Paşa Umudov: Tələb edirdilər ki, çəkilişdə Əli Kərimlinin sürücüsü olduğumu vurğulayım

AXCP üzvü ifadəsini yazmaq üçün məhkəmədən vaxt istəyib

Paşa Umudov, Foto: Meydan TV


AXCP üzvü ifadəsini yazmaq üçün məhkəmədən vaxt istəyib

Nərimanov Rayon Məhkəməsində AXCP-nin Nizami şöbəsinin rəhbəri, eyni zamanda partiyanın sədri Əli Kərimlinin sürücüsü olmuş Paşa Umudovun işi üzrə məhkəmə istintaqı başlayıb. Bu işə hakim Vüsal Qurbanov baxır.

Martın 16-da məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Paşa Umudovun cibindən üç bükümdə narkotik maddə tapıblar. P.Umudova qarşı Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, saxlama) maddəsilə ittiham irəli sürülüb.

İttihama münasibət bildirən P.Umudov deyib ki, özünü təqsirli bilmir. Onun sözlərinə görə, ittiham aktında yazılanlar yalandır, narkotiki cibinə polislərin özləri atıb. Amma o, geniş ifadə verməyib. Deyib ki, ifadəsini məhkəməyə yazılı təqdim edəcək. Bunu yazmaq üçün də məhkəmədən vaxt istəyib. Ona martın 30-na qədər vaxt verilib.

Cinayət işinin materiallarında rəy var və orada P.Umudovun narkotik istifadəçisi olduğu iddia edilir.

P.Umudov isə belə deyir: “Mənim narkotik istifadəçisi olub-olmadığımı test etmək olar. Deyirlər, marixuana çəkən adamların yaddaşı olmur. Mən burda 24 saat dayanmadan şeir deyərəm…”

P.Umudov bildirir ki, həbsinin səbəbi siyasi baxışlarına, həmçinin Əli Kərimlinin sürücüsü olmasıdır: “Məni “Bandotdel”də (Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi) 6 dəfə çəkilişə məcbur etdilər. Tələb edirdilər ki, çəkiliş zamanı Əli Kərimlinin sürücüsü olduğumu vurğulayım. Narkotik olan bükülünü cibimə qoyanda birinci dəfə çıxarıb yerə atdım, yenidən götürüb qoydular”

P.Umudov Milli Şuranın 19 oktyabr mitinqindən öncə – oktyabrın 15-də həbs olunub. Mitinq öncəsi P.Umudovdan başqa da onlarla AXCP üzvü həbs olunmuşdu. Digərləri inzibati qaydada (15 gündən 60 günə qədər) həbs olunsalar da, P.Umudovun barəsində cinayət işi başlandı.

P.Umudovun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.2 maddəsində 3 ildən 7 ilə qədər həbs cəzası var.

Ana səhifəXəbərlərPaşa Umudov: Tələb edirdilər ki, çəkilişdə Əli Kərimlinin sürücüsü olduğumu vurğulayım