Özgecan anlatdı

İlk dəfə təcavüzlə 13-14 yaşlarında qarşılaşıb, daha sonra qarşını kəsib masturbasiya…

Source:

Qadınlar #sendeanlat deyirlər bir-birilərinə. Hər bir qadın təcavüzlə üzləşib. Amma heç vaxt anlada bilməyiblər, bəlkə də özlərinə belə. Bəlkə də qadınların təcavüz hekayələrini oxuyana qədər özlərini təqsirkar gördülər, bəlkə də elə düşünüblər ki, yalnız özləri təcavüzə uğrayıb. Hər kəs bilirdi, hər bir qadın, amma susurdu, görmürdü, duymurdu, danışmırdı. Əminəm ki, digər qadınların hekayələrini oxuyub anladılar: Onlar qadın olduqları üçün təcavüzə məruz qalıblar.

Yenə də insan olduğumuza, insanlığa nifrət etdik, yenə də sübut olundu ki, dünyanın ən vəhşi varlığı insandır. Yenə də əmin olduq ki, dünyanı cəhənnəmə çevirən elə biz özümüzük. Yenə bütün qadınlar dünyanın yaşanılacaq bir yer olmadığını düşünür. Xoşbəxt, rahat yaşamaq elə də asan deyil. İki gün öncə Türkiyədə Özgecan Aslan təcavüzə məruz qaldı. “İnsanlıqdan kənar” təcavüz demək də olmur. Çünki təcavüzü insan etdi.

Heç kəs, cinsindən asılı olmayaraq, təcavüzdən sığortalanmayıb. İstər qadın olsun, istər kişi. Bu, təkcə Türkiyədə deyil, hər yerdə, hətta Azərbaycanda da belədir. Ən çağdaş dinin yayıldığı yerlərdə belə təcavüz qaçılmazdır. Özgecan nə ilk idi, nə də ki son olacaq, hər gün minlərlə qadın dünyanın müxtəlif yerlərində təcavüzlə üz-üzə qalır. Nə qədər ki, insanlar penis və vaginaya görə kateqoriyaya bölünəcək, təcavüz halları da bir o qədər uzun sürəcək. Nə qədər ki təhsil sistemi sıfırdan başlayaraq dəyişilməyəcək, o qədər də vagina görən kimi özünü itirən, yeriyən nə varsa, cinsi əlaqəyə girməyə çalışan “varlıqlar” olacaq.

Bəs biz nə vaxt insan olacağıq? Nə vaxt normal insan olub, nəyin düzgün, nə səhv olduğunu anlayacağıq? Cavab vermək çox çətindir. Nə qədər ki ədalət öz yerini tapmayıb, nə qədər ki heç kəs “öz rolunu” düzgün oynamayacaq, toplumu dəyişdirmək, düşüncəni dəyişdirmək də bir o qədər çətin olacaq.

Azərbaycan qadınlarının hekayələrini oxudum. Bilmədim nə reaksiya verim: Bölüşdüyü üçün sevinim, yoxsa başına gələnlərə üzülüm. İlk dəfə təcavüzlə 13-14 yaşlarında qarşılaşıb, daha sonra qarşını kəsib masturbasiya etmiş bir təcavüzkar, universitetdə otaqda tək oturduğunu görüb “tanış olmağa” çalışan yuxarı kurslar və daha nələr. Hələ hər bir qadının tez-tez üzləşdiyi metrodakı, avtobusdakı sürtünmələr var. Sosial şəbəkələrdə “Salam, tanış olaq?”, “Çox gözəlsiz” tipli ismarıclar. Sayını qadınlar daha yaxşı bilər.

Hər rüb “Azərbaycan Qadını” (AQ) jurnalı dərc olunur, heç bir sayında (qarşıma çıxan) qadınların çətin vəziyyəti, təcavüz hallarına rast gəlməmişəm. Niyə bir qadının dərdini digər qadın “çəkmir”? Niyə Azərbaycan qadını vecsizdir? Bir qadın digərini dəstəkləmir, dərdinə həmdəm olmursa, demək ki, bütün ümidlər ölmək üzrədir. Gələcək elə də ürəkaçan görünmür.

Əziz Özgecan.

Gözlərin nə qədər də gözəldir. Səni Özge Can deyə çağırırdılar? Sən özge bir can idin? Anan sənə “Qara gözlü Canım” deyirdi?

Özge Can.

Səndən və bütün təcavüzə məruz qalan, təcavüzlə üz-üzə qalanlardan bir güc alıb, qadın haqlarına görə, sizlərə qadın olduğunuza görə deyil, insan olduğunuza görə daha da möhkəm olmalıdır qadınlar. Susmamalıdır qadınlar, anlatmalıdırlar: Siz qadın olduğunuz üçün təcavüzlə üz-üzə qaldınız, təcavüzə məruz qaldınız, öldürüldünüz. Sizin heç bir təqsiriniz yoxdur. Siz də anladın.

Ana səhifəMənim FikrimcəÖzgecan anlatdı