Özəl sahibkarlığın inkişafı, yoxsa inhisarçılıq?

Kimya Sənaye Parkının hansı məqsədlə yaradıldığı aydın deyil

Source:


Kimya Sənaye Parkının hansı məqsədlə yaradıldığı aydın deyil

Sumqayıt “Kimya Sənaye Parkı”nın layihə-smeta sənədlərinin hazırlanması, ərazidə ekoloji monitorinqin aparılması, ekoloji təmizlənmənin yerinə yetirilməsi, tikinti-bərpa işləri, elektrik yarımstansiyalarının tikintisi, müvafiq infrastrukturun yaradılması və avadanlıqlarla təchizi işlərinin həyata keçirilməsi ilə bağlı xərclər üçün cari ildə 38 min manat investisiya yatırılıb.

Məbləğ kiçik görünə bilər. Ancaq ötən il Sənaye Parkının Sumqayıt şəhərində yerləşən ərazisinin 167,66 ha sahəsində ərazidaxili məişət tullantıları su şəbəkəsi və kanalizasiya sisteminin tikinti işlərinin satınalınmasına 4 milyon 484 mi manat vəsait xərclənib. Təkcə bir nümunə gətiririk.


Bəs Kimya Sənaye Parkı haqqında nə bilirik?

Qeyri neft sektorunun inkişaf etdirilməsi məqsədilə yaradılan sənaye parkı  ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi baxımından vacibdir. Sənaye Parkı prezident İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli, 548 saylı Fərmanı əsasında yaradılıb. Fərmana əsasən, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti üçün “Azərikimya” İstehsalat Birliyinin ərazisindən 167,66 hektar torpaq sahəsi İqtisadiyyat və Sənaye Nazirliyinin istifadəsinə verilib.


“Burda ikili yanaşma var”

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin həmsədri Azər Mehtiyevin sözlərinə görə, sənaye texnologiya parklarının açılması qeyri-neft sektorunun inkişafına xidmət edəcək: “Bu, bütün dünyada belədir. Ancaq burda ikili yanaşma da var. Qaradağda Neft Kimya Kompleksi də yaradılır. Orda həm neftayırma, həm də kimya məhsullarının istehsalı nəzərdə tutulur. Maliyyələşdirilməsinə də xeyli vəsait ayrılıb. Bir də var – Kimya Texnologiya Parkı. Sumqayıtda əvvəllər də Kimya Parkı olub. Fərmanda çox ümumi göstərilib. Bu, neftdən əsaslana sahə olacaq, ya kimya sahəsi qabardılacaq, aydın deyil. İstəyirlər orada əczaçılıq, tibb sənayesi məhsulları, yuyucu maddələr, avtomobil və digər vasitələr üçün nəzərdə tutulan maddələr, boyalar, gübrə zavodları olsun. Ora nə mümkündür hamısını salıblar. Sadəcə konkretlik yoxdur”.

İqtisadçı Sumqayıt Kimya Sənaye Parkında əsasən qablaşdırma, rezin borular, polad borular tipli məhsulların istehsalının nəzərdə tutulduğunu dedi: “Kimya Parkında “Azertexnolayn MMC” Polad Borular Zavodu açıb. Orda da həm polad, həm də plastik borular istehsal olunur. Ancaq plastik borular STP-də də var. Bu, nəyə lazımdır?”

Prezidentin fərmanına əsasən 2013-cü il yanvarın 1-dən sənaye parkındakı müəssisələr 7 il müddətinə vergidən azaddırlar.

“Azadolmada da belə göstərilib ki, müvafiq icra hakimiyyətinin sərəncamları ilə yaradılan sənaye parkları. Yəni, prezidentin fərmanı ilə yaradılanlar ayrıdır. Niyə ancaq  prezidentin fərmanı ilə yaradılanlar azaddırlar? Bu da maraqlıdır” – söylədi A.Mehtiyev.


“Ölkədə azad sahibkarlıq mühiti yoxdur”

Ekspertin fikrincə, bu gün ölkədə ən vacib məsələ inhisarçılıq mühitinin aradan qaldırılmasıdır: “Orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərə azadlıq verilməlidir. Azad sahibkarlıq imkanları yaradılmamış bu cür inkişaf problem olacaq. Onsuz da ölkədə azad sahibkarlıq mühiti yoxdur. Mövcud oliqarxlara xidmət edəcək sahibkarlıq obyektləri yaradırlar. Ehtimal var ki, oliqarxların kənarda olan firmalarını bura köçürsünlər və yaxud burda müəyyən əczaçılıq firması yarada bilərlər. Eləcə də məişətdə, sənayedə istifadə olunan yuyucu maddələr istehsal edən zavod yaradıla bilər. Ola bilsin hansısa şirkətlərlə birlikdə yaradılsın, ancaq bunun müqabilində artıq mövcud olan obyektlər bağlanılsın, ya da onların istehsal etdikləri məhsullara məhdudiyyətlər qoyulsun. Yerli istehsalın adı altında toxuculuq məmulatları zavodu açılır, əvəzində həmin məhsulların xaricdən gətirilməsinin qarşısı alınır. Ad olur ki, yerli istehsalı dəstəkləyirik”.


Sənaye zonaları haqqında ayrıca qanun yoxdu

Sumqayıt Kimya Sənayesi Parkının rəsmi veb-səhifəsində artıq 20-yə qədər investisiya layihəsi aldıqları, 2 rezidentin müəyyənləşdiyi qeyd olunub. Şirkətlərin adları açıqlanmasa da, rezidentlərin adı açıqdı – “SOCAR Polymer” və “Azertexnolayn MMC”.

İqtisadçı ekspert Rövşən Ağayevin sözlərinə görə, Türkiyədə dövlət bu cür parklara sadəcə torpaq ayırır iş onunla da bitir: “Onlarda bu, sənaye bölgələri adlanır. Bu bölgələrin də hamısının internet səhifələri var. Ay ərzində nə qədər elektrik enerjisi istifadə etdilkərinə qədər səhifələrində hesabat verirlər. Orda dövlət hüquqi məsləhət xidmətləri, peşə məktəbləri yaradır. Patronaj sistemi deyil, dövlətlə əməkdaşlıq sistemidir. Bizdə sənaye zonaları haqqında ayrıca qanun yoxdu, ümumi əsasnamə var. Türkiyədə sənaye zonaları haqqında ayrıca qanun qəbul olunub. Türkiyədə elə sənaye zonası var ki, onun 3 min hektar sahəsi var”.

Rövşən Ağayev hökumətin Kimya Sənaye Parkında hansı yeni sahələrin, yeni məhsulların yaranacağını hesablamadığını söylədi.

Azər Mehtiyev isə Kimya Sənaye Parkına ayrılan investisiya layihələrini qiymətləndirməyin tez olduğunu bildirdi: “Ortada işin olması yaxşıdır. Bu, çox uğurlu addımdır. Amma layihə vaxtilə yaradılması planlaşdırılan azad iqtisadi zona kimi yarımçıq olmasa yaxşıdır”.

Qeyd: Yazı Milli Büdcə Qrupunun “Sənin pulun, Sənin gələcəyin” layihəsi (donor Avropa İttifaqı və Oksfam BB) çərçivəsində hazırlanıb.

Ana səhifəXəbərlərÖzəl sahibkarlığın inkişafı, yoxsa inhisarçılıq?