“Bu durum diktaturanın mövcudluğunun bariz nümunəsidir”
Avropada fəaliyyət göstərən “Oyan” Hərəkatı Azərbaycanda tənqidi mətbuatın bloklanmasından narahatlığını ifadə edir. Hərəkat bununda bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Azərbaycanda olan mövcud rejimin azad sözə və mətbuata olan hücumu ölkənin gələcəyi üçün təhlükəli tendensiyadır və bu hal təəssüflər olsun ki, artan sürətlə, daha geniş miqyasda davam edir:
“Xüsusilə son dönəmdə siyasi fəalların, jurnalist və blogerlərin ard –arda həbsi növbəti mərhələnin – yəni azad mətbuatın sıradan çıxarılması halının başlanğıcı kimi görünürdü. Bu gün bu başlanğıc öz sonluğuna çatdı və məhkəmə qərarı ilə “azadliq.org”, “azadliq.info”, “xn--azrbaycansaati-11f.com”, Turan Tv və Meydan TV –nin ölkə ərazisində bloklanması qərarı çıxarıldı. Əvvəllər rejim bu kimi hadisələri dolayı yollarla həyata keçirirdisə, bu gün artıq bunu açıq şəkildə, nazirliyin şikayəti ilə həyata keçirir. Bu durum diktaturanın mövcudluğunun bariz nümuəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq öhdəliklərin açıq şəkildə pozuntusu ilə müşayiət olunan bu durum ciddi narahatlıq doğurur.
“Oyan” Hərəkatı qeyd edilənlərdən dolayı qəti narahatlığını bildirir və hakim rejimi bu duruma son qoymağa, Konstitusiya və beynəlxalq öhdəliklərə əməl etməyə çağırır.