Baş nazir deyib ki, bu addımlar Ermənistanın təhlükəsizliyinə təhdid yaradır
Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağı tərk edənlərin bəyanatlarına reaksiya verib.
Martın 28-də hökumətin iclasında danışan Baş nazir bildirib ki, Qarabağı tərk edən bəzi dairələr Ermənistanın milli təhlükəsizliyinə təhdid yaradan hərəkətlər edirlər:
“Mühacirətdə hökumət elan edir və s. addımlar atırlar. Ermənistan mühacirətdə olan belə bir “hökuməti” tanımır”.
“Mən çox aydın şəkildə bildirmək istəyirəm ki, Ermənistanda hökumət var və bu hökumət bu salonda oturur. Ermənistan Respublikasında Ermənistan hökumətindən başqa heç bir hökumət mövcud ola bilməz. Bu cür məsələlər xarici qüvvələrdən bəzi dairələr tərəfindən Ermənistanın təhlükəsizliyinə təhdid yaratmaq üçün istifadə olunmasın”, – deyə Paşinyan çıxışını yekunlaşdırıb.
“Azadlıq” radiosunun erməni bürosu yazır ki, Baş nazir bu bəyanatla Samvel Şahramanyanın Fransanın “Le Figaro” qəzetinə müsahibəsinə reaksiya verib.
S.Şahramanyan müsahibəsində demişdi ki, Yerevanda “Artsax”ın “prezident, məhkəmə və qanunvericilik orqanları”nın ofisləri var:
“Parlament üzvləri səs vermək üçün buraya toplaşa bilərlər. 2023-cü ilin oktyabrında mən fərman imzaladım ki, bütün hökumət nazirləri könüllü olaraq öz vəzifələrində qalırlar”.
Münaqişənin qısa tarixçəsi
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.
Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.
Sentyabrın 28-də isə separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
2023-cü il oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndidəki çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.
Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.