Özünü buraxanların hüquqi dövlətdə yaşaması

Səfa Mirzəyev: “Biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz”

Source:


Səfa Mirzəyev: “Biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz”

Azərbaycanda elə sözlər var ki, bir balaca mədəni səviyyəsi olan o sözü ya ümumiyyətlə, işlətmir, ya da həmin sözü işlədəndə yanındakılardan üzr istəyir. O sözlərin hamısını sadalamaq fikrim yoxdur, yazımızın mövzusu olan söz yetərlidir. Bu söz ÖZÜNÜ BURAXMAQdır.

Onu ən əskik adam, kimsə çox yersiz, səviyyəsiz hərəkətlər edəndə, danışanda, açıqlama, müsahibə verəndə işlədirlər. O adamın vəzifəsinin, titulunun, mövqeyinin, cəmiyyətdə nüfuzunun belə önəmi olmur, o sözə layiq hərəkət edibsə, haqqında bu sözü eşitməyə hazır olmalıdır. XXI əsrin 20-ci ili ərəfəsində bu söz Azərbaycanın saxta mandatlı deputatları ilə bağlı gündəmə gəlib, lap dəqiqi, onlar özləri bu sözün gündəmə gəlməsinə səbəb olub. Parlament çoxluğunun nümayəndələri – YAP-çılar vasitəsilə ortaya atılan bu sözə azlıq da dəstək verib. Baxmayaraq ki, onlardan bir çoxu Milli Məclisə seçki yolu ilə gəldiyini, mandatının halal olduğunu deyirdi. Yüksək maaş alan, hər cür təminatı olan, qanunsuz şəkildə biznes quran (deputatın bizneslə məşğul olmasını qanun qadağan edir), üstəlik, vaxtaşırı maaş azlığından gileylənərək onun qaldırılmasına nail olan bu adamlar birdən-birə bütün bunlardan imtina edib özlərinin buraxılmasını (həm də kütləvi şəkildə) istəyirlər. Adam, yerindən məmnun deyilsən, lap yaxşı, get, ancaq səni ora seçənlərlə də bir məsləhətləş, ya da onlardan üzr istəyib çəkil kənara. Bu halda heç arada “knopkasını” basdığın kreslo yoldaşını da seçdiyin yola məcbur edə bilməzsən; onun da öz seçiciləri var axı. Elliklə mandatdan imtina bir nəfərin sifarişi əsasında ola bilər: sizə mandat verənin, başqa yol yoxdur. O halda “ləbbeyk” demək qaçılmazdır, həm də ona görə ki, gözünüzün önündə bir neçə belə “gözü çıxmış qardaş” örnəyi olub. İndi Bahar Muradovanın, Ziyafət Əsgərovun, lap elə Oqtay Əsədovun bunu necə malalaması “özünü buraxmaq” sözündən artıq ifadələrin işlənməsinə yol açır.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev: “Söz-söhbət gedir ki, Milli Məclis buraxılacaq, vaxtından əvvəl seçkilər keçiriləcək. Yəqin ki, orta məktəblərdə Azərbaycan Konstitusiyası tədris olunur. Onu oxusalar, biləcəklər ki, biz hüquqi dövlətdə yaşayırıq və Milli Məclis istənilən an buraxıla bilməz…

Səhər yuxudan durdum, Milli Məclis xoşuma gəlmədi, buraxıram, elə şey ola bilməz… Konstitusiyanın 98-1 maddəsində parlamentin buraxılması üçün 3 şərt nəzərdə tutulub. Parlamentin buraxılacağı haqqında iddialar güclü fantaziyanın məhsuludur. Guya Yeni Azərbaycan Partiyası göstəriş versə ki, üzvləri iclasa gəlməsin, istefa ərizəsi yazaraq deputat səlahiyyətlərindən imtina etsinlər, onda parlament buraxıla bilər. Bunu ən ağır yuxuda belə görmək mümkün deyil. Ona görə də deyilənlərin heç bir əsası yoxdur. Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə

yetirir”.

Milli Məclis sədrinin I müavini Ziyafət Əsgərov: “Hazırda Azərbaycanda tam oturuşmuş, formalaşmış demokratik seçki sistemi yaranıb. Azərbaycanda 4 prezident, 4 parlament, 4 referendum və 3 bələdiyyə seçkisi keçirilib. Bu illərdə Azərbaycan xalqı seçki mədəniyyətini kifayət qədər

mənimsəyib”.

Prezident İlham Əliyev Prezident Administrasiyası katibliyinin keçmiş rəhbəri Dilarə Seyidzadəni dekabrın 2-də “Şərəf” ordeni ilə təltif edərkən deyib: “Ölkəmizin hər yerində islahatlar aparılır, o cümlədən struktur islahatları. Yaxın günlərdə Nazirlər Kabinetinin yeni strukturu təsdiq olunacaqdır. Yaxın gələcəkdə parlament yenidən formalaşacaq. Bu, təbii prosesdir. Eyni zamanda gəncləşmə prosesi aparılır, bu da təbiidir. Çünki biz indi gənc kadrlara gərək imkan yaradaq ki, onlar öz bacarığını

göstərsinlər”.

Milli Məclisin prezidentə müraciətindən: “Öz səlahiyyətlərini artıq icra edə bilməməsi şəraitində Azərbaycan Respublikasının Milli Məclisi hesab edir ki, Azərbaycan parlamenti ölkədə aparılan genişmiqyaslı institusional və kadr islahatlarından geri qalmamalı, fəaliyyətini yenidən

qurmalıdır”.

Sitatları diqqətlə oxuyun, hörmətli hüquq elmləri namizədi, 1995-ci ildə qəbul olunan yeni Konstitusiyanı hazırlayan komissiyanın üzvü, hansı əsasla deyirdiniz: “Milli Məclis normal rejimdə işləyir və ümid edirəm ki, vəzifələri layiqincə yerinə yetirir”.

1992-ci ildən Milli Məclisin aparatında işləyirsiniz, 1997-ci ildən həmin aparatın rəhbərisiniz, ancaq ətrafınızda baş verənlərdən xəbərsizsiniz. Sədriniz Oqtay Əsədov “Milli Məclis səlahiyyətlərini artıq icra edə bimir” deyir, buraxılması üçün prezidentə müraciət edir.

Görürsünüz, istədikləri vaxt buraxırlar, həm də səhər yuxudan durmamış, elə gecəylə, yatmazdan qabaq…

Ana səhifəXəbərlərÖzünü buraxanların hüquqi dövlətdə yaşaması