Paşinyan: Şuşanın qaytarılmasına razılaşsaydım, Azərbaycan yeni şərt qoyacaqdı

“Putin bildirdi ki, məsələni səhərə qədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək, sonra onunla danışacaq”.

Nikol Paşinyan. Foto: Meydan TV


"Mən arqumentlərimi gətirəndə Putin dedi ki, məntiqlidir"

“2011-ci ildə Ermənistan Qarabağın statusu ilə bağlı referendum müqabilində 7 bölgəni təhvil verməyə hazır idi. Ancaq Azərbaycan bununla razılaşmadı və yeni tələblər irəli sürdü”.

Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində belə yazıb.

O, bunları sübut edən materialların olduğunu da bildirib.

Deyib ki, Azərbaycan Qarabağın statusu məsələsini ümumiyyətlə, gündəmdən çıxarmağı tələb edirdi: “Bildirirdi ki, Laçın dəhlizi xüsusi statusa malik olmamalıdır. Yeri gəlmişkən, Şuşanın da Azərbaycanda qalmaq məsələsi yeni deyil. 2007-ci ildə "Madrid prinsipləri"ndə nəzərdə tutulmuşdu ki, Şuşada yaşayış 1988-ci ildəki kimi olsun. Yəni həmin vaxt Şuşa əhalisi hansı nisbətdə idisə yenə elə olsun”.

Paşinyan bildirir ki, hazırda məsələ 2007-ci ildə erməni tərəfinin danışıqlar üçün əsas kimi qəbul etdiyi "Madrid prinsipləri" ilə də həll olunur: “Açıq şəkildə bildirilir ki, Dağlıq Qarabağ əhalisi 1988-ci ildəki kimi olmalıdır. Başqa sözlə, Şuşa əhalisinin 90 faizi azərbaycanlılar olmalıdır”.

Paşinyan Dağlıq Qarabağda müharibəni dayandırmaq prosesindən də söz açıb.

Onun sözlərinə görə, Qarabağ separatçılarının lideri Araik Arutyunyan oktyabrın 19-da ona müharibəni dayandırmağın vacibliyini deyib: “Bildirdi ki, bu, təkcə özünün deyil, Qarabağın əvvəlki prezidentləri Arkadi Qukasyan, Bako Saakyan, eləcə də Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sakisyan və Levon Ter-Petrosyanın da istəyidir”.

Paşinyan deyib ki, bundan sonra o, Rusiya Prezidenti Vladimir Putinlə danışıb, ona vəziyyət barədə məlumat verib: “Putin dedi ki, bu, Rusiyanın təkliflərinin məntiqi əsasında edilməlidir. Yəni status məsələsini təxirə salmaq, rayonları təhvil vermək və rus sülhməramlılarını yerləşdirmək. Danışdıq ki, mən bir də müzakirələrdən sonra zəng edim”.

Nokil Paşinyan bildirib ki, sonra o, Araik Arutyunyana zəng edib. Putinlə danışdığını və mümkün variantın nə olduğunu izah edib: “O, təklifə razılaşdı. Sonra parlamentdən kənar qüvvələrə də bu haqda informasiya verib, daha sonra Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda parlament fraksiyalarının təmsilçiləri, prezident, katolikos da iştirak edib. Müxalifətçilər xəbəri narazılıqla qarşılayıb. Mən dedim ki, onların üzərinə hansısa məsuliyyət qoymaq istəmirəm. Sadəcə, onlara informasiya verirəm ki, elə çıxmasın, nəyisə gizli, xalqın arxasından edirəm”.

Nikol Paşinyan deyir ki, bundan sonra Vladimir Putinə zəng edərək onunla razı olduğunu söyləyib: “Putin bildirdi ki, məsələni səhərə qədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edəcək, sonra onunla danışacaq”.

Paşinyanın dediyinə görə, bundan bir gün sonra Bako Saakyan və Arkadi Qukasyan onunla görüşdə bəyan ediblər ki, Qarabağın statusu dəqiqləşmədən, yaxud dəqiqləşdirmə mexanizmi olmadan hansısa sazişə razı deyillər: “Bu artıq mənə vacib deyildi. Çünki qərar vermişdim və işi başa çatdırmaq fikrindəydim”.

Paşinyanın sözlərinə görə, növbəti gün Rusiya Prezidenti ona zəng edib və İlham Əliyevin razılığını aldığını söyləyib.

Bildirib ki, əsas şərt sülhməramlılarla bağlıdır. Onları Dağlıq Qarabağ sərhədi boyunca deyil, faktiki təmas xətti boyunca yerləşdirmək istəyir: “Çünki Hadrut və Talış artıq Azərbaycanın nəzarətində idi. Bundan əlavə, Ermənistan tərəfi azərbaycanlıların Şuşaya qayıtması öhdəliyi də götürməlidir. Buna görə də atəşkəs alınmadı. Dedim, Hadrut məsələsində razılaşsam belə, Şuşanın Azərbaycana verilməsini təsəvvür etmirəm. Rusiya prezidenti azərbaycanlıların Şuşaya qayıtmasına qarşı çıxmağıma təəccübləndi. Mən arqumentlərimi gətirəndə o dedi ki, məntiqlidir. O, bəzi nüansları bilməyib. Problem ondaydı ki, Şuşada əhalinin 90 faizi azərbaycanlılardan ibarət olacaqdı. Ən pisi, Stepanakertə (Xankəndi) gedən yola nəzarət olunacaqdı”, – Paşinyan belə yazıb.

Paşinyan deyib ki, o, əmin idi, Şuşanı təhvil verməyə razılıq versəydi, Azərbaycan bu dəfə qarşısına yeni bir şərt qoyacaqdı: “Bu da Qırmızı Bazar-Şuşa magistral yoluna nəzarət etmək istəyi olacaqdı. Beləliklə, mən razılığa gəlmədim. O zaman artıq Cəbrayıl, Füzuli şəhərləri, Hadrut qəsəbəsi və bir neçə kəndi itirmişdik. Və daha öncə razılığa gəlinən iki atəşkəs də işə yaramamışdı (10 və 17 oktyabr atəşkəsləri)".

Paşinyan vurğulayıb ki, oktyabrın 20-də Qarabağ separatçılarının ikinci və üçüncü rəhbəri Arkadi Qukasyan və Bako Saakyan Ermənistan və Artsaxın hazırkı və keçmiş liderlərinin görüşünün təşkil edilməsini təklif ediblər: “Bir az müzakirə etdikdən sonra razılaşdım. Arkadi Qukasyan və Bako Saakyan görüşümüzdə fikrə bir incəlik əlavə olunduğunu söylədilər. “Levon Ter-Petrosyan və Robert Köçəryan Moskvaya getmək, orada yüksək səviyyəli görüşlər keçirmək istəyirlər və görüşümüz geri qayıtdıqdan sonra təşkil ediləcək”, – dedilər. Bir növ məlumat toplayacaq, vəziyyətin daha məlumatlı müzakirəsini təşkil edəcəkdilər”.

Paşinyan fikrə qarşı olmadığını deyib. Hətta onlara dövlət təyyarəsi təyin edəcəyini söyləyib: “Onlar Rusiya Prezidenti Vladimir Putinlə görüşlərinə vasitəçilik etməyimin lazım olduğunu söylədilər. Dedim, Rusiya prezidenti ilə daim əlaqə saxlayıram. Bəzi günlər beş-altı dəfə… İndi məndən soruşsa ki, mənə birbaşa deyə bilmədiyiniz və xüsusi elçilər vasitəsi ilə bildirmək istədiyiniz nədir? – nə deyim? Başqa bir seçim təklif etdim. Ter-Petrosyan və Köçəryan keçmiş prezidentlər olaraq Moskvaya rəsmi səfər edəcəklər və burada həm Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini olan keçmiş Rusiya Prezidenti Dmitri Medvedevin qonağı olacaqlar. Arkady Ghukasyan və Bako Saakyan, Ter-Petrosyan və Köçəryanla bu variantı müzakirə edəcəyini vəd edərək getdilər. Təklif etdiyim versiyanın Köçəryan üçün maraqlı olmadığı ortaya çıxdı. Bako Saakyan gözlənilmədən mənə Ter-Petrosyan və Köçəryanın Sergey Lavrovla görüşmək barədə razılığa gəldiklərini bildirdi”.

Paşinyan deyir ki, gedə bilməsi üçün işi məhkəmədə olan Köçəryanın pasportunun özünə verilməsini tapşırıb. Məhkəmə pasportu qaytarıb. Ancaq Ter-Petrosyan və Köçəryan Moskvaya getməyiblər. Həmin vaxt Köçəryanın koronavirus testinin pozitiv çıxdığı və buna görə Moskvaya getməsinin mümkün olmadığı açıqlanmışdı.

Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.

44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqladı.

Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatı yayılıb.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Həmin sənədə münasibət bildirən Prezident İlham Əliyev bildirmişdi ki, burada Dağlıq Qarabağa hər hansı status verilməsindən söhbət gedə bilməz. O, statusun rədd olduğunu, cəhənnəmə getdiyini bildirmişdi: “Mən Prezident olduğum müddətdə də belə bir statusun olmasından söhbət belə gedə bilməz”.

Prezident statusun olmayacağını söyləsə də, həmin ərazilərin hansı dövlətin nəzarəti altında olacağı barədə də heç nə deməyib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəSiyasətPaşinyan: Şuşanın qaytarılmasına razılaşsaydım, Azərbaycan yeni şərt qoyacaqdı