Pənah Hüseyn: Rusiya qoşunlarını Azərbaycandan Əbülfəz Elçibəy çıxarıb

”Bu hadisə birmənalı şəkildə onun adı ilə bağlıdır”

Pənah Hüseyn, Foto: Meydan TV
Pənah Hüseyn
Pənah Hüseyn


”Bu hadisə birmənalı şəkildə onun adı ilə bağlıdır”

Sosial şəbəkələrdə “rus qoşunlarının Azərbaycandan çıxarılmasının səbəbkarı Əbülfəz Elçibəy deyil, Rəhim Qazıyevdir” kimi məlumatlar yayılıb. Məlumatı yayanlar iyunun 15- də Məhəmməd Hatəminin yaz mərasimində Rəhim Qazıyevin bu iddianı təsdiq edən rəsmi sənədlər göstərdiyini bildirirlər.

Ə.Elçibəyin prezidentliyi dönəmində Baş nazir olmuş Pənah Hüseyn Meydan TV-yə açıqlamasında məsələyə münasibət bildirib:

“Ümumi şəkildə yanaşılsa, istənilən ölkədə xarici dövlətin hərbi mövcudluğu məsələləri dövlətin səlahiyyətli orqanlarının müəyyən etdiyi strateji kurs, doktrina, siyasi qərarlar, və nəhayət, hüquq- müqavilə sənədləri ilə həll edilir. Konkret halda bu idarəçilik modelindən asılı olaraq dövlət başçısının, hökumətin qərarları və parlamentlərin ratifikasiyasını nəzərdə tutur. Məsələnin texniki tərəfi isə təbiidir ki, ayrı- ayrı sahələr üzrə məsul olan aidiyyati idarələr və məmurlar tərəfindən icra olunur. Bununla bağlı onlar tərəfindən danışıqlar, müzakirələr, razılaşdırmalar aparılır, texniki – təşkilati işlər görülür, digər hərəkətlər edilir, sənədlər, aktlar tərtib edilib, verilmiş səlahiyyətli şəxs statusunda imzalar atılır və s.

Ayaz Mütəllibovun dövründə keçmiş SSRİ-dən qalma hərbi hissələrlə bağlı bu proses, ümumiyyətlə, başlamamışdı və o, özü də dəfələrlə bəyan edib ki, prinsipcə Rusiya qoşunlarının Azərbaycanda qalmasının tərəfdarı olub, Xalq Cəbhəsinin bu barədəki mövqeyini doğru hesab etməyib. Azərbaycandan Rusiya qoşunlarının çıxarılması AXC hakimiyyəti dövründə, Əbülfəz Elçibəyin prezidentliyi dönəmində başlanıb və 25 may 1993-cü ildə yenə onun prezidentliyi dönəmində, keçmiş SSRİ və Avropa məkanında ilk olaraq başa çatıb. Odur ki, heç şübhəsiz yeni dövr tarixinin ən mühüm hadisələrindən biri olan bu məsələnin, Prezident tərəfindən müəyyən edilib ifadə olunan və həyata keçirilən bu olayın Əbülfəz Elçibəyin adı ilə bağlı olması təmamilə təbii, haqlı və ədalətlidir. Bu proseslə bağlı müdafiə naziri kimi Rəhim Qazıyevin, yaxud bir başqasının hansısa bu və ya digər sənəddə imzasının olması “rus qoşunlarını Azərbaycandan mən çıxarmışam” iddiasına əsas verə bilməz. Məsələn, Azərbaycanı axırıncı rus əsgərinin tərk etdiyi gün – 25 may 1993- il tarixində Gəncə və Şəmkirdə dislokasiya edilən 104-cü hava – desant dviziyasının çıxarılması hesab edilir. Bu diviziyanın çıxarılması ilə bağlı icra xarakterli işlərə aid təhvil-təslim aktlarında və digər sənədlərdə həmin dviziyanın komandanlığı ilə Azərbaycanın o vaxtkı müdafiə naziri Dadaş Rzayevin və AMN rəhbərliyinə daxil olan digərlərinin imzaları var, konkret işlər onun tərəfindən aparılıb. İndi Dadaş Rzayev bunu əsas göstərib iddia etsin ki, rus qoşunlarını Azərbaycandan o çıxarıb? Bu nədirsə, Rəhim Qazıyevin iddiası da, -əgər o həqiqətən belə iddia ilə çıxış edirsə – o cür işdir”.

Pənah Hüseyn deyir ki, məsələnin konkret tərəflərinə, təfərrüatlarına gəldikdə, hələ SSRİ dövründə – 1990-cı ilin 19 noyabrında, NATO və Varşava Müqaviləsi Təşkilatı ölkələri arasında bağlanmış Paris müqaviləsinə görə, SSRİ- nin biri də Zaqafqaziya olmaqla 4 zonası uzrə adi silahlı qüvvələrin kvotaları müəyyən edilmişdi və bu kvotadan artıq silahların ixtisarı, həmin zonalardan çıxarılması nəzərdə tutulmuşdu: “Bu istiqamətdə işlər aparılırdı. SSRİ dağıldıqdan sonra bu məsələ yeni şəkildə meydana çıxdı və 1992-ci il, mayın 15-də Daşkənddə MDB – yə daxil olan ölkələrin dövlət başçıları və nümayəndələrinin toplantısında yuxarıda adı çəkilən müqavilənin yerinə yetirilməsi prinsipləri və qaydaları haqqında Saziş imzalandı. Həmin Sazişə görə, Zaqafqaziya dövlətləri olaraq Azərbaycan, Ermənistan və Gürcüstan üçün bərabər kvotalar müəyyən edildi. Kvotaya görə, hər bir respublika bərabər sayda, 220 tank, 220 BMP, 285 artilleriya sistemi, 100 döyüş təyyarəsi, 50 döyuş vertolyotuna malik ola bilərdi. Azərbaycanın MDB-nin üzvü olmasına baxmayaraq, orda hansı səlahiyyət və qisimdə iştirak etməsi indi də tam aydın deyil və sənəd o vaxtkı müdafiə naziri Rəhim Qazıyev tərəfindən imzalanmışdı. Sonradan bu saziş Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya edilmədi. Ratifikasiya əleyhinə əsaslardan biri də bundan ibarət idi ki, Saziş Azərbacanın ddövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 7- ci maddəsinə ziddır . Belə ki, həmin akta görə Azərbaycan Respublikası ərazisindəki keçmiş SSRİ- yə məxsus bütün, o cümlədən hərbi mülkiyyət Azərbaycanın səlahiyyətinə keçirdi və yalnız beynəlxalq müqavilələr əsasında SSRİ məkanında yaranmış digər dövlətlərə verilə bilərdi. Lakin bu saziş əsasında müəyyən olunmuş kvota xarici silahların Azərbaycanda digər dövlətin, konkret olaraq Rusiya Federasiyasının kvotasına aid hesab olunmağa imkan yaradırdı və nəticədə bir sıra hərbi hissələr Konstitusiya Aktına görə Azərbaycana məxsus silahla birlikdə ölkəni ya tərk etməli, ya da Rusiya kvotası daxilində, onun hərbi hissəsi kimi qala bilərdi. 104-cü diviziya Rusiya Silahlı Qüvvələrinin hərbi birləşməsi kimi Azərbaycan ərazisində qaldı. Eyni situasiya Xəzər hərbi donanmasına münasibətdə də yarandı. Müstəqillik haqqında Konstitusiya Aktına görə, Bakı hərbi limanına bağlı bütün gəmilər Azərbaycanın mülkiyyətinə keçməli idi. Lakin 30 faiz payla kifayətlənməli olduq. həm də ən müasir və döyüş qabiliyyətli gəmilər Rusiya Federasiyasına verildi. Rusiya 19 mart 1992- ci il tarixli 260 saylı Prezident Fərmanı ilə Zaqafqaziya hərbi dairəsindəki hərbi birləşmələri və Xəzər hərbi donanamasının üzərində öz müvəqqəti yurisdiksiyasını elan etməsinə baxmayaraq, bu addım birtərəflə olduğuna görə Azərbaycan tərəfindən tanına bilməzdi. Digər tərəfdən. bu yurisdiksiyanın müvəqqəti olması regiondakı qeyri-stabillik, hərbi qulluqçuların həyatı üçün təhdidlər, dövlətlərarası və millətlərarası münaqişələrin mövcudluğu ilə əsaslandırılırdı ki, bunlar da problemi müzakirə üçün açıq saxlayırdı. İstər 1990-cı ildəki Paris müqaviləsi, istərsə də 1991-ci ilin dekabrında SSRİ- nin ləğvindən sonra Rusiya Federasiyası və digər postsovet ölkələri, habelə MDB hüquq –müqavilə bazası və praktikası məcbur etmirdi ki, Azərbaycan tərəfi qeyd-şərtsiz onun üçün açıq-aşkar əlverişli olmayan Daşkənd sazişini imzalasın. Yeri gəlmişkən. Rusiya Federasiyasının Silahlı Qüvvələri də rəsmən yalnız 7 may 1992- ci ildə Rusiya prezidenti B.Yeltsenin 466 nömrəli Fərmanı ilə elan edildi. Həmin tarixə qədər digər respublikalarda və o cümlədən Azərbaycanda SSRİ dövründən qalan hərbi hissələr formal – hüququ baxımdan MDB Birləşmiş Silahlı Qüvvələri adı altında saxlanırdı və yeni müstəqil dövlətlərin,o cümlədən Rusiyanın milli orduları, silahlı qüvvələri tərkibinə daxil deyildi. Yəni Azərbaycanda Rusiya qoşunlarının mövcudluğu, qalması və ya çıxarılması problemi hüqiqi cəhətdən 15 may 1992- ci tarixdən meydana çıxıb”.

Keçmiş Baş nazir deyir ki, 1992- ci ilin may- iyunundan sonra Avropada adi silahlı qüvvələr haqqında müqavilənin yerinə yetirilməsi çərçivəsində keçmiş SSRİ-nin Azərbaycanda yerləşən hərbi hissələrinin bir hissəsinin Azərbaycan Milli Ordusuna təhvil verilməsi və Azərbaycan Milli Ordusunda xidmət etmək istəməyən şəxsi heyətin ölkədən çıxması prosesi vüsət alır ki, bu proses Azərbaycanı tərk edən hissələrin kvotaya daxil olmayan silahlar, digər hərbi sursat və əmlakı özləri birlikdə aparmaq çəhdləri ilə müşühidə edilir: “Prinsipcə bu proses Azərbaycanın MDB-yə onun Kollektiv Təhlükəsizlik Təşkilatına, daha sonra 1992-ci ilin iyununda “münaqişəli” zonalara MDB sülhməramlılarının yerləşdirilməsi, xarici sərhədlərin birgə qorunması, yəni Rusiya ilə birlikdə qorunması haqqındakı sazişlərə qoşulmaqla başqa bir məzmun kəsb edib, başqa istiqamət ala bilərdi və Rusiya tərəfdən təkidlə belə müraciətlər, təkliflər edilirdi. Lakin Azərbaycan Prezidentinin bu məsələlərdə qəti və dəyişməz mövqeyi onunla nəticələndi ki, Zaqafqaziya hərbi dairəsinə daxil olan 4-cü ordusuna məxsus Şəmkirdəki 23- cü , Bakıdakı 295- ci, Lənkərandakı 6-cı dviziyalar (və ya onlardan nə qalmışdısa, çünki bir sıra silah-sursatın çıxarılması və tərkisilah tədbirləri xeyli əvvəldən aparılırdı) və digər hərbi hissələr Azərbaycan ordusuna təhvil verildi və ya ləğv edildi. Lakin bundan sonra da Gəncə və Şəmkirdə dislokasiya edilən və o dövrdə keçmiş SSRİ ərazisində ən döyüş qabiliyyətli hava – desant birləşməsi hesab edilən 104- cü dviziya Azərbaycan ərazisində qalmaqda davam edirdi. Rusiya rəhbərliyi, Rusiya Müdafiə Nazirliyi Azərbaycanda yeganə məhz bu diviziyanın hərbi baza statusunda qalmasında təkid etmişdi və faktiki olaraq Azərbaycandan Rusiya qoşunlarının çıxarılması deyərkən 104-cü diviziyanın çıxarılması başa düşülür. 104-cü diviziyanın Azərbaycandan çıxarılması məsələsi isə birmənalı şəkildə prezident Əbülfəz Elçibəyin təkidi nəticəsində baş vermişdi. Belə ki, Rusiya Müdafiə Nazirliyi 104-ün Azərbaycanda qalması şəraitində, müvəqqəti çağırış heyətinin Azərbaycan vətəndaşları hesabına həyata keçiriləcəyi, milli hərbi desant kadrlarının hazırlanmasında kömək olacağı, birgə təlimlər, silah təchizatı və s. cəlbedici təkliflər verirdi. Buna və digər mülahizələrə görə. bu gün məsuliyyətlə bildirirəm ki, həm Azərbaycan Müdafiə Nazirliyi, həm də siyasi rəhbərliyə daxil olan şəxslər arasında 104-ün Azərbaycandan dərhal çıxarılmasına münasibət birmənalı deyildi, tərəddüdlər vardı və məsələni şəxsən prezident Elçibəyin mövqeyinin dəyişməz qalması həll etdi. Odur ki, Rusiya qoşunlarını Azərbaycandan Əbülfəz Elçibəy çıxarıb, həm siyasi mənada, həm də konkret xüsusi mənada tam həqiqətdir və bu hadisə birmənalı şəkildə onun adı ilə bağlıdır”.

Ana səhifəXəbərlərPənah Hüseyn: Rusiya qoşunlarını Azərbaycandan Əbülfəz Elçibəy çıxarıb