Ötən il 100-dən artıq azərbaycanlı ailə Çexiyadan sığınacaq istəyib

Çexiyaya gedənlərin əksəriyyəti Dublin Konvensiyasına düşənlərdir

Source:


Çexiyaya gedənlərin əksəriyyəti Dublin Konvensiyasına düşənlərdir

2017-ci ilin ilk on ayında 1222 əcnəbi Çex Respublikasından sığınacaq istəyib. Çex Respublikasının Daxili İşlər Nazirliyinin Miqrasiya və Qaçqınlar üzrə Departamentinin hesabatında belə deyilir.

Sığınacaq istəyənlər arasında 385 müraciətlə Ukrayna vətəndaşları çoxluq təşkil edir. Təqdim olunan ərizələrin sayı üzrə ikinci yerdə 108 müraciətlə Azərbaycan vətəndaşları gəlir. Sonrakı yerləri Azərbaycanın coğrafi qonşuları 102 nəfərlə Gürcüstan və 99 nəfərlə Ermənistan vətəndaşları tutur.

2017-ci ilin mart ayından ailəsi ilə birlikdə Azərbaycanı tərk edən 36 yaşlı Rəşad Əfəndiyev Avstriyaya mühacirət etsə də, Dublin Konvensiyasına uyğun olaraq Çex Respublikasına göndərilib. Rəşad deyir ki, qaçqın düşərgələrində qalan azərbaycanlıların ilk təhvil olduquqları ölkə Çexiya yox, digər Avropa ölkələri olub, lakin onlar Dublin Konvensiyasına uyğun olaraq ilk ayaq basdıqları ölkəyə yola salınıblar.

Dublin Konvenasiyası 1990-cı ildə qəbul olunub. Bu konvensiya Avropa Birliyi (AB) sərhədləri daxilində siyasi sığınacaq üçün müraciət edən insanlar üçün tətbiq olunur. Konvensiyanın əsas şərti “Birinci ölkə” anlayışıdır. Vətəndaş ilk ayaq basdığı Avropa Birliyi ölkəsində sığınacağa baş vurmalıdır. Əgər o, bunu başqa bir ölkədə edibsə, ilk gəldiyi və ya viza aldığı ölkəyə göndəriləcək.

O, həyat yoldaşı, 5 yaşlı qız və 7 yaşlı oğlan övladı ilə birlikdə Praqadan 150 kilometr uzaqlıqda Kostolec nad Orlici şəhərində yerləşən qaçqın düşərgəsində qalır. Çex hökuməti dörd nəfərlik ailə üçün ayda 350 avro pul ödəyir. Bu pula onlar aylıq ərzaq və geyim ehtiyaclarını ödəməlidilər:

“Düşərgədə hardasa 150-200 nəfər qalır. Mətbəx, sanitar qovşağı, hamam ümumidir. Ukraynadan gələnlər hamıdan çoxdur, onlardan sonra biz və gürcülər gəlirik. Suriyadan və şərq ölkələrindən tək-tük vətəndaşlar var”.

O iddia edir ki, düşərgədə şərait bərbaddır və xidmət göstərən heyətin böyük hissəsinin qaçqınlara olan münasibəti mənfidir:

“Dörd aydır ki, bizim düşərgədə isti su gəlmir. Nə qədər şikayət etsək də, xeyir yoxdur. Hər cür bəhanə ilə bizi yola verirlər”.

“Avstriyada müəllimlər bağçada uşaqlarla əl-ələ görüşüb sağollaşırdılar. Oğlumun da yaddaşında bu qalıb. Onu bağçadan götürməyə getmişdim. Kənardan gördüm ki, uşaq müəlliməyə əl uzadıb, amma müəllimə onun üzünə baxıb, narazı halda çiyinlərini çəkir, uşağa əl uzatmır”, – R. Əfəndiyev onlara qarşı olan münasibətdən danışarkən deyir.

Onun sözlərinə görə, müsahibədə tərcümə üçün rus tərcüməçi tələb etsə də, Çexiya hökuməti onun bu istəyini yerinə yetirməyib.

“Tərcüməçi çex xanım idi, o da mənim dediklərimi düzgün tərcümə etmədi, çünki rus dilini çox bərbad bilirdi. Nəticədə də Çexiya mənim oturum müraciətimə “yox” cavabı verdi.

Mətanət Əzizova

Çexiyada fəaliyyət göstərən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova isə deyir ki, Çexiyaya gələnlər əsasən 2017-ci ilin əvvəlində Dublin Konvensiyasına uyğun olaraq Almaniya, Avstriya və İsveçdən göndərilənlərdir:

“Sığınacaq üçün müraciət edən insanlar səbəb kimi siyasi motivləri göstərirlər. Əksəriyyəti rədd cavabı aldıqdan sonra yenidən gəldikləri ölkəyə qayıdırlar. Çexiyada araşdırma və cavab çox uzun çəkir. Bu isə çox vaxt qaçqın düşərgəsində qalanların psixoloji durumuna mənfi təsir göstərir. Çex və ya rus dilini bilməmək isə psixoloji yardımdan məhrum edilmək deməkdir. Bu insanlar adətən bizə rədd cavabı aldıqdan sonra müraciət edirlər. Onlara hüquqlarını başa salırıq, məhkəməyə müraciət etməkdə kömək edirik. Elə ailələr var ki, illərdi Avropadadılar, amma övladları məktəbə gedə bilmir. Onlara yardım etməyə çalışırıq”.

Ana səhifəXəbərlərÖtən il 100-dən artıq azərbaycanlı ailə Çexiyadan sığınacaq istəyib