Osman Gündüz: Dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur

“Nazirlik Əli Abbasovun nə demək istədiyi barədə açıqlama yaymalıdır”

Source:


“Nazirlik Əli Abbasovun nə demək istədiyi barədə açıqlama yaymalıdır”

Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov rabitə xidmətlərini göstərən  “Skype”, ” Facebook”, “WhatsApp”ın lisenziyalaşdırılmalı olduğunu bildirib. Nazir lisenziyalaşdırmanın istifadəçilər üçün heç bir problem yaratmayacağını, ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələrin imzalanacağını əlavə edib.

Nazirin fikirlərini Meydan TV-yə şərh edən media üzrə ekspert, jurnalist Seymur Kazımov hesab edir ki, nazirlik bu barədə izahat verməlidir: “Nə baş verdi ki, lisenziyalaşdırma haqqında düşündülər? Bu barədə izahat olmadığından şübhələr yaranır, ona görə nazir Abbasov lisenziyalaşmanın səbəblərini izah etsə, daha yaxşı olar. İkinci sual odur ki, lisenziyalaşma hansı yerli qanunvericiliyə və beynəlxalq konvensiyaya əsaslanır? Nazirin açıqlaması üçüncü sualı ortaya çıxarır;  lisenziyalaşmanın məqsədi nədir? Axı Skype-da, Facebook-da ticarət aparılmır ki, vergidən yayınma olsun. Nəhayət, nazir hansı təcrübəyə əsasən bu qərarı qəbul etmək istəyir? Dünyanın hansı demokratik ölkəsində belə bir qərar qəbul olunub? Bu suallara cavab tapılsa, müzakirə açmaq olar. Ona görə suallar yaranır ki, Azərbaycanda qanunvericiliyə olunan dəyişikliklər məhdudlaşdırma ilə nəticələnib”.

Seymur Kazımov deyir ki, Türkiyədə tvitterlə bağlı məsələ beynəlxalq təşkilatlarda birmənalı qəbul olunmayıb: “Yaxşı, qərar olacaqsa, Skype-da tənzimlənmə necə olacaq? Bu sual açıq qalır və izahat olmadığından şərh etməkdə çətinlik çəkirəm. Gərək jurnalistlər nazir Abbasova əlavə sual verib, izahat alardılar. Bütün hallarda müsbət heç nə görünmür, yenə də məhdudlaşdırmalar olacaq. Söhbət lisenziyalaşdırmadan gedirsə, deməli, məhdudlaşdırma olacaq, çünki lisenziya öz qaydalarını tətbiq etmək deməkdir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də nazirin açıqlamasına şərh verməyə çətinlik çəkdiyini ifadə etdi: “Əvvəla, nazirlik Əli Abbasovun nə

demək istədiyi barədə açıqlama yaymalıdır. Çünki sosial medianın lisenziyalaşdırılması anlayışı Azərbaycan qanunvericiliyində yoxdur. Əgər beynəlxalq rabitə əlaqəsinin lisenziyalaşdırılmasından söhbət gedirsə, bu, artıq lisenziyalaşdırılıb. “Delta Telekom” şirkəti Azərbaycanda İnternetlə bağlı lisenziya alıb  və İnterneti digər qurumlara təqdim edir. Düşünürəm ki, İnternet üzərindən olan hansısa fəaliyyətin lisenziyalaşdırılması qeyri- dəqiq yanaşmadır. Həm də dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur. Bəli, Rusiya, Türkiyə, Belarusiyada İnternetə qarşı qadağalar var, ancaq həmin hökumətlər də tam başqa addımlardan istifadə edir. Xüsusilə, Rusiyada fərdi informasiyaların qorunması, uşaqların qorunması  pərdəsi altında İnternetə qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılır. Söhbət hansısa zərərli, qanunsuz kontentin qarşısının alınmasından gedirsə,bu cür informasiyaların qarşısının alınması İnternetin məhdudlaşdırılması hesabına, başqalarının hüquqlarının tapdanması hesabına  olmamalıdır. Bu vətəndaşların məlumat almaq azadlığını məhdudlaşdırır”.

“Nəhayət, prezident bütün çıxışlarında birmənalı şəkildə İnternetin ölkəmizdə azad olduğunu bildirib. Neftin ucuzlaşdığı mövcud zamanda Facebook, Twitter, Skype kimi büdcəsi  Azərbaycanın büdcəsindən dəfələrlə çox olan qlobal informasiya resursları ilə, sosial media ilə konfliktə getməkdənsə, onlarla əməkdaşlıq etmək , ölkəmizə dəvət etmək, ofislərinin burada açılmasına kömək etmək daha düzgün olardı”,-deyə ekspert fikrini yekunlaşdırıb.

Ana səhifəXəbərlərOsman Gündüz: Dünyada sosial medianın lisenziyalaşdırılması anlayışı yoxdur