Paşinyan: “Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi danışıqlar başlanmalıdır”

Nikol Paşinyan. Foto: Meydan TV

Baş nazir deyib ki, vəziyyəti çıxılmaz dalana salan siyasi bəyanatlardan çəkinmək lazımdır

“Dağlıq Qarabağ hakimiyyəti konstruktiv danışıqları pozmaqda ittihamlara əsas verməməlidir”.

Bu açıqlamanı yanvarın 12-də hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan səsləndirib.

Baş nazir bildirib ki, Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi danışıqlar başlanmalıdır: “Dağlıq Qarabağ hakimiyyəti heç kimə imkan verməməlidir ki, onları bu konstruktiv danışıqları pozmaqda və ya mümkünsüz etməkdə ittiham etsin”.

N.Paşinyan əlavə edib ki, son illərin hadisələri, onların dərin mənası və səbəbləri o baxımdan nəzərə alınmalıdır ki, vəziyyətə verdiyimiz qiymətlər faktlara əsaslanmalıdır.

“Bu baxımdan, ilk növbədə, vəziyyəti daha da çıxılmaz dalana salan siyasi bəyanatlardan çəkinmək lazımdır. Çünki son məqsədə nail olmaq üçün aydın ideyalarla müşayiət olunmayan bəyanatların heç bir faydası yoxdur”, – deyə Baş nazir vurğulayıb.

O, Laçın dəhlizinin bağlanmasını təxribat adlandırıb: “Son məqsəd yeni hərbi eskalasiya olub və hərbi eskalasiya ssenarisini tərtib edənlər üçün arzu olunan addımlar atmamağa çağırıb. Təxribatların və eskalasiyanın məqsədlərindən biri Bakı ilə Stepanakert (Xankəndi) arasında siyasi və rəsmi dialoqun aşkar zərurətini gizlətmək və onu gündəmdən çıxarmaqdır. Bu təxribatçı vəzifənin həllinə kömək edəcək tədbirlər görülməməlidir”.

Azərbaycan dövlət başçısı İlham Əliyev yerli televiziyalara yanvarın 10-da verdiyi müsahibədə demişdi ki, Dağlıq Qarabağda Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq:

“Azərbaycan vətəndaşları kimi, onların hüquqları da, onların təhlükəsizliyi də təmin olunacaq. Bu günlərdə baş verən hadisə, – o bir nəfərin oraya qaytarılması, özü də əlidolu qaytarılması, ona iki blok siqaret də verdilər, çünki siqaret xahiş etməyə gəlmişdi, – onu göstərir ki, biz onların nəinki hüquqlarını və təhlükəsizliyini təmin edəcəyik, onlar daha yaxşı yaşayacaqlar”.

Azərbaycan tərəfi Nikol Paşinyanın bu açıqlamasında hələ ki reaksiya verməyib.

Laçın dəhlizində nə baş verir?

Dekabrın 12-də səhər saatlarından Azərbaycan hakimiyyətinə bağlı bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb.

Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

İştirakçılar aksiyanın sıralarının genişləndiyini deyiblər.

Dekabrın 13-də müxtəlif könüllü dəstələr və vətəndaş cəmiyyəti nümayəndələri də aksiyaya qoşulublar.

Aksiyaya qoşula bilməyən vətəndaş cəmiyyəti nümayəndələrinə isə sosial şəbəkə və mediada propoqanda aparmaları barədə tapşırıqların verildiyi də iddia olunur.

Aksiyaçılar ərazidə çadırlar quraraq Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovdan görüş tələb ediblər.

Aksiyanın 4-cü günü etirazçılar yeni tələb irəli sürdülər.

Həmin tələblər ərazidə bütün dövlət qurumlarının, o cümlədən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin ayrıca nəzarət-buraxılış məntəqələrinin qurulmasıdır.

Onlar Laçın istiqamətində, Ermənistanla sərhəddə DSX-nın və DGK-nin ayrıca postlarıının olmasını istəyirlər.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətPaşinyan: “Azərbaycanla Dağlıq Qarabağ arasında siyasi danışıqlar başlanmalıdır”