Siyasilər növbədənkənar prezident seçkilərindən ötən bir ili qiymətləndirdilər
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirildiyi gündən bir il ötür.
Azərbaycan prezidenti
İlham Əliyev
2018-ci il fevralın 5-də sərəncam verərək, növbədənkənar prezident seçkilərini elan edib və seçkiləri aprelin 11-ə təyin edib.
Azərbaycanda seçkilər 2018-ci il oktyabrın 17-də keçirilməli idi.
Sərəncamda növbədənkənar seçkiləri təyin etməsinin səbəbləri göstərilməyib.
Səkkiz partiya və təşəbbüs qrupunun namizədinin qatıldığı seçkidə
MSK
15 il ölkəyə başçılıq edən İlham Əliyevi qalib elan etdi.
Meydan TV ötən bir il ölkə üçün siyasi-ictimai və istisadi sahədə hansı yeniliklərlə yadda qalması ilə bağlı politoloqlar və siyasilərə suallarla müraciət edib.
“Ötən bir il seçkilərin xalqın iradəsini ifadə etmədiyini göstərdi”
Milli Şuranın sədri, professor Cəmil Həsənli ötən bir ili demokratiyanın geriləməsi, ailə-klan hakimiyyətinin möhkəmlənməsi və cümhuriyyət dəyərlərinin gözdən salınması ili kimi xarakterizə edib.
Cəmil Həsənli təəssüflənib ki, bu bir ildə əhalinin iqtisadi vəziyyəti pisləşib, ərzaq və meyvə-tərəvəz qiymətləri daha da artdı:
“Bir ildə gənclərin cibinə narkotik maddə atıb həbs edilməsi, azad sözün boğulması, insan haqlarının pozulması davam etdirildi. Dünya mətbuatında hakimiyyətin korrupsiya siyasətinin ifşası daha da dərinləşdi. Azərbaycan hakimiyyəti hazırda tam bir böhran içindədir. Aprelin 12-i
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu
nun Seçki Müşahidə Missiyasının mətbuat konfransında baş verənlər isə biabırçılıq idi. Missiyanın rəyində seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etməməsi fikri doğru idi, amma konfransa qatılan hakimiyyət təbliğatçılarının hay-küyü missiyanın rəyini təsdiqlədi. Ötən bir il seçkilərin xalqın iradəsini ifadə etmədiyini göstərdi. Bunun ən aydın ifadəsi 19 yanvar mitinqidir. Yaxud son həftədə 4 rayonda etiraz aksiyaları keçirilib”.
“Ötən bir ildə gözlədiyimiz çevik və işlək komanda görünmədi”
Demokratiya və Rifah hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu son bir ildə iqtisadi sahədə ən çox diqqəti çəkən məqamlardan biri kimi vaxtı keçmiş borcların həllinə dair fərmanı göstərib:
“Borcların qaytarılmasının mexanizmi hələ işlək olmasa da, fərman var və çoxdankı gözləntilərə müsbət cavab verilməsi qeyd edilə bilər”.
Digər məqam kimi onun fikrincə, prezidentin təyinatları, xüsusən də Baş nazir təyinatı və Novruz Məmmədovun 1 illik fəaliyyəti göstərdi ki, Azərbaycanda bu institutun statusu nominal xarakter daşıyır, yəni institut ciddi fəaliyyəti ilə yadda qalmadı.
“Əksinə, Baş nazirin iki qərarının, biri meşədə meyvələrin yığılması, digəri isə kartof və soğana rüsumlarının tətbiqinin bir neçə gün sonra ləğvilə yararsız institut olduğunu ortalığa qoydu. Ayrı-ayrı nazirlərin təyinatı zamanı müəyyən gözləntilər olsa da, onların bütövlükdə özünü doğrultduğunu düşünmürəm. Əsasən də sosial sahədə baş verənlər, həm şəhid ailələrinə münasibət, pensiya sistemində gözlənilən islahatlar hələ özünü doğrultmayıb. Eyni zamanda, müavinətlərin, minimum əmək haqqının və məcburi köçkünlərin əvəzsiz verilən yardımın artırılması sosial sahədə mövcud gərginliyin aradan qaldırılmasına istiqamətlənmişdi. Məhkəmələrlə bağlı son fərman da gözləntilərimizi doğrutmadı. Fərman sistemə olan etimadın bərpası üçün əhəmiyyətli rol oynamalıydı, amma təəssüflər ki, sənəddə nəzərdə tutulan bəndlərlə buna nail olmaq mümkünsüzdür”.
Q.İbadoğlu bildirib ki, fərmanlar arasında dövlət büdcəsinin Dövlət Neft Fondu ilə münasibətlərinə aydınlıq gətirən fiskal qaydaların formalaşması yadda qaldı.
“Amma gözlədiyimiz çevik və işlək komanda görünmədi, kompleks islahatların aparılması, xüsusən Rəqabət Məcəlləsinin qəbulu, məmurların, prokurorların, hakimlərin, deputatların gəlirləri və əmlakına dair bəyənnamənin təsdiqi və dərci bu il baş vermədi”.
Onun sözlərinə görə, ötən bir il onu göstərdi ki, Azərbaycanda şəffaflıq və hesabatlılıq sahəsində problemlər davam edir, siyasi korrupsiya daha da genişlənir.
“Nəticə olaraq korrupsiyanı qavrama indeksinə görə Azərbaycan 2017-ci ildəki mövqeyindən 30 pillə geri gedib. Bizneslə məşğulluq indeksində müəyyən müsbət irəliləyiş oldu, amma bu da gerçək vəziyyətlə uzlaşmadığına görə şübhələr, suallar yaradır. Əsas indikator ölkəyə qoyulan xarici sərmayələr olmalı idi, ancaq bütövlükdə iqtisadiyyata əsaslı kapital qoyuluşu ötən il aşağı düşdü.
İqtisadçı il ərzində sosial-iqtisadi sahədə diqqəti çəkən bir sıra layihələrin tamamlanmasını, TANAP, Star Zavodunun işə salınmasını qeyd etdi.
“Prezident ictimaiyyəti eşitməyə başlayıb”
“Turan” İA-nin direktoru Mehman Əliyev düşünür ki, ötən bir ildə ölkədə vəziyyət dəyişib, cəmiyyətlə hakimiyyət arasındakı münasibətlərdə dəyişiklik olub. Onun fikrincə, insanlar daha fəaldır, hüquqlarını tələb edir və hakimiyyət, xüsusən prezident ictimaiyyəti eşitməyə başlayıb.
M.Əliyev üç məqamı xüsusi qeyd etdi:
“İqtisadi sahədə müəyyən islahatlar keçirilir, vergilərin liberallaşmasını göstərmək olar. Siyasi məhbusların azad olunması, Azərbaycanda indiyə qədər bu qədər məhbus azad olunmamışdı. Hakimiyyətlə Qərb dialoqu daha uğurlu gedir və bu, mayda Avropa Birliyi ilə sazişin imzalanması ilə nəticələnəcək. Dağlıq Qarabağ məsələsinə gəldikdə, ciddi dəyişiklik yoxdur, yalnız İlham Əliyevin tərəfdaşları dəyişib. Ölkə başçısı özü də dedi ki, Erməınistanın yeni hakimiyyəti daha konstruktiv ola bilər”.
“Nazir oliqarxlar sistemi dağıdıldı”
Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov keçən bir il üçün iki amili xüsusi qeyd etdi:
“Nazir oliqarxlar sistemi dağıdıldı. Bu gün nazirlərdən ibarət oliqarxiya yoxdur, yalnız hakim ailə var, siyasi proseslərə kifayət qədər ciddi təsir edən yenilikdir. Rusiyaya birtərəfli orientasiya meyllərinin Azərbaycanın və hakim elitanın maraqlarına o qədər də uyğun gəlmədiyi məlum oldu. Xarici siyasətdə bir qədər balanslaşdırma yarandı. Bu da daxildə müəyyən dəyişikliklərə səbəb oldu, siyasi məhbusların çoxu azad olundu və bu, cəmiyyətə və xarici tərəfdaşlara müəyyən mesaj idi. Fikir verirsinizsə, prezident də ölkədə ciddi islahatlar paketinin hazırlandığı haqda danışdı. Nəhayət, cəmiyyətin daxilində hakimiyyətin avtoritarizmindən və zorakılığından yorulma prosesi baş verir. Dağlıq Qarabağ danışıqları ilə bağlı heç bir şey baş vermədi, səbəb də münaqişənin qlobal qarşıdurmada münasibətlərin araşdırılımasının elementinə çevrilməsidir. Ona görə də münasibətlər aydınlaşmayınca, hərbi-siyasi baxımdan ciddi irəliləyiş olmayacaq”.
Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının yekun rəyinə əsasən İlham Əliyev 86,3 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02 faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38 faiz, Fərəc Quliyev 1,17 faiz və Razi Nurullayev 0,74 faiz səs toplayıb.
Milli Şura, KXCP, Müsavat Partiyası seçkini boykot etdi, İlqar Məmmədov həbsdə olduğundan ReAL Partiyası seçkiyə qatılmadı.