Partlayışda həlak olan xadimənin rəfiqəsi: “Onun uşağını kim saxlayacaq?!”

3 apreldə, gecə saat 3 radələrində Səbail rayonunda yerləşən “Location” klubda partlayış nəticəsində 2 nəfər həlak olub, 36 nəfər yaralanıb. Həlak olanların içərisində klubda xadimə işləyən 43 yaşlı Maya Axundova da olub. O, yoldaşından ayrılıb, iki yerdə çalışıb bir oğluna baxırmış. 

Baş prokurorluq məlumat yayıb ki, hadisəyə səbəb klubda istifadə olunan propan qaz balonunun partlamasıdır. Qurum bildirib ki, qaz balonundan qanunsuz və mövcud qaydaları pozaraq istifadə olunub. Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov deyir ki, propan qaz balonlarının istehsalı, istifadəsi daim nəzarətdə olmalıdır. Amma bu sahə nəzarətsiz qalıb. 

Klub yaşayış binasının birinci mərtəbəsində yerləşib. Partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib. Faktla bağlı Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarını pozma, səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddələri ilə cinayət işi açılıb. İaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-nin administratoru işləyən Rəsul Rəsulov, MMC-nin təsisçisi Orxan Səfərov, FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 

Hadisədən sonra Bakı Şəhər İcra Hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyektlərində monitorinqlərə başlayıblar. İcra Hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, zirzəmi və yaşayış binasının birinci mərtəbəsində yerləşən bəzi obyektlərdə qaz balonlarından istifadə edilməsi, həmçinin buraya rezin və digər materiallardan hazırlanan şlanqlar vasitəsi ilə çəkilən qaz xətləri aşkar edilib və bu nöqsanlar obyekt rəhbərliyinin nəzərinə çatdırılıb. Monitorinqlərin nəticələri yekunlaşandan sonra sahibkarlarla müvafiq seminarların keçirilməsi planlaşdırılır. 

Bu vaxta qədər ictimai iaşə obyektlərində propan qaz balonlarının partlaması nəticəsində yanğınlar olub. 2010-cu ildə Səbail rayonu ərazisində yerləşən “Elif” restoranında partlayış nəticəsində 3 nəfər xəsarət almışdı. 

2018-ci ildə Binəqədi rayonunda yerləşən çayxanada qaz balonunun partlaması nəticəsində 2 nəfər həlak olmuşdu.

Ana səhifəVideoPartlayışda həlak olan xadimənin rəfiqəsi: “Onun uşağını kim saxlayacaq?!”