Orxan Baxışlı bu dəfə də hakimiyyəti tənqid edən çıxışından sonra həbs olunub

Source:

Siyasi fəalın İlham Əliyevin adını çəkdiyi üçün cəzalandırıldığı bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı həbs olunub. Fevralın 2-də ona İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə 30 sutka inzibati həbs cəzası verilib.

Lakin ailə üzvləri onun həbsini bir gün öncə – fevralın 1-də Xətai Rayon Məhkəməsinin qarşısında verdiyi müsahibə ilə əlaqələndirir. Məhkəmədə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin ev dustaqlığına buraxılması haqda vəkillərin verdiyi vəsatətə baxılmış və təmin olunmamışdı. Keçmiş məhbus kimi bununla bağlı jurnalistin sualını cavablandıran Orxan Baxışlı müsahibəsində bildirir ki, Azərbaycanda müstəqil məhkəmə sistemi yoxdur. Onun sözlərinə görə, xüsusən siyasi motivlərlə həbs edilən şəxslərlə bağlı göstərişlər birbaşa Prezident İlham Əliyevin özündən gəlir. Orxan Baxışlı müsahibəsində Azərbaycanda hökumətinin ünvanına, həmçinin mövcud idarəçiliklə bağlı kəskin tənqidi fikirlər səsləndirib.

Anası Kəmalə Rəhimli Meydan TV-yə bildirib ki, Orxan Baxışlı fevralın 2-də səhər tezdən işə getmək üçün evdən çıxıb:

“Bir neçə saat sonra öyrəndik ki, işdə olmayıb. Haqqında heç bir məlumat əldə edə bilmədik. Çünki telefonuna zəng çatmırdı. Dərhal ağlımıza gəldi ki, onu bir gün əvvəlki müsahibədə səsləndirdiyi fikirlərə görə cəzalandırıblar”.

Orxan Baxışlı 2018-ci il mayın 6-da həbs olunmuş, 2021-ci ilin martında azadlığa buraxılmışdı. Ona Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə narkotik əldə etmə, saxlama) maddəsilə 6 il həbs cəzası verilsə də, sonradan Ali Məhkəmə ittihamı 234.1 maddəsinə tövsif edib, cəzanı da 3 ilə endirmişdi. Cəza müddətinin başa çatmasına 2 aydan da az qalmış isə əfv sərəncamı ilə azadlığa buraxılmışdı.

Orxan Baxışlı o zaman da özünü təqsirli bilmir, narkotikin onun cibinə Yasamal Rayon Polis İdarəsində atıldığını bildirirdi. Özü də, üzvü olduğu AXCP də onun siyasi sifarişlə həbs olunduğunu bəyan etmişdi. Səbəb kimi isə Orxanın həbsindən 3 gün öncə – Söz Azadlığının Beynəlxalq Müdafiəsi günündə (3 may) mərhum jurnalist Elmar Hüseynovun məzarı qarşısındakı çıxışı göstərilir. Həmin çıxışında Orxan Baxışlı Elmar Hüseynovun öldürülməsi, 15 ilə yaxın vaxt keçməsinə baxmayaraq, qatillərin tapılmamasına görə Azərbaycan hökumətinin məsuliyyət daşıdığını bildirmişdi.

Ana səhifəXəbərlərOrxan Baxışlı bu dəfə də hakimiyyəti tənqid edən çıxışından sonra həbs olunub