Deputatlar Operativ Qərargahı təcili tədbir görməyə çağırıb
“Karantin müddətini uzatmaq çox ciddi problemlərə gətirib çıxara bilər, istehsal sahələrinin təcili işləməsi lazımdır”.
Milli Məslisin avqustun 6-da keçirilən plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, qonşu dövlətlərdə bütün müəssisələr, xidmət obyektləri işləyir:
“Burda çıxış edən deputatlar sahibkara, insanlara kömək etməyi tələb edirlər. Amma proses belə davam etsə, biz ikinci yarıda ciddi problemlərlə üzləşəcəyik”.
İqtisadçı-deputat vurğulayıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargah hansı sahələrin işləməsinin mümkünlüyü barədə düşünməli və işləməsi mümkün olan müəssisələrinin siyahısını hazırlamalıdır.
Nazir müavini: “Su problemi ilə bağlı Baş nazirin müavininin rəhbərlik etdiyi müvafiq komissiya yaradılıb”
Büdcəyə edilən dəyişiklikdən danışan V.Əhmədov deyib ki, bu gün ölkənin əsas problemlərindən biri su ilə bağlıdır:
“Ancaq büdcə dəyişikliyi layihəsində iqtisadi fəaliyyətlə bağlı ayrılan vəsaitdə nə “Azərsu”, nə də “Meliorasiya və Su Təsərrüfatı” ASC nəzərdə tutulub. Necə ola bilər ki, bu qurumlara vəsait ayrılmasın?”
İclasda iştirak edən Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, su problemi ilə bağlı Baş nazirin müavininin rəhbərlik etdiyi müvafiq komissiya yaradılıb. O bildirib ki, ilkin təkliflər verilib və su problemi ilə əlaqədar “Azərsu” və digər qurumlara vəsait ayrılması nəzərdə tutulur.
Nazir müavini əlavə edib ki, bu qurumlara 2019-cu ildə ayrılan vəsaitlərin də bir hissəsindən hələ istifadə olunmayıb və həmin vəsaitlər də istifadə ediləcək.
Fazil Mustafa: “Böyük əksəriyyət xəstəxanalara getmir, evdə müalicə olunur”
Deputat Fail Mustafa da bildirib ki, qeyri-ərzaq mağazalarının hamısının bağlanması doğru qərar deyil və bu qaydaları təcili dəyişmək lazımdır.
Onun sözlərinə görə, Nazirlər Kabineti tərəfindən icarə haqqı ilə bağlı verilən qərar çox müsbət addım olsa da, sahibkar təkcə əməkhaqqı ödəməklə ayaqda qala bilməz:
“Bir çox sahədə ciddi problemlər var. Hazırda bütövlükdə turizm sahəsi çöküb. Bu, 1-2 aydan sonra bizim üçün çox böyük problemlər yaradacaq. Belə vəziyyətlə üzləşməmək üçün qaydaları təcili dəyişmək, sadəcə, nəzarəti gücləndirmək lazımdır. Vətəndaşın gəlir yerlərini sıradan çıxarmaqla sabah biz bu problemləri çözə bilməyəcəyik. Ona görə də bu yükü yüngülləşdirən istiqamət götürülməlidir. Biz açılışlara getməliyik. Bölgələrə gediş-gəliş də açılmalıdır. Bu gün böyük əksəriyyət xəstəxanalara getmir, özləri evdə müalicə olunur. Biz bu gün real vəziyyətdən çıxış etməliyik. Nəyisə bu gün gizlətməklə özümüzə ziyan vururuq. Xahiş edirəm, Operativ Qərargah qərarlarına təkrar baxsın”.
Siyavuş Novruzov: “Naxçıvanın büdcəsi mütləq artırlmalıdır”
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin artırılmasını təklif edib:
“Dövlət büdcəsindən Naxçıvana əlavə 1 milyon 300 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu gün Ermənistanın ən çox qorxduğu Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordudur. Biz Naxçıvanı qorumalıyıq. Onun üçün əhalinin sosial müdafiəsi və ordumuzun təchizatı yüksək olmalıdır. Biz bu məsələyə həssas yanaşmalıyıq”.
Deputat vurğulayıb ki, Maliyyə Nazirliyi bu məsələyə baxmalı və vəsaiti mütləq artırılmalıdır.
Maliyyə nazirinin müavini Azər Bayramov deputata cavab olaraq bildirib ki, pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi üçün vəsait mərkəzləşmiş qaydada ayrılır:
“Siyavuş müəllim Naxçıvan Muxtar Respublikasına ayrılan vəsaitin az olduğunu qeyd etdi. Bildirim ki, Naxçıvana ayrılan vəsait pandemiya ilə mübarizə üçün nəzərdə tutulmur, müxtəlif istiqamətlərə yönəldilən vəsaitdir. Pandemiya əlaqədar xərclər isə mərkəzləşmiş xərclərdən ayrılacaq”.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi II oxunuşda qəbul edilib.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi.
Qanuna dəyişikliyə əsasən, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.