Partiya sədri Anar Əsədli həbs olundu

Anar Əsədli. Mənbə: şəxsi hesabı

AYP başqanı külli miqdarda ziyan vurmaqla dələduzluqda ittiham edilir

Azərbaycan Yüksəliş Partiyasının (AY Partiya) başqanı Anar Əsədli həbs olunub. Aprelin 21-də günün ikinci yarısında Nərimanov Rayon Məhkəməsində bu barədə qərar verilib. Məhkəmənin qərarına əsasən, onun barəsində istintaq dövrü üçün 2 ay 23 günlük həbs qətimkan tədbiri seçilib.

Anar Əsədli haqqında istintaq Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılır. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunur. Bu maddədə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2022-ci ilin noyabrında Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması haqda məlumatlarla bağlı açıqlama yayan DİN-in mətbuat xidmətindən bildirilmişdi ki, partiya rəhbərindən iki vətəndaş şikayətçi olub:

“Anar Əsədli yalan vədlər verərək, onların birindən 150 min, digərindən isə 10 min dollar pullarını alaraq mənimsəyib. Hər iki müraciətlə bağlı araşdırma aparılır”.

Bu cinayət işində zərərçəkmiş qismində adı hallanan şəxslər arasında mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov, Zəngilanın sabiq icra başçısı İlham Hüseynov və digərləri var.

Anar Əsədli dələduzluq ittihamını rədd edərək, kimsənin pulunu mənimsəmədiyini, baş verənlərin anlaşılmazlıq olduğunu bildirmişdi.

Ana səhifəSiyasətPartiya sədri Anar Əsədli həbs olundu