”Cavanşir Paşazadə tapşırıq verib ki, klinika boşaldılsın”
Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin ailəsi ilə biznes ortağı olduğu bildirilən Müğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, M.Həşimovun vəkili Elçin Sadıqov prosesdə iştirak etmir. Hakim bildirib ki, vəkil səhhətində problem yarandığını bildirərək iclasa gəlməyib. Hakim bunu iclası suni şəkildə uzatmaq kimi qiymətləndirib. O, M.Həşimova yeni vəkillə müqavilə bağlamağı məsləhət görüb. M. Həşimov isə prosesi qəsdən uzatmaqda maraqlı olmadıqlarını bildirib.M. Həşimov deyib ki, “Medi Sina” klinikasında olan avadanlıqlar 2014-cü ilin mart ayından “Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov tərəfindən ordan çıxarılıb: “Mən nə qədər yalvardım ki, belə etməyin. Hacı Mazan dedi ki, Cavanşir Paşazadə tapşırıq verib ki, klinika boşaldılsın. Cavanşir Paşazadə klinikadan avadanlıqları zorla çıxartdırıb. İndi iddia qaldırırlar ki, 192 minlik avadanlıq yoxdur. Mən o klinikaya 800 min manatdan çox pul xərcləmişəm”.
Hakim N. Kərimov iclasda iştirak edən Ramazan Zeynalova sualla müraciət edib. O, R.Zeynalovdan soruşub ki, klinikaya ayrılan 693 mindən 193 min manatı mənimsənilibsə, pulun 500 min manatı hara gedib.
Ramazan Zeynalov (Hacı Mazan) deyib ki, 500 min manat pulun harda olmasından xəbərsizdi. O bildirib ki, 193 min manat pul ortada yoxdur: “Məndən əlavə 70 min manat da pul alıb. Müğdət mənə 263 min manat pul verməlidir. Bəhanə gətirir ki, guya həmin pula klinikaya avadanlıqlar alıb. Mənim tələbim odur ki, pulumu ödəsin və avadanlıqlarımı qaytarsın. Müğdət klinikaya 1987-ci ilin narkoz aparatını qoyub. Buna görə klinikada adam öldü. Onun aldığı avadanlıqlar köhnədir. Mən şəkər xəstəsiyəm. Bir də buraya gəlmək istəmirəm”.
M.Həşimov isə avadanlıqların köhnə olmadığını deyib:
“Mən bir ildən çoxdur burdayam. Erməni adama bu zülmü etməz. Kamerada özümlə danışmaqdan dəli olmuşam. Bütün ailəm dağıldı. Bu Hacı Mazan məni Rusiyadan çağırıb gətirmişdi. İndən belə mənə neçə il iş verirsiniz, verin. Bunlarda vicdan, adamlıq yoxdur. Belə necə yaşayacaq bunlar?” Bu isə Hacı Mazanın narazılığına səbəb olub. Onunla təqsirləndirilən şəxs bir-birini ittiham ediblər. Hakim prosesi təxirə salıb. Bildirib ki, vəkil Elçin Sadıqov prosesə qatılmadığı üçün Vəkillər Kollegiyasına müraciət olunması qərara alınıb. Buna görə proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
M.Həşimov 12 avqust 2015-ci ildə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə təqsirli bilinərək həbs olunub. Sonradan onun barəsində 178.3.2 (dələduzluq) və 213.1(vergidən yayınma) maddələri ilə də ittiham irəli sürülüb.
İttihama görə, M.Həşimov deputat C.Paşazadənin himayəsində olan “Aygün-C” MMC-nin təsisçiləri ilə 2012-ci ilin 6 dekabrında rəsmi qaydada “Birgə fəaliyyət haqda” müqaviləsi bağlayıb. Müqavilənin şərtlərinə görə, onunla iş birliyində Allahşükür Paşazadənin həyat yoldaşı və oğlu, Cavanşir Paşazadənin qızı və kürəkəni olub.
M.Həşimov şərikli açılan klinikadan 193 min 50 manatlıq tibbi avadanlığın çatışmazlığına görə təqsirləndirilir.
Tərəflər arasında şərikliyin şərti belə olub ki, təsisçilər “Bank VTB”-dən 700 min manat götürüb M.Həşimova veriblər. Həmin pulun banka qaytarılması isə 2018-ci ilə qədər M.Həşimovun öhdəliyində olub. Həşimov klinikadan qazandığı pulla həmin borcu ödəməli imiş. Bankın pulu ödənilib bitdikdən sonra əldə olunan qazanc Cavanşir Paşazadə ilə Həşimov arasında bölünməli imiş.
Klinika C.Paşazadənin adına olan 1255 kv.metrlik qeyri-yaşayış sahəsində açılıb.
Bu şərikliklə M.Həşimov “Medi-Sina” MMC-nin təsisçisi olub və fəaliyyətə başlayıb.
Lakin sonra bu şəriklik bitib. Cavanşir Paşazadə və onun adamı Hacı Mazan ləqəbli Ramazan Zeynalov klinikaya gələrək M.Həşimovdan tələb ediblər ki, müəssisə boşaldılasın. Bununla da şəriklik bitib, klinika bağlanıb, M.Həşinmov isə bir neçə ay sonra həbs olunub.
Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı da bir neçə il əvvəl “Medi Sina” klinikasında əməliyyat edilən zaman ölüb.