Pəncərəmdən görə bilmədiyim ulduzlar

Hər şey onlarla mənim arama girib…

Source:

Yuxudan ağrı ilə oyanıram. Belimdəki ağrı artıq bir ildən çoxdur, narahat edir. Ağrılara öyrəncəliyəm illərdir.  Gözüm qıyıq, pəncərədən səmaya baxıram. Dan yeri sökülmək üzrədir. Səmada tək-tük ulduzlar gülümsəməyimə səbəb olur. Gözlərimi tam açıram. Ulduzları görmək çox zaman mənim qəlbimə xoş duyğu gətirir. Ağrı ikinci plana keçdi artıq. O qədər saatlarla uzanıb, səmadakı ulduzları izləmişəm ki… Ehh.. Hətta indi ulduzları düşünüb,  gözüm yaşarır. Sanki doğma birini görə bilmirsən. Ömür boyu öyrəşdiyin biri, indi səninlə çox gec-gec görüşür. Çox darıxıram onlar üçün.

İndi gecə də olsa, ulduzlar görünmür. Əslində, duyğulanmağıma səbəb yeniyetməlik və gənclik dövrümün xoş xatirələrinin indi məndən qismən uzaqlaşmağına görədir. İndi istədiyim kimi, istədiyim vaxt sərbəst uzanıb-durub o ulduzlara doyunca baxa bilmirəm. Havada bir sual uçuşur: “Guya çoxunun həyatı istədiyi kimidir?!”

Fiziki məhdudiyyətim yol vermir. Yatağım pəncərənin yanındadır. Bina evinin 6-cı mərtəbəsinin  verdiyi imkanı əlilliyi olan biri kimi, gözlərimlə acgözlüklə mənimsəyirəm. Quruluş elədir ki, birbaşa açıq balkona girməyə imkanım yoxdur. İki qat qalın pəncərələr, aynabəndin taxtalı-şüşəli pəncərələri səmadakı bənövşəyi-göy-qara rənglərin əhatəsində üzümə gülümsəyən ulduzlarla aramıza girməyə çalışır.

Açıq səmadan ulduzları izləmək tamam başqa aləmdir.  Ulduzlara baxanda, ordakı sivilizasiyaları təsəvvür etmək, susqun halda ağır-yüngül təlatümləri başından çıxarmaq necədən gözəl bir şeydir. Bir çox hallarda yaradılış, fəlsəfə və psixoloji anlayışları beynimdə analiz etməyim, təfəkkürə dalıb, öz yanlışlarıma görə özümü mühakimə etməyim o gözəlim ulduzlara baxanda olub. İnsanlardan bezəndə, sıxıntılarımı gözlərim nəmli, sakit emosiyalarla ulduzlara pıçıldamışam. İndi səma tam görünmür. Qarşımızdakı bina, şam ağacı, pəncərənin çərçivələri mane olur.  Olanlarla yetinirəm, neyləmək olar?!

Sovetin vaxtında inşa edilmiş binalarda əlilliyi olan biri üçün çox geniş imkanlar yoxdu. Buna rəğmən, səma qədər geniş duyğu və hisslərim məni üzülməyə qoymur. Yaşayıram. Bu həyatı sevirəm. İndi bu fikirlərin əhatəsindən bir az ayılıram. Çünki ulduz qaydı göydə. Oyy.. Nəcə valehedici bir şeydi bu. Belə bir inanc da var ki, ulduz qayanda ürəyində bir arzu diləsən, o reallaşar. Qəlbimdən ədalətli cəmiyyətdə yaşamaq arzusunu keçirdim. Ədalətli deyil ki, əlilliyimin yaratdığı normal, fiziki məhdudiyyətlərdən savayı, süni şəkildə yaradılmış bu qədər məhrumiyyət və məhdudiyyətlərlə qarşılaşıram.  Arzumun yerinə yetəcəyinə ürəkdən inanıram!

Gözlərim məchul nöqtədə cəmləşib indi. Sıxıntılar qəlbimi bürüyür. İndini, keçmişi və gələcəyimi düşünürəm. Yox, mən gözəllikləri görürəm axı. Sıxıntılara qətiyyən qəlbimdə yer yox. Qovuram onları. Gözəlim ulduzlar kimi işıqlı üfüqlər saçılacaq həyat yoluma. Gözəl günlər görəcəm. Səhər açılır yavaş-yavaş. Ulduzlar qeyb olur. Bir az üzüntü dolur qəlbimə. Hələ hamısı itməyib. Bir-neçəsi üzümə gülümsəyir uzaqdan və deyirlər “Üzülmə.. Biz səni görür və sevirik, yenə görüşəcik”…

Bir anlıq sanki səmaya qalxır ruhum. İti sürətlə ulduzlara tərəf uçur. Üzüm yenə gülümsəyir. Gülümsəmək xoş əhval verir mənə. Ruhum dincəlir. Ağrım indi çox da vecimə deyil. Yavaş səslə “Görüşəciyik, əzizlərim” ifadəsini bir neçə dəfə təkrar edirəm. Hava tam açılır. Uzaqdan xoruz banını duyuram. Daha o qədər də üzülmürəm. Görüşəciyik yenə ulduzlarımla, bilirəm.

Həyat davam edir. Bizimki də belə gətirdi. Bunu naşükürlük kimi qiymətləndirməyin. Çox ağır durum və şəraitdə olanlar var. Bəli, bu təsəllidir. Düşünürəm, təsəllisiz yaşamaq ağır olar. Bəzən bu cür təsəllilər olmasa yəqin ki, dəli olaram. Bunlar çevrəmə və mənə ziyansız təsəllilər. Çünki onlardan heç kimə danışmıram və kiməsə də banal hal almış təsəllilər verməyə çalışmıram. Kimsədən təsəlli almağı da heç sevmirəm. Amma alışmışam belə şeylərə. Mən nikbinlik dəryasına baş vurmuşam. Bu sərhədsiz və gözəl dəryada üzməkdən çıxmaq fikrim yoxdur da. Açıq səmadakı ulduzlar qədər sevgi arzulayıram sizə. Sevgilər…

Ana səhifəMənim FikrimcəPəncərəmdən görə bilmədiyim ulduzlar