22 Dekabrda işıqlarının verilməməyinə görə etiraz aksiyası keçirən Cəbrayıl köçkünləri sonradan baş verən həbslərlə bu problemlərini unutdular. İşığın 5-6 saatlarla söndürülməsi sakinləri hövsələdən çıxarmışdı. Evlərində qaz yoxdur deyə onlar bütün ev ehtiyaclarını işıqla görürlər. Etirazda həbs olunanların valideynləri deyir ki, hər ay limitdən artıq istifadəyə görə onlardan əlavə pul yığılıb. Ödənilən pula görə isə heç vaxt qəbz verilməyib.
Həbs edilən İlkin İsgəndərovun anası Afilə Bayramova: “Hadisə ancaq işığın üstündə olub. İşıq səhər saat 10-da yanırdı, 12-də keçirirdilər. Bir də saat 6-ya qədər yandırmırdılar. Qışdı, qiyamətdi, qazı yox, bir şeyi yox, nə ilə qızınaq?!
Həbs edilən Zaur Hacıyevin atası Təbriz Hacıyev : “5-ci gün elektrik gəlib işıq naqillərin qırdı. Pula görə 4 evin naqilin qırdılar. Dedim, mənim sənə nə qədər borcum qalıb? Dedilər, 160 manat. Dedim, mənim 160 manat pulum yoxdur, özüm də xəstə adamam, amma qonşudan yığıb ödəyərəm sənə o pulu. Bu şərtlə ki, mənim sayğacımı açırsan, sıfırlayırsan. Dedi, onu etməyə mənim ixtiyarım yoxdur. Salyan baxır o işə, onlar eləməlidir. Dedim, onda mən sizə pul vermirəm. Mənə bir kağız verin, mən onu aparıb poçta ödəyim. Əlin cibinə vurdu ki, ondan mənə nə xeyir qalır ? Dedim, onda mən də sənə pul vermirəm. Burada 3-4 nəfərdən pul aldılar, 60, 50 manat pul aldılar, qəbz də vermədilər, naqili də kəsdilər”.
Digərləri kimi barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilən Calal Quliyevin anası Nərminə Məmmədova: “Pulu keçən il 5 manatdan yığırdılar. Camaat heç nə demirdi, verirdi. Pulu 10 manata qaldırdılar. Bu gün eşidirəm ki, (bu tərəfdən yığırdılar, hələ bizə çatmamışdılar N.M.) 10 manata yiyə durmayıblar ki, 50 manat, 60 manat ver. Bu camaat da ona görə ayağa qalxıb ki, işıq yanmır, özünüz də bu qədər pul istəyirsiniz. Bu pulu yığıb hara aparırsınız, nəyə aparırsınız ki, bizim işıqlarımız da yanmır”.
İcra başçısının müavinləri sakinlərlə görüşüb, işıq probleminin həll olunacağına söz veriblər. Elə bu dəm görüşün keçirildiyi klubda işıq sönüb və sakinlər gözləsə də, işıq yanmayıb. Valideynlər deyir ki, hər şey bundan sonra başlayıb. Aldadıldıqlarını görən sakinlər yolu kəsməyə çalışıblar.
“Camaata deyiblər ki, işıq yanacaq, bundan sonra problem olmayacaq. Camaat dağılmaq istəyəndə işıq söndü. İşıq sönəndə camaat qayıtmayıb, bir də yola düşüblər ki, icranın yanına gedək ki, bu nədir, nə səbəbədir? Bizə deyirlər, yanacaq, biz o tərəfə tərpənməmiş, söndürdülər. Ona görə də camaat lap qalxdı ayağa, iş bərkidi”- Nərminə Məmmədova deyir.
Həbs edilən Ülvi Quliyevin atası Məhəmməd Quliyev : “Rayonun baş rəisi (Cəbrayıl Rayon Polis Şöbəsinin rəisi Araz Şahverdiyevi nəzərdə tutur) camaatın qabağına düşüb gedibsə, icra hakimiyyətinin qabağına camaatı o çəkib. Yeddinci qəsəbədən o camaatı çəkib aparıb. Yuxarılara da o məlumat verib. İmişlidən, Beyləqandan kömək istəyib. Elə şərait yaradıb ki, burada millət bir-birin qırıb”.
Ülvi Quliyevdən başqa digər həbs olunanların sağlamlığında problemlər var. Valideynlər həbsxana şəraitində övladlarının vəziyyətinin pisləşəcəyindən qayğılanırlar.
Vərəm xəstəliyindən əziyyət çəkən Calal Quliyevin anası Nərminə Məmmədova: “Mənim uşağım ağciyər xəstəsidir. Mənim uşağımı niyə salırlar içəri ? Xahiş edirəm, mənim uşağımı azad eləsinlər. Səhər xəstəliyi bir də qalxanda mən onu sağalda bilməyəcəm”.
Etiraz aksiyasından sonra qəsəbənin işıqları yanır. Valideynlər deyir ki, övladlarının azadlığı bahasına işıqlığa çıxıblar.
İlkin İsgəndərovun xanımı Ulduz İsgəndərova deyir: “Bu, mitinqdə olan bir şeydi. Bu, təkcə bizdə deyil, bütün ölkədə mitinq keçirilir. Mən bu yaşıma kimi eşitməmişəm, bəlkə siz eşidərsiniz, bir işığa görə həbs qoyalar insana. Mən yoldaşımı tələb edirəm”.
“Üç nəfər körpəsi var mənim uşağımın. Üç körpə hər gecə ağlayıb ataların axtarırlar. İki-üç yaşında bir qızı var, oturub ağlayır. Deyirsən, Cəlalə niyə ağlayırsan ? Dinmir. Dodağın büzür, ağlayır, dinmir. Kövrəlir, heç nə də demir. Bilirik ki, atasından ötrü edir. Çünki yuxudan ayılıb atanı görəndə yüyürüb qucaqlayırdı, “ay ata” deyirdi. Atası evə gələndə başına çıxırdı o uşaq. Ona görə də indi atanı tapmır, ağlayır”- Nərminə Məmmədova deyir.