“Özümü doğradım ki, İlham Əliyev səsimi eşitsin” (VİDEO)

“Ali Məhkəmədə bəlkə məndən 3 litr qan gedib. Bütün dəhliz, bütün divarlar, bütün yer hamısı qandır. Oradan gəlmişəm Prezident Administrasiyasına, qan tökülə-tökülə getmişəm Administrasiyanın pilləkənindən qəbul otağına kimi, qanı görərdin, göllənmişdi”- Elminaz Abdullayeva bu gün başına gələnləri nəql edir.

Martın 12-də Ali Məhkəmənin hakimi Tapdıq Mahmudov Əlvan Abdullayevə 9 il yarım həbs cəzası verdikdən sonra onun anası Elminaz Abdullayeva məhkəmədə damarlarını kəsib. Qadın bu qərarı ədalətsiz hesab edib.

“Hadisə 2013-cü ilin martın 18-də olub. Beş nəfər basqın edib oğlumu döyüblər. Bir oğlumu güllə ilə vurublar. 10 gün Şirvan şəhər xəstəxanasında yatıb. Yanında polislər mühafizə edib. Nə səbəbdən yatıb onlar hamısı şahiddir. Onu Aşurov Davud vurub. Şirvan şəhər prokuroru onların hamısın ört-basdır elədi, bir mənim oğlumu tutdu”- məhbusun atası Eldar Abdullayev bildirir.

E. Abdullayev deyir ki, baş vermiş mübahisə zamanı oğlunun əlində olan ov tüfəngindən atəş açılıb və onun qırmaları Zaur Aşurovun ayağından dəyib. Hadisədə Zaur Aşurov ölüb. Amma onun anası məhkəmədə Əlvan Abdullayevdən şikayətçi olmadığını deyib. Eldar Abdullayev oğlunun özünü və qardaşını müdafiə etmək üçün atəş açdığını deyir: “O ki, dedi iş öz qüvvəsində qalır, məhkəmənin içərisində yoldaşım özün lezva ilə doğradı. Dedi, bu haqsızlıqdır. Mayın 7-də də özün Şirvan şəhər Məhkəməsində yandırmışdı. Nəyə görə ? 102-yə də zəng edirik heç nə etmirlər”.

Elminaz Abdullayeva əlindən qan axa-axa Prezident Administrasiyasına gedib. Orada onu heç kim qəbul etməyib. Onunla birlikdə gələn Maarif Mehdiyev isə təhqir olunub. “ Dedi, deyəsən ağsaqqalsan, alimsən hörmət edirik, amma başa düşən deyilsən. Məni vurdular, sürüdülər, ondan sonra da təhqir elədilər. Məni Prezident Administrasiyasının qabağında, bayırda vurdular”.

Əlvan Abdullayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə təqsirli bilinir. Onun vəkili Əsabəli Mustafayev məhkəmənin qərarını ədalətsiz hesab edir. O bildirir ki, Zaur və Davud Aşurovlar Əlvanı əvvəl döyüblər, sonra bıçaqla vurmaq istəyiblər. Əlvan Abdullayev özünü müdafiə edib və bu iş materialları ilə sübut olunur. “Burada özünümüdafiə göz qabağındadır. Bunu hüquqda ən az savadı olan adam da görür. Onun qardaşını öldürmək istəyiblər, güllə atıblar, bunun qarşılığında o da məcbur olub silah işlədib, yəni real təhlükə olub. Qanun da deyir ki, real təhlükə varsa, sən özünü və yanındakını qorumaq üçün adekvat tədbir görə bilərsən” vəkil deyib.

Elminaz Abdullayeva məhkəmənin qərarını ədalətsiz hesab edərək, bir dəfə Şirvan şəhər Məhkəməsində özünü yandırıb, indi isə Ali Məhkəmədə damarlarını doğrayıb. Onun hər iki qoluna tikiş vurulub. Neçə tikiş vurulduğunu soruşduqda qadın hesabı itirdiyini deyir: “Dedim, yəqin ki, bu aşağılar baxmayıb, Ali Məhkəməyə kasasiya şikayəti verdim.  Ərizəmi vermişəm, sözümü demişəm, şikayətimi bildirmişəm. Məhkəmə də mənim dediklərimə baxmayandan sonra mən məcbur oldum özümü doğradım ki, İlham Əliyev mənim səsimi eşitsin. Mən ona görə doğramışam özümü. İlham, Mehriban mənim səsimi eşitsin. Niyə eşitmirlər?”

Ana səhifəVideo“Özümü doğradım ki, İlham Əliyev səsimi eşitsin” (VİDEO)