Altı xilasetmə işçisi də daxil olmaqla təxminən 30 adam xəstəxanaya yerləşdirilib
Fransanın paytaxtı Parisdə yerləşən səkkizmərtəbəli binada baş verən yanğın zamanı biri körpə olmaqla ən azı 10 nəfər həlak olub.
Altı xilasetmə işçisi də daxil olmaqla təxminən 30 adam xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 50 nəfər yanğın ərazisindən evakuasiya edilib.
Parisin ən lüks bölgələrindən biri olan 16-cı məhəllədə yerləşən Park de Prins (Parc des Princes) Stadionunun yaxınlığında çıxan yanğının səbəbləri bəlli deyil.
Paris Prokurorunun sözlərinə görə, yanğının qəsdən törədilmə ehtimalı yüksəkdir. Polis bu səbəbdən bir qadını saxlayıb.
Xilasetmə sözcüsü yanğının nəzarət altına alındığını, ancaq ölü sayının arta biləcəyini ifadə edib.
Fransa prezidenti Emanuyel Makron (Emmanuel Macron) ölkənin “faciəyə oyandığını” deyib və yanğın söndürənləri cəsarətlərinə görə mədh edib.
Yanğın ikinci mərtəbədə başlayıb və 1970-ci illərdə Erlanqer (Erlanger) küçəsində tikilmiş binanı gecə saat 1-dən sonra bürüyüb. Bəzi sakinlər alovlardan qaçmaq üçün yaxınlıqdakı binaların damlarına çıxmaq məcburiyyətində qalıblar.
Hadisə yerindən bir şahid “France Television”-a xəbər verib ki, yanğın siqnalı saat 00:30-da, gecə yarısından az sonra çıxıb. “Artıq hər yerdə duman var idi. Mən 8-ci mərtəbədə yaşayıram, buna görə eyvandan eyvana keçərək yanğından uzaqlaşmağa çalışdım və sonra bir küncə sığındım. Başqa adamlar da alovlardan xilas olduğum yerə gəlirdilər”.
Ərazidə yerləşən digər binalar da ehtiyat tədbiri olaraq boşaldılıb. “Le Parisien” qəzeti yazır ki, bələdiyyə orqanlarına evakuasiya edilmiş sakinlərə yaşayış yeri tapmaları tapşırılıb.
Bir neçə həftə əvvəl, Paris şəhər mərkəzindəki bir sobada yaşanan böyük bir partlama nəticəsində dörd adam həyatını itirmişdi.