“Yağışlar pambığa ziyan vurur”
“Respublika ərazisində günlərdir yağan aramsız yağışlar payızlıq bitkilərin əkini üçün əlverişli olsa da, pambıq yığımına maneçilik törədir”.
Bunu “Azvision.az”-a Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov deyib. Nazirlik rəsmisi qeyd edib ki, yağışın yağması payızlıq bitkilərin əkini üçün çox əlverişlidir:
“Artıq 85 min hektar ərazidə taxıl əkini başa çatıb. Amma payızda yığımı davam edən məhsullar üçün yağış ziyandır. Aramsız yağışlar pambıq yığımına maneçilik törədir, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Optimal müddətdə pambıq yığımını başa çatdırmağa çalışırıq. Sonuncu məlumata əsasən, 40 min ton məhsul istehsal olunub və tədarük məntəqələrinə təhvil verilib. Gündəlik pambıq yığımının həcmi 110-150 ton arasıdır. Məlumatlara əsasən oktyabrın 20-dək yağış davam edəcək. Hazırda rayonlarda yığım prosesi dayanıb. Yağış kəsiləndən sonra intensiv sürətdə pambıq yığımı davam edəcək. Mövsümün sonuna qədər 100 min tondan artıq pambıq yığımı gözlənilir”.