Dekabrın 21-də Kürdəmir Mərkəzi Xəstəxanasının texniki işçiləri pambıq yığımından qayıdarkən qəzaya düşüblər. Bu barədə Kürdəmirdə yaşayan Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri Lətafət Məlikova öz “Facebook” səhifəsində məlumat yayıb.
Hadisədə 10 nəfər müxtəlif bədən xəsarətləri alıb. Məlumata görə, Kürdəmir Mərkəzi Xəstəxanasının təcili yardım maşını onları pambıq yığımından qaytarırmış.
Yaralılar çalışdıqları xəstəxanaya gətirilib.
L.Məlikovanın sözlərinə görə, məcburi əməyə cəlb edilmiş işçilər xəstəxanaya gətirilərkən müəssisə rəhbərliyindən heç kim işdə olmayıb:
“Pambığa getməsən səni işdən çıxararam”-deyən Kürdəmir xəstəxanasının rəhbərliyindən heç kim yox idi. Yenə də sağ olsun növbədə olan Mehman həkim. Utanmadan öz işçiləri olan, yaralanmış adamların əllərinə siyahı verib, “gedin, aptekden derman alın” söyləyirlər.
Biz, hüquq müdafiəçiləri Baha bəy və mən xəstələrin səsinə səs verməsəydik, nə əlavə həkimlər gələcəkdi, nə də xəstələrə pulsuz xidmət göstərəcəkdilər”.
L.Məlikova deyir ki, baş verənləri görməsinlər deyə xəstəxananın dəhlizlərində işıqlar söndürülüb. Hadisə yerinə isə rayon rəhbərliyindən heç kim gəlməyib.
Meydan TV Kürdəmir Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Hadisəni təsdiqləsələr də, “mən burda vəzifə sahibi deyiləm”- deyən xanım ətraflı məlumat vermək istəməyib.