Paşinyan Qarabağdan olan qaçqınların geri qayıdışı məsələsini sülh prosesinə təhlükə sayır

Paşinyan. Foto: Baş nazirin səhifəsi

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, Qarabağdan olan məcburi köçkünlər Ermənistan Respublikası ərazisində yerləşdirilməlidir.

Bunu o, Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı deyib.

Ermənistanla Azərbaycan arasında münaqişə hələ 1988-ci ildə başlayıb.

2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi olub. Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar.

Onun sözlərinə görə, bu proses Ermənistan hökumətinin və beynəlxalq ictimaiyyətin dəstəyi ilə həyata keçirilməlidir.

Paşinyan bildirib ki, məcburi köçkünlərin mənzillə təmin olunması proqramı artıq başlayıb:

“Proqram çətinliklə irəliləyir, amma əminəm ki, daha səmərəli işləyəcək”.

Paşinyan Qarabağdan köçkün düşmüş ermənilərin gələcəyini məhz Ermənistan Respublikasının vətəndaşları olaraq gördüyünü açıq şəkildə bəyan edib:

“Onların Qarabağa qayıdışını real hesab etmirəm və bunu səmimi şəkildə onlara demək istəyirəm. İnsanlar gələcəklərini planlaşdırmalıdır”.

Baş nazir əlavə edib ki, ümumilikdə məcburi köçkünlərin geri qayıdışı məsələsi sülh prosesinə təhlükə yaradır:

“Çünki münaqişələr, o cümlədən Qarabağ münaqişəsi də humanitar məsələlərdən başlayaraq illərlə davam edən qarşıdurmaya çevrilib”.

Ana səhifəSiyasətPaşinyan Qarabağdan olan qaçqınların geri qayıdışı məsələsini sülh prosesinə təhlükə sayır