Milli Məclisin növbədənkənar iclasları keçiriləcək
Mayın 31-də Milli Məclisin 2021-ci il yaz sessiyasının son plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.
2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən 10 qanun layihəsi müzakirəyə çıxarılmayıb:
-
Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi;
-
“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
-
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
-
“Təhsil kreditləri haqqında” qanun layihəsi;
-
“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
-
"Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;
-
“Lombardlar haqqında” qanun layihəsi;
-
“Turizm haqqında” qanun layihəsi;
-
“Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
-
“Ali təhsil haqqında” qanun layihəsi“.
Yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağrılıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduqları zaman deputatlara müalicə olunmaları və istirahət etmələri üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.