Paşinyan danışıqları Sarkisyanın nöqtə qoyduğu yerdən aparmadığını deyib

Azər Qasımlı: “Ermənistan mediasında əvvəlki hakimiyyətin apardığı danışıqların effektiv olmadığı vurğulanır”

Source: Meydan TV


Azər Qasımlı: “Ermənistan mediasında əvvəlki hakimiyyətin apardığı danışıqların effektiv olmadığı vurğulanır”

“Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqları Serj Sarkisyanın nöqtə qoyduğu yerdən deyil, öz hesabımla aparıram. Bu, çox vacib nüansdır”.

Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Bu barədə

“Newsarmenia”

məlumat yayıb.

Baş nazir danışıqların S.Sarkisyanın dayandığı yerdən davam etdirilməsi barədə məlumatların çaşqınlıq yaratdığını vurğulayıb və Prezident İlham Əliyevlə Vyana görüşünün səmərəliliyinə toxunaraq deyib::

“Qarabağ münaqişəsi tənzimlənməyibsə, deməli danışıqların heç biri səmərəli deyil. Bununla belə, ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqların konstruktiv və müsbət atmosferdə keçdiyini bildirirlər. Biz bu mətni razılaşdırmışdıq”.

ReAL Partiyasının Məclis sədri Azər Qasımlı xatırladıb ki, Ermənistan mediasında əvvəlki hakimiyyətin apardığı danışıqların effektiv olmadığı tez-tez vurğulanır.

“Əsas hədəf ondan ibarətdir ki, əvvəlki hakimiyyət Dağlıq Qarabağı danışıqlar prosesinə tərəf kimi daxil edə bilməyiblər. Baş nazir Paşinyan da hakimiyyətə gələndən sonra bu məqamı ciddi şəkildə qeyd edirdi. İkinci məsələ 2016-cı ilin aprel döyüşlərindən sonra Vyanada görüşlərdə guya razılaşma olmuşdu ki, təmas xəttində qurğular yerləşdiriləcək və daimi monitorinq olacaq. Hətta Bakı da bununla razılaşmışdı. Amma əvvəlki prezident Sarkisyan bunları yerinə yetirə bilmədi və sanki Bakının mövqeyi ilə razılaşmalı oldu. Nəticədə Ermənistan aprel döyüşlərinə açıq qaldı. Əslində, Baş nazir Paşinyan bunları demək istəyir”.

Siyasi icmalçı İlqar Vəlizadə hesab edir ki, Nikol Paşinyan Ermənistanın əvvəlki hakimiyyətinin xarici siyasət kursunu davam etdirir və danışıqlar prosesində də bu yol müəyyən olunub.

“Amma bu o demək deyil ki, Paşinyan Sarkisyanın kursunu olduğu kimi davam etdirəcək, müxtəlif variantlar və interpretasiyalar var. Ola bilər ki, real mövqedə dəyişikliklər etməyəcək, ancaq interpretasiyaya yol verə bilər. Hər halda formatın dəyişdirilməsi kimi təkliflərlə bu interpretasiyalar mövcuddur”.

İlqar Vəlizadənin sözlərinə görə, danışıqlar prosesi Ermənistanın xeyrinə getməsə, onda onlar onu uzadacaqlar, həmin mövqelərini davam etdirəcəklər.

Ana səhifəXəbərlərPaşinyan danışıqları Sarkisyanın nöqtə qoyduğu yerdən aparmadığını deyib