Reanimasiyadakı ağır vaxtlarımda mənə stimul verən Qurani-Kərimdəki bir ayə oldu: “Biz, sizləri bir az malınızla,bir az canınızla, bir az da övladlarınızla sınağa çəkərik, səbr edənərə MÜJDƏ”…
Bəli, mən o andan sonra özümdə güc tapdım. 10-15 gün sonra süni nəfəs aparatından ayrıldım və yeni həyata başladım. 8-9 ay həyət-bacaya çıxa bilmədim. İlk dəfə əlil arabamla həyətə çıxanda özümü həbsdən çıxmış adam kimi xoşbəxt hiss etdim. Sonra tədricən yaşadığım məhəlləyə və ictimai yerlərə çıxmağa başladım.
İlk “kəşfim” insanların mənə əvvəlkindən daha diqqətlə baxmaqları oldu. Sonra yaxınlaşıb pul uzadan, məni dilənçi zənn edənlər də oldu. Halımı görəndə qulaq çəkənləri, “Allah göstərməsin” deyənləri görürdüm. Əvvəl belə şeylərə aqressiv, əsəbi yanaşırdım, sonra çıxış yolu tapdım. Oxşar şeylərlə qarşılaşanda ya fikir vermirəm, ya da səhv hərəkət elədiklərini başa salıram. Əlimdən gələn odur ki, ictimai nəqliyyatda daha çox olum, bizə baxan gözlər öyrəşsin. Yaşadığım Əhmədli qəsəbəsindəki stadionu misal çəkə bilərəm. İsti havalarda ətraf binaların sakinləri dincəlmək, gəzişmək, əylənmək üçün ora yığışırlar, mən də hər gün orda dost-tanışlarla vaxt keçirdirəm.
Əvvəl-əvvəl mənə dikilən gözlərdən oxuyurudum ki, mənə yazıqları gəlir. 1-2 həftədən sonra gözlər öyrəşir. Daha özümü məşhurların yeridiyi qırmızı xalçadakı kimi, diqqət mərkəzində görmürəm.Bu nəticəyə gəldim ki, cəmiyyəti vizual və fiziki olaraq əlillərin varlığına adaptasiya etmək üçün fəallıq göstərmək lazımdır. Təəssüf ki, bizim əlillər bunu etmir. Bunun bir çox təbii və süni səbəbləri var. Təbii amili yaradan əsas səbəb zəif və təlatümlərə uğrayan ruhi-psixoloji faktordur ki, o da cəmiyyətin özünün əlilliyindən qidalanır.Yəni hələ formalaşmamış cəmiyyət,üstəgəl əlilləri zorlayan cəmiyyətin stiqması. Son olaraq kompleks yaranır və əlillər cəmiyyət arasına çıxmaqdan imtina edir. Bu da ağır psixoloji travmaya gətirib çıxarır.
Süni amil isə genetik, xarakterik keçir ki,cəmiyyətimiz pis şeylərə meyillidir, bu da əlillərdə özünü daha qabarıq göstərir. Siyahını uzatmaq olar, amma bu, deyinmək, olanlarla barışmaq və məğlub olmaq sayılar.Belə halların qarşısını almaq, bizim bir çoxumuzun ruhundakı iltihabı sağaltmaq lazımdır. Əsasən xarakterimizi gücləndirməliyik. Ən yaxşı vasitə isə su və hava kimi vacib olan ünsiyyətdir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir. Belə ki, psixoloji araşdırmalar göstərir, ünsiyyət sayəsində insan keyfiyyətcə dəyişir. Onun hərtərəfli, ahəngdar inkişafı mümkün olur, o, müəyyən ictimai vəzifəni yerinə yetirir, sosial rolu ifa edir, zəruri rəftar və davranış normalarına, praktik fəaliyyət vərdişlərinə yiyələnir, ətraf aləmə fəal surətdə təsir göstərməyə can atır.
İkinci növbədə bizim ölkədə ən çox deformasiyaya uğrayan sahə – maarifləndirmədir. Maarifləndirməyə hələ bağçalardan başlamaq lazımdır. Bu işdə həm valideynlərin, həm də müəllimlərin rolu böyükdür. Uşaqlıq yaşlarından insanlara aşılanmalıdırki, cəmiyyətdə tam sağlığı yerində olan insanlardan savayı əlil insanlarda var.
Bu hələ mövzunun bir hissəsidir, ardı da olacaq. İnsanı idarə edən ağlıdır – bunu unutmayaq. Mən fiziki cəhətdən sağlamlığımı itirsəm də, çox şükür, ağlımı itirməmişəm. Özümü əlil hesab etmirəm. Hər şeyin yaxşı olacağına inanıram. Siz də inanın və baxışlarınızda, düşüncələrinizdə islahatlar aparın!
P.S. “Əlil” sözünü və “fiziki məhdudiyyət” kəlmələrini qəbul edirəm. Amma “fiziki qüsurlu” (Azərbaycan dilinin izahlı lüğətindən – eyib, nöqsan, çatışmayan cəhət, çatışmazlıq) və “şikəst” kəlmələrini təhqir kimi qəbul edirəm…