Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı tövsiyələr parlamentə təqdim edilib
Noyabrın 22-də ölkənin futbol təsərrüfatında böyük ajiotaj yaşandı. Həmin gün AFFA İntizam Komitəsinin iclası keçirildi. İclasda danışılmış oyunlarda şübhəli bilinən şəxslərin cəzalandırılması ilə bağlı qərar verildi. UEFA-dan və digər mənbələrdən 1-ci divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatlar AFFA və PFL tərəfindən ciddi şəkildə araşdırılaraq, bu işdə şübhəli bilinən şəxslər araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırıldı.
Üst-üstə 6 klubdan 23 futbolçu və 1 hakim cəzaya məruz qaldı. Ancaq ictimaiyyət arasında AFFA İntizam Komitəsinin bu qərarına münasibət birmənalı deyil. Futbol ictimaiyyəti hesab edir ki, oyun alverində iştirak edənlər daha yüksək səlahiyyət sahibləri – klub, AFFA və PFL-də vəzifə tutan şəxslərdi. Amma araşdırmaya cəlb olunanlar futbolçular və inzibatçılardı. Onların arasında bir hakim də var ki, o da uzun müddət bundan əvvəl AFFA rəhbərliyinin qəzəbinə tuş gələrək, elita oyunlarını idarə etməkdən uzaqlaşdırılmışdı. Yəni Anar Niyazov birinci diviziona “sürgün edilmişdi”. Futbol camiəsi hesab edir ki, bu şəxslər sadəcə, UEFA-nı aldatmaq üçün qurban verilən çox kiçik fiqurlardı.
Azərbaycanda oyun alqı-satqısı ilə bağlı söz-söhbət həmişə olub. Bu, UEFA-nın AFFA-ya 3-cü belə müraciətdi. Avropanın ali futbol qurumu buna qədər AFFA-ya iki dəfə müraciət edərək, şübhəli oyunlarla bağlı faktlar vermiş və araşdırma aparılmasını tələb etmişdi. Ancaq AFFA rəhbərliyi UEFA-nın bu tələblərinə həmişə “araşdırma aparıldı, şübhəli məqamlar tapılmadı” cavabını vermişdi. Bu dəfə UEFA daha tədbirli tərpənib. Qurum AFFA-ya Azərbaycan çempionatında baş verən oyun alqı-satqıları ilə bağlı konkret faktlar təqdim edib, tədbir görülməsinin tələb edib. Bu barədə məlumatı AFFA yanında Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov verib: “Şübhəli oyunların siyahısı, dəqiqələr üzrə videoyazılar UEFA tərəfindən AFFA-ya göndərilib”.
Təşkilat xəbərdarlıq edib ki, tədbir görülməsə, Azərbaycan çox ciddi sanksiyalara məruz qala bilər. Yalnız bundan sonra çıxış yolunun qalmadğını görən AFFA konkret addımlar atıb. Lakin bu addım “kiçiklər”in qurban verilməsinə hesablanıb. Adı siyahıya düşən futbolçuların əksəriyyəti yaşlı, bu-gün sabah karyerasını bitirəcək şəxslərdi. Onlar birinci divizionda demək olar ki, futbol karyeralarının qürub çağlarını yaşayırlar. Məsələn, onlardan biri vaxtilə Azərbaycanın iddialı klublarında oynamış, yığma komandaya dəvət almış Elvin Əliyevdi. Elvin Əliyevin atası Füzuli Əliyev də futbol funksioneridi. O, “Bakı”da və “Rəvan”da yüksək vəzifələr tutub. Özü də daim indiki AFFA rəhbərliyini tənqid edib. İctimaiyyətdə belə fikir formalaşıb ki, Elvin Əliyevin adı bu siyahıya məhz belə məqamlara görə salınıb. 32 yaşlı futbolçu mətbuata verdiyi açıqlamada tamamilə günahsız olduğunu iddia edir. O, bu məsələyə lətifə nümunə göstərməklə münasibət bildirib: “Heç nə olmadan, araşdırma aparılmadan adımızı batırıblar. Deməli, bir lətifə var. Dovşan meşədə qaçır. Heyvanlar soruşur ki, hara qaçırsan? Deyir ki, meşəyə bir nəfər gəlib, üç qulağı olanların bir qulağını kəsir. Heyvanlar da deyir ki, sən nədən narahat olursan, sənin iki qulağın var. Dovşan cavab verir ki, o adam əvvəl qulağı kəsir, sonra sayır. Bizim məsələmiz də bu lətifəyə bənzəyir. Sübut-dəlil yox, adımızı hallandırırlar. Heç olmasa, adımıza-sanımıza hörmət edəydilər. Hər şey göz qabağındadı. Azərbaycanda nələrin olduğunu bizdən də yaxşı bilirlər. Dəfələrlə AFFA-da işləyənlər haqda yazmısız. Haqq-nahaq bilinir, ortadadı”.
Cəzaya məruz qalan futbolçulardan biri, “Bakılı”nın oyunçusu Bəhram Bəhramzadə isə daha sərt danışıb və oyun alveri edən şəxsin adını da açıqlayıb. O, “Futbol+” qəzetinin 26-27 noybar tarixli sayında verdiyi açıqlamada klubdan iki ay əvvəl ayrıldığını deyib. Bəhram ona oyun satmağı təklif etdikləri üçün bu klubdan ayrıldığını vurğulayıb və bildirib ki, belə işlərlə “Bakılı”nın prezidenti, iş adamı Misir Əbilovbun oğlu Ceyhun Əbilov məşğul olub: “Mən klubdan iki aydı ayrılmışam. Elə o söz-söhbətə görə ayrılmışam. Mənə oyun satmaq təklif olundu, çıxdım ordan. Cəmi 5-6 oyun oynadım. Gördüm ki, bunlar oyun satırlar. Bilirsiz, mənə nə məşqçilər, nə də futbolçular “gəl, oyun sat” demirdi. Özünüz yaxşı bilirsiz kim bunu təklif edirdi. Mətbuatda ən çox Misir Əbilovun oğlu Ceyhunun adı çəkilir. Bəli, belə işləri görən odu. Bu siyahıya adımın niyə salındığını bilmirəm. Lap telefon danışıqlarıma qədər araşdırsınlar, Dövlət Təhlükəsizlik Xidməti də işə qarısın. Bunu çox istəyirəm, kimin təqsiri varsa, cəzalansın”.
Maraqlıdı, klubdan iki ay əvvəl ayrılmış futbolçunun adı siyahıya salınsa da, bu işlə bağlı mətbuatda adı daha çox hallanan klub prezidentinin oğlunun adı siyahıda niyə yoxdu? AFFA ən azı şübhəli məqamları obyektiv araşdırmaq istəyirsə, mətbuatda adı oyun alqı-satqısında hallanan Ceyhun Əbilovun adını siyahıya salmalıydı. Elə bu məqamı nəzərə alan ictimaiyyət hesab edir ki, AFFA-nın istəyi günahkarları yox, UEFA-nı aldatmaq üçün “kiçik şəxslər”i cəzalandırmaqdı.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində oyun alqı-satqısına görə cəza nəzərdə tutulmayıb. Yalnız UEFA-nın tələbindən sonra bu məsələ aktuallaşıb. Artıq məcəlləyə dəyişikliklər edilməsiylə bağlı tövsiyələr parlamentə təqdim edilib. Yaxın günlərdə dəyişikliklərin qəbul olunacağı gözlənilir. Bundan sonra güman ki, həbs olunanlar da olacaq. Ancaq yəqin ki, “kiçik adamlar”. Zatən Azərbaycanda bütün sahələrdə belə olub: hər hansı problem ictimailəşincə, heç bir səlahiyyət sahibi cəzalanmayıb, əvəzində “kiçiklər” qurban verilib.
UEFA oyun alqı-satqısı ilə çox ciddi mübarizə aparır. Azərbaycanla qonşu ölkələrdə – Gürcüstan və Ermənistanda bununla bağlı mübarizə çoxdan aparılır. Hələ 2011-ci ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti “Ulisses” klubunun 2 məşqçisini, futbolçusunu və inzibatçısını danışılmış oyunlarda iştirakda ittiham edərək, həbs etmişdi. Gürcüstan polisi də ölkənin adlı-sanlı klubu Tbilisi “Dinamo”sunun rəhbər şəxslərini və bir neçə futbolçusunu istintaqa cəlb edib. Azərbaycan isə UEFA-nın diqqət mərkəzində saxladığı bu problemlə heç vaxt məşğul olmaq istəməyib və həmişə də “bizdə belə problem yoxdu” deyib. Amma sən demə, varmış. Proseslərdən çıxan məntiqi nəticə isə budu: Deməli, AFFA bu işlə indiyə qədər ona görə məşğul olmayıb ki, cinayətin iştirakçılarının yüksək səlahiyyət sahibləri olan futbol funksionerlərinin olduğunu bilirmiş. Zatən, bu işi törədən futbolçular olsaydı, AFFA onları çoxdan cəzalandırardı. İndi isə UEFA konkret fakt qoyub və nəticə gözləyir. AFFA “kiçik fiqurlar”ı qurban verməklə, bu qalmaqaldan “təmiz” çıxmağa çalışır. Lakin ola bilsin ki, AFFA bu bicliklə UEFA-nı aldada bilməsin. Belə olacağı təqdirdə, Azərbaycanın futbol təsərrüfatında daha iri fiqurların cəzalanacağı qaçılmaz olacaq. Necə deyərlər, bu xəmir hələ çox su aparacaq.