Parlament pensiya artımını təsdiqlədi

Əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılması martın 1-dən hesablanacaq

Source:

Azərbaycanda əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılması ilə bağlı qanun layihəsi parlamentdə təsdiqlənib.

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi müzakirəyə çıxarıb. Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, Prezident İlham Əliyev tərəfindən parlamentə daxil olan qanun layihəsi vətəndaşların sosial rifahına yüksək təsir göstərəcək: “Dəyişiklik 233 min nəfərin pensiyasında artıma səbəb olacaq.

9 min nəfərin pensiyasında 93 faiz (75 manat), 26 min nəfərin pensiyasında 30 faiz (37 manat), 74 min nəfərin pensiyasında 16 faiz (27 manat) artım olacaq.

Dəyişikliyə əsasən, “Əmək pensiyaları haqqında” qanunun əmək pensiyasının minimum məbləğini nəzərdə tutan 6-1-ci maddəsinə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur.

Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.

Müzakirələrdən sonra deputatlar qanun dəyişikliyini təsdiqləyiblər. Milli Məclis əmək pensiyasının minimum məbləğinin 116 manatdan 160 manata qaldırılmasına səs verib.

Pensiyanın minimum məbləğinin artımı 2019-cu il 1 mart tarixindən hesablanacaq.

Ana səhifəXəbərlərParlament pensiya artımını təsdiqlədi