”Özümü yeşikdəki qəzetdə gördüm”

Üzü bağlı, başı çalmalı qadınlar…

Yalnız gözləri görünür, bir də hərdən səsləri eşidilir. Uzun, yaşıl sıralanmış cərgələrlə hərəkət edirlər. Onlar hər gün burda işləyirlər. Bura Cəlilabadın üzüm bağlarıdır… Mahizər Həşimova üzüm bağlarında 7-8 ildir işləyir. Özünün dediyi kimi, əlinin zəhməti ilə, alın təri ilə qazanır pulunu. Bu sahənin fəhləsi adlandırır özünü. Artıq ağırlıq qaldırmağa da öyrəşib çiyinləri. Səhər saat 7-8-də işə başlayıb, axşam günbatana yaxın evə yollanırlar.

Mahizər xanımın üzüm bağlarında işlədiyi müddətdə ən yadda qalan günü şəklinin qəzetdə çıxması olub : “Bir dəfə yeşiklərə kişmiş üzümü yığdığımız yerdə şəklimizi çəkdilər. Amma şəklimizi bu yaxınlarda görmüşük. Biz adətən üzümü yeşiklərə yığanda altına qəzet səririk. Elə qəzeti götürüb yeşiyə sərmək istəyəndə bir də baxıb gördük ki, bizim həmin vaxt çəkilən şəklimiz. Hərəyə bir qəzet götürdük”.

Mövsümdən mövsümə üzüm bağlarında işləyənlər gündəlik 7 manat qazanırlar. Bağlarda işləyənlər deyirlər ki, bu il üzüm boldur, amma qiyməti bir az aşağıdır. Üzüm yığanlar düşünürlər ki, üzümün bazarda satış qiyməti çox olarsa, onların da gündəlik qazancı çox olar.

Ana səhifəVideo”Özümü yeşikdəki qəzetdə gördüm”