Pambıq istehsalı azalıb

Cəmi 44,8 min ton məhsul yığılıb

Source:

Cəmi 44,8 min ton məhsul yığılıb

Bu il Azərbaycanda 21 070 ha sahədə pambıq əkilib. Bu, 2013-cü ildəkindən 2 min ha və ya 8,4 faiz azdır. Azalma dövlət dəstəyinin olmaması fonunda 2009-cu ilin səviyyəsinə uyğun gəlir.

Nəticədə məhsul istehsalı da azalıb. Pambıq şirkətləri öz gücü ilə vəziyyətdən çıxmağa çalışır. Bu il “MKT İstehsal Kommersiya” MMC 6000 ha-dan pambıq yığmaq istəyir. Bunun yarısı onun öz plantasiyalarında əkilib.

Şirkət hər il əl əməyindən asılılığı azaldır. Bu il pambıq yığımında mexanikləşmə 60 faizə çatacaq. Şirkətin 30 pambıqyığan kombaynı var, deyə  “MKT İstehsal Kommersiya” MMC-də Turan-a bildiriblər. Şirkət Biləsuvarda 1200 ha taxıl sahəsini uzunmüddətli icarəyə götürüb. Burda növbəli əkin kimi pambıq becəriləcək.

Bu il pambıq şirkətləri satınalma qiymətlərini dəyişməyib. Dörd ildir, pambığın tonu 420-450 manatdır. Pambıq şirkətlərində hesab edirlər ki, kənd təsərrüfatının vergidən azad edilməsi (torpaq vergisi istisna) tam dövlət dəstəyi demək deyil. Məsələ burasındadır ki, pambıq şirkətləri  əlavə dəyər vergisi və başqa vergilər ödəməli olur, bu isə rentabelliliyə mane olur.

2013-cü ildə 23,5 min ha sahədə pambıq əkilib. Bu, bir il öncəkindən 19,6 faiz azdır. Cəmi 44,8 min ton məhsul (-21,4 faiz) yığılıb (Turan İA).

Ana səhifəXəbərlərPambıq istehsalı azalıb