Azərbaycan DTK-sı neçə agentini AXC-yə sala bilmişdi?
Öz tarixini bilməyən xalq eyni səhvləri təkrarlamağa, eyni müsibətlərə düçar olmağa məhkumdur. Məncə, xalqımızın əksər müsibətlərinin səbəbi məhz öz tarixini dürüst bilməməsi, tarixi hadisələrin mahiyyəti barədə düşünməməsi, tarixi dərslərdən ibrət götürməməsidir.
Bu il xalqımızın tarixində ilk geniş kütləvi hərəkat olan Azərbaycan Xalq Cəbhəsinin rəsmi təsis və qeydiyyatının 30 illiyidir. AXC 1989-cu ilin 16 iyulunda təsis konfransını keçirib və oktyabrın 5-də rəsmi qeydiyyata alınıb. Bu hərəkatın ilk təməl daşını qoymuş, ilk sənədlərinin qaralamasını yazmış bir insan kimi mən cəmiyyətimizdə bu vacib yubileyə layiq olduğu marağı görmədiyimdən təəssüf hissi keçirirəm. Əminəm ki, bizim bu gün əzab-əziyyətini çəkdiyimiz bəlaların təməli həmin günlərdə qoyulmuşdur. Bunun iki səbəbi var idi. Birincisi, xalqın müasir siyasi mədəniyyət deyilən məfhumdan tam bixəbər olması, ikincisi, hakimiyyəti məngirləyib xalq malını mənimsəmək niyyətində olan insanların müstəsna hiyləgərliyi və vicdansızlığı!
Özümü siyasi qafillər sırasından əsla kənar saymıram. Etiraf edirəm ki, həmin dövrdə mən özüm də siyasi cəhətdən çox sadəlövh olmuşam, xalqa və vətənə məhəbbət hissi ilə alışıb yanan bir insan kimi elə fikirləşmişəm ki, AXC-yə gələn insanların hamısı elə həmin saf amallarla yaşayan insanlardır.
Fəqət həyat tezliklə yanıldığımı mənə sərt və danılmaz tərzdə sübut etdi. O acı dərsi alana kimi isə mən “ey dele-qafil” təşbihinə cox uyğun gələn sadəlövh, insanların ucadan səsləndirdiyi sözlərə inanmağı özüm üçün borc sayan bir adam idim.
Həmin vaxt mənə səhv düşündüyümü, səhv mövqedə durduğumu deyənlər var idimi? Bəli, xatirələrimi çözələyib belə bir adamı yadıma salıram, xatırlayıram ki, məni gözləyən məşum aqibət barədə məni xəbərdar edirdilər, lakin mən bu xəbərdarlığı lazımi ciddiliklə qəbul etməmişdim.
İbrət olsun deyə oxucularıma bu hadisə barədə danışmaq istərdim.
1989-cu ilin yaz günlərindən birində, axşamçağı, AXC Müvəqqəti Təsis Mərkəzinin üzvü Leyla xanım Yunusova məni evinə “maraqlı adam”la görüşə dəvət etdi. Getdim.
Maraqlı adam Özbəkistan komsomolunun MK-sının məsul işçisi, əslən naxçıvanlı bir ziyalı gənc idi. Gülərüz və nəzakətli bu adam əvvəl məni AXC barədə xeyli danışdırdı. Mən AXC haqqında şövqlə və çox nikbin danışdım. Həmin adam məni diqqətlə dinlədi və sonra dedi:
-Bu, çox ilhamverici və möhtəşəm bir təşəbbüsdür. Mənim heç vaxt ağlıma belə gəlməzdi ki, Azərbaycanda belə bir hərəkat başlaya bilər. Fəqət mən, vəzifəmin mənə verdiyi fürsətdən istifadə edib çox şey öyrənmiş bir adam kimi, diqqətinizə bəzi məsələləri çatdırmaq istərdim. Əvvəla, mövcud hakim zümrə cəmiyyətin idarə edilməsi sahəsində mükəmməl biliyə və texnologiyalara malikdir. Bu zümrə indi cəmiyyətdə gedən prosesləri nəinki izləyir, həm də məharətlə idarə edir. Təbii ki, bu prosesdə aşağıdan gələn güclü və obyektiv demokratik ruhlu impulslar var. Lakin bu demokratik ruh və impuls hakim zümrəyə əsla yaramır. Bu zümrə hərəkatı istədiyi məcraya yönəltmək üçün bütün vasitələrdən istifadə edəcək…
Bu məqamda mən onun sözünü kəsib etiraz etdim:
-Əgər təşkilatın başında əqidəli və saf adamlar durursa, əgər onun Məramnamə və Nizamnaməsi həqiqətən demokratikdirsə, hakim zümrə ona necə təsir edə biləcək?
Ağsifət, azca kürən və gülərüz həmsöhbətim mənim onun sözünü ehtirasla kəsməyimi çox nəzakət və təmkinlə qəbul etdi, əmin olanda ki, mən sözümü qurtardım, fikirlərimə münasibətini bildirdi:
-DTK-nın təlimat kitabları var. Bəşər tarixi boyu bütün dövlətlərdə və cəmiyyətlərdə baş vermiş bütün hərəkat, qiyam, inqilab və əksinqilabların zəngin təcrübəsi bu təlimat kitablarında konkret göstərişlər şəklində ümumiləşdirilib. Məsələn, əgər sizin hərəkatın Məramnaməsi dinc və demokratikdirsə, DTK sizin təşkilata elə lider sırıyacaq ki, onun rəhbərliyi altında təşkilatın fəaliyyətinin sizin belə ciddi-cəhdlə hazırladığınız dinc və yaradıcı Məramnamə ilə heç bir əlaqəsi olmasın. Əgər siz öz demokratik Nizamnamənizə belə güvənirsinizsə, DTK sizin təşkilata o qədər cinayətkar ünsür salacaq ki, onlarla demokratik Nizamnamədən danışmaq əbəs olacaq. Əgər sizin təşkilatı gözdən salmaq zərurəti yaransa, DTK sizin cinayətkar üzvlərinizin həyat tarixçəsini açıb xalqa deyəcək: baxın, sizin qəhrəmanlar bu adamlardır! Əgər siz xalqın düşünən və ziyalı təbəqəsinə arxalanmaq istəyirsinizsə, DTK sizin təşkilatı cahil və qiyamçı kütlə ilə dolduracaq.
Mən onun dediyi təhlükənin mövcudluğunu etiraf etsəm də, inandığım və güvəndiyim məsləkdaşlarımın sədaqətinə və saflığına əmin olduğumu bildirdim. Həmsöhbətim təbəssümlə dedi:
-Təki siz deyən olsun. Əgər sizin arzular həyata keçsə, bu, mənim vətənim üçün misilsiz tərəqqi və möcüzə olar.
Söhbəti maraqla izləyən Leyla xanım bizi çay süfrəsinə dəvət etdi, lakin mən tələsirdim deyə, həqiqətən də maraqlı adamla daha geniş söhbət fürsətindən istifadə etmədim. Sadəcə, illər keçdikcə, ilk baxışdan ötəri görünən bu görüşün dərin və bir qədər də məşum məzmunu mənim yadıma tez-tez düşməyə başladı.
Bu görüşdən 20 il keçəndən sonra İnternetdə milis general-mayoru, hüquq elmləri doktoru, RF-nin İnterpolunun sabiq rəhbəri Vadim Ovçinnikovun müsahibələrində oxudum ki, SSRi-də xalq cəbhələrinin yaradılmasında DTK və DİN fəal iştirak etmişdi.
Yaxşı, iştirak etmişdi, lakin necə? Məne-biçarə ki, AXC-ni təşkil edəndə heç bir əyri məqsəd güdmürdüm, hakim partiyanın rəsmən elan edilmiş demokratikləşmə məqsədlərinin gerçəkləşməsi üçün çalışırdım. Mənə bu işi görməyi heç bir DTK-DİN cütlüyü tapşırmamışdı, əksinə, əqidəm naminə görmək istədiyim bu müsbət işə mümkün qədər əngəl törədirdi.
Lakin başqa bir həqiqət də var ki, onu “özbək” naxçıvanlı mənə demişdi. Şübhə yoxdur ki, məxfi xidmətlər xalq hərəkatlarını dağıdıcı istiqamətə yönəldib hakim zümrənin maraqlarını təmin etmək üçün öz casuslarından istifadə edirdilər və edirlər. Məsələn, Litva müstəqil olandan sonra onun demokratik parlamenti “Lüstrasiya haqqında qanun” qəbul etdi və Litva Xalq Cəbhəsi “Sayudis”in bütün rəhbərlərinin dosyeləri açıldı. Onda bəlli oldu ki, təşkilatın ali qurumu olan Seymin 35 üzvünün 17-i DTK ilə əməkdaşlıq edirmiş. O cümlədən Baş nazir Kazimere Prunskene və “Sayudis”in ideoloqu Virgiliyus Çepaytis bu həqiqət üzə çıxandan sonra istefa verməli oldular.
Lap bu yaxınlarda sosialist Polşasının sonuncu daxili işlər nazirinin vəfatından sonra onun açılmış arxivindəki sənədlərdən bəlli oldu ki, əfsanəvi “Solidarnost” hərəkatının lideri, Polşanın ilk demokratik seçilmiş prezidenti və Nobel sülh mükafatının laureatı Lex Valensa da “Bolek” təxəllüsü altında gizlənərək gizli qurumlarla əməkdaşlıq edirmiş və müxalifətin bir sıra görkəmli liderinin başını öz kuratorlarının əli ilə yeyibmiş. Danılmaz sübutlarla küncə sıxılmış Valensa demişdi: “Nə olsun ki? Mənim həqiqi qiymətimi siz yox, tarix verəcək”.
Lakin bizdə lüstrasiya barədə qanun qəbul edilmədi. Siyasət səhnəsi DTK casuslarından təmizlənmədi. Mən çox düşündüm: əgər Litva DTK-sı ilk demokratik müxalifət təşkilatı olan “Sayudis”in rəhbərliyinə 50% öz agentlərini sala bilmişdisə, onda Ulu öndərin himayəsi altında işləyən Azərbaycan DTK-sı neçə agentini AXC-yə sala bilmişdi? AXC-nin ilk 16 liderinin neçəsi DTK ilə bağlı idi?
Açığı desəm, zaman ötdükcə bu sualın aktuallığı itir. Ulu öndəri DTK generalı olan, hər meydanında onun ucalan heykəlinə ildə üç-dörd dəfə gül qoyulan ölkədə böylə sualların nəinki əməli, heç nəzəri əhəmiyyəti yoxdur.
Lakin hər necə də olsa, həyat ki, qurtarmayıb? Zavallı Azərbaycanda xalqı və vətəni möhnətdən xilas etməyə can atan oğullar və qızlar ki, hələ də var? Var! Və onlar əzab və əziyyətlərə qatlaşaraq, illərlə zindanlarda çürüyərək vətəni xilas etməyə çalışırlar. Onların güvəndiyi qüvvə mafioz oliqarxlar və ya xarici imperialistlər deyil, yalnız xalqdır.
Hakimiyyət də bunu bilir və həqiqi rəqiblərini zərərsizləşdirmək məqsədilə hələ AXC dövründə sınaqdan keçmiş və “AXC iyi verən” etibarlı kadrlarını işə qoşur, onları qalxmaq istəyən xalqın önünə salıb yenə həmin əski dövrdəki kimi, xalqı labüd məğlubiyyət gözləyən səmtə yönəldir.
Əziz oxucum, düşün, müqayisə et, hər bir hərəkətin doğuracağı nəticələri və fəsadları ölç-biç və tarixdən də ibrət götür ki, düzgün qərar verə biləsən.