“Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabının 6-cı nəşrində “cordanabənzər”, “ağzıheyvərə”,”adheziya”, “badgir”, “badış”, “bası”, “bayqu”, “bazı”, “cacıq”, “gəllahı”, “gəbr”, “gəncəfə”, “giran”, “giriban” “qoduş” və s. kimi sözlər yer alıb.
“Report” xəbər verir ki, lüğətdə yer alan bu sözlər ziyayılar tərəfindən birmənalı qarşılanmır.
Lüğətdə “abad” sözü “abad”, “abadan”, “abadanlıq”, “abadanlanma”, “abadanlanmaq”, “abadanlaşma”, “abadanlaşmaq”, “abadanlaşdırma”, “abadanlaşdırmaq”, “abadanlaşdırılma”, “abadanlaşdırılmaq”, “abadlanma”, “abadlanmaq”, “abadlaşma”, “abadlaşdırma”, “abadlaşdırmaq”, “abadca”, “abadedən”, “abadetmə”, “abadıstan” və s. çoxsaylı əlavələrlə təqdim olunub.
Lüğətdə “ciring”, “ciring-ciring”, “ciringhaciring”, “taqq”, “taqqataq”, “taqqataraq”, “çırt”, “çırt-pırt”, “çırt-pırtlı”,”çırtlı-pırtlı” və sair sözlər də yer alıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun “Report”a müsahibəsində deyib ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” kitabının 6-cı nəşri kifayət qədər zəngindir: “Nəşrdə 110 mindən artıq söz var. Lüğətdə etiraz doğuran məsələlər də var. Azərbaycanda yeni yaranan Tərcümə Mərkəzində orfoqrafiya lüğəti ilə bağlı müzakirələr gedir. Mən də həmin qurumun Elmi Şurasının üzvüyəm. Təəssüf ki, parlament seçkiləri ilə əlaqədar son müzakirələrdə iştirak edə bilməmişəm. Onların gəldikləri nəticələr çox məhsuldardır. Tərcümə Mərkəzi təklif edir ki, işlək orfoqrafiya lüğəti olsun. Bu, onların ən uğurlu təklifidir, hətta kəşfidir. Belə bir lüğətə ehtiyac var. İdeal orfoqrafiya lüğəti dildəki bütün sözləri təsbit etməlidir. Tarixən dilimizdə mövcud olan və klassik ədəbiyyatımızda işlənən sözlər, folklorumuzda işlənən sözlər, hətta azərbaycanlının ömründə bir dəfə işlətdiyi söz də lüğətə düşməlidir. Ona görə də ən ideal vəziyyətdə olan orfoqrafiya lüğətinə ehtiyac var. Bizim orfoqrafiya lüğətlərimiz nə ideal olan tələbata cavab verir, nə də ümumişlək leksikanı əhatə edir. Buna görə də prinsip pozulur. Görürsən ki, çox nadir işlənən bir söz lüğətdə var, amma çox işlənən söz yoxdur. Ona görə də həm bizim ideal, həm də bu gün dildə gedən prosesləri əhatə edən lüğətimiz olmalıdır. Hər bir kəsin istifadə edə biləcəyi lüğət olmalıdr. Hətta dili yaxşı bilən insan da ömrü boyu 7-8 min sözdən istifadə edir. Amma Azərbaycan dilinin indiki lüğətində orta hesabla 100 min söz var. Bu o deməkdir ki, insan ana dilində olan sözlərin 1/10-dən istifadə edə bilir. Amma bu o demək deyil ki, ana dilinin bütün sözləri lüğətdə olmamalıdır. O demək deyil ki, istifadə etdiyimiz 7-8 mindən ibarət lüğət hazırlanmalıdır. Amma bununla yanaşı, bu da nəzərə alınmalıdır. Kütlənin istifadə etmədiyi sözlərin işlək orfoqrafiya lüğətində olmasının elə bir əhəmiyyəti yoxdur. Bu da imkan verəcək ki, işlək orfoqrafiya lüğəti yüksək tirajla çap olunsun. Həcmi az, istifadə imkanları yaxşı olsun. Digər lüğətlər də olmalıdır. Azərbaycan dilinin tarixi lüğəti olmalı, dialektologiya lüğəti daha da zənginləşdirilməlidir. Müxtəlif sahələrə aid zəngin terminologiya lüğətləri olmalıdır. Çoxlu sayda tərcümə lüğətləri olmalıdır. Lüğətlər dilimizin ensiklopediyasıdır. Biz bəyəm ensiklopediyada olan hər şeyi bilirikmi? Nəyi bilmiriksə, ora müraciət edirik”.
N.Cəfərov lüğətin “ab” sözü ilə başlamasına da münasibət bildirib: “Afaq xanımın bu iradı mənə də maraqlı gəldi. Bizim dilimizdə “ab” sözü varmı? Maraqlı mülahizədir. Təbii ki, bizim dilimizdə olan bütün sözləri əhatə edən bir orfoqrafiya lüğəti bu sözlə başlasaydı, buna göz yummaq olardı. İndiki lüğətin götürdüyü prinsipə əsaslansaq, o zaman Nəsiminin, Füzulinin, Xətainin dilində nə qədər sözlər işlənirsə, gərək onlar da lüğətə daxil olardı.”Ab” varsa, bütün sözlər daxil olmalı idi. Afaq Məsudun lüğətin “ab” sözü ilə başlamasına bildirdiyi etiraz doğrudur. Lüğət “ab” sözü ilə başlayır, arxasınca da “aba” sözü gəlir. Bu söz də ərəbcə atalar, babalar deməkdir. Onun arxasınca da “abad”, “abadan” “abadanlaşmaq” və s. gəlir ki, ən böyük qüsurlardan biri budur. Lüğəti həddən artıq qrammatikləşdirməyə ehtiyac yoxdur. Çünki hər bir sözün o qədər sözdüzəldici şəkilçiləri var ki, istər-istəməz lüğəti şişirdir. Lüğət üçün birinci qüsur prinsipin pozulmasıdır. Lüğətə bir söz daxil edilir, başqa söz daxil edilmirsə, prinsip pozulur”.