“Ermənistanın mövqeyi millətçi deyil, çünkü Dağlıq Qarabağ erməniləri mövcud təhlükə altındadır”
Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Dağlıq Qarabağda “real sülh” imkanları Azərbaycandan asılıdır.
“Sülh sadəcə Ermənistanın birtərəfli cəhdləri ilə əldə edilə bilməz”,- Paşinyan cümə günü BBC Hard Talk-a verdiyi müsahibədə qeyd edib.
Baş nazir əlavə edib ki, Azərbaycan Ermənistanın səylərinə qarşılıqlı cavab verərsə, bölgəyə sülh gələ bilər.
“Baş nazir olandan sonra sülh üçün yeni bir plan təklif etdim: Dağlıq Qarabağ münaqişəsinin istənilən həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Mən ilk erməni lideriyəm ki, “həll yolu azərbaycanlılar üçün məqbul olmalıdır” demişəm. Təəssüf ki, Azərbaycan Prezidenti mənim təklifimə cavab vermədi”,- Paşinyan deyib.
Jurnalist Stiven Sakurun (Stephen Sackur) “iyul ayında baş verənlər sizin qarşıya qoyduğunu sülh planlarıyla üst-üstə düşmür” qeydlərinə cavab olaraq Paşinyan iyul qarşıdurmasının Azərbaycan tərəfindən başladıldığını qeyd edib.
İyulun 12-də iki ölkə arasındakı sərhəddə toqquşma baş verib. Hər iki tərəf silahlı qarşıdurmanın başlanmasında bir-birini günahlandırır. Qarşıdurmada 17 nəfərin, biri sıravi vətəndaş olmaqla, həlak olduğu bildirilir.
“Uzun müddətdir ki, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsini hərbi güc tətbiq etməklə həll edəcəyini söyləyir. Bu azğın ritorikanın nəticəsi olaraq Azərbaycan hökuməti öz cəmiyyətinə münaqişəni güc yolu ilə niyə həll edə bilmədiyini izah etmək çətinliyilə üz-üzə qalır”,- Paşinyan bildirib.
Sakurun “keçən il Avqust ayında Dağlıq Qarabağda çıxış edərək “Artsax Ermənistandır. Nöqtə” deməklə Ermənistan və Dağlıq Qarabağ ermənilərini milli birliyə çağıraraq təxribatçı bəyanatlar vermisiniz” qeydlərinə Baş nazir deyib: “Reallıq budur ki, münaqişə başlayanda əhalinin 80-90 faizi erməni idi və Azərbaycan ermənilərin torpaqlarını təmizləməyə çalışırdı. Münaqişə bu andan başlayıb”.
Paşinyanın 2019-cu ilin avqust bəyanatından iki ay sonra Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putinin də iştirak etdiyi Rusiyanın Valday konfransında söylədiyi nitqini sona çatdırarkən “Qarabağ Azərbaycandır – nida!” demişdi.
Paşinyan əlavə edib: “Ermənistanın mövqeyi millətçi deyil, çünkü Dağlıq Qarabağ erməniləri mövcud təhlükə altındadır”.
“Azərbaycana təklif etdiyimiz şey güc tətbiq etmək imkanından imtina etməkdir. Çox sadə bir formula ilə razılaşmalıyıq: Qarabağ münaqişəsinin hərbi həlli yoxdur”,- deyə Paşinyan bildirib.