəzalandırılması üçün sonuna qədər mübarizə aparacaq.

Son illər işgəncələrdən şikayətlərin statistikası belədir: 2011-ci il – 136 müraciət, 2012-ci il – 141, 2013-cü il – 116.

Ana səhifəXəbərlər“Penitensiar xidmət faktiki olaraq işgəncələri etiraf edir”