Oqtay Gülalıyev paytaxt polisində suallarına cavab ala bilməyib

“Mənə görə azyaşlı övladlarımı, qonşularımı incitməyin. İstər adi həyatda olsun, istərsə də mübarizə meydanında rəqibini qurşaqdan aşağı vurmağa çalışanlar heç zaman qalib ola bilməyib”

Source:


“Mənə görə azyaşlı övladlarımı, qonşularımı incitməyin. İstər adi həyatda olsun, istərsə də mübarizə meydanında rəqibini qurşaqdan aşağı vurmağa çalışanlar heç zaman qalib ola bilməyib”

Hüquq müdafiəçisi Oqtay Gülalıyev övladlarıyla birgə noyabrın 29-da Bakı Baş Polis İdarəsinə çağrılıb. Bu barədə hüquq müfafiəçisi Facebook səhifəsində məlumat paylaşıb.

O, idarəyə qonşularından 4 nəfərin də gətirildiyini bildirib: “Onlarla övladlarım arasında üzləşmə istintaq hərəkəti həyata keçirildi. BŞBPİ-nin Ağır Cinayətlər şöbəsinin əməkdaşları iddia etdi ki, guya 2 il bundan öncə, 2013- cü ildə iki məktəblinin dalaşmasında bizim uşaqlar da iştirak edib və onlar idarəyə gətirilən uşaqlardan birinə xəsarət yetiriblər. Polis əməkdaşları çalışdılar ki, qonşularımız bizdən şikayətçi olsunlar. Hətta bunun üçün xeyli əziyyət də çəkdilər. Buna görə 3 saata yaxın BŞBPİ- də olduq. Baş verənlər mənim üçün birinci dəfə olmadığından qeyri-adi deyildi. Qonşular birmənalı şəkildə bizim uşaqların kiminləsə dalaşmadıqlarını və kiməsə ziyan vurmadıqlarını, onlardan şikayətçi olmadıqlarını dəfələrlə bildirib bunu yazılı şəkildə öz izahatlarında qeyd etdilər. Sağ olsunlar, sözün həqiqi mənasında iradə nümyiş etdirdilər. Mənim üçün orda baş verənlər içində maraqlı nüans polisin şikayətçi olmasını gözlədiyi qadının onlara verdiyi sual idi: Mən sizə üzləşdiyim başqa bir haqsızlıq və qanunsuzluqla əlaqədar dəfələrlə müraciət etmişəm. Niyə mənim bu şikayətimə baxmırsınız, amma şikayətçi olmadığım, sizə müraciət etmədiyim bir məsələ ilə bağlı bu qədər canfəşanlıq edirsiniz? Ancaq bu sualın cavabı verilmədi”.

O.Gülalıyev idarədə dindirilmə zamanı məsul əməkdaşlara suallar da ünvanlayıb: “2 il öncə baş verdiyi iddia olunan hadisə ilə bağlı niyə indi “araşdırma”-ya başlamısınız? Mənə və övladlarıma aid olmayan, kimsənin bizdən şikayətçi olmadığı işə bizi bulaşdırmaqda məqsədiniz nədir? Niyə mənə görə övladlarımı, xüsusən qonşularımı incidir və onlara təzyiq edirsiniz? Ölkədə qanunsuzluğun, korrupsiyanın, kriminallığın tuğyan etdiyi bir ərəfədə Bakı şəhər Baş Polis İdarəsi kimi məsul polis təşkilatını nə vaxta qədər məktəblərin dalaşmasını araşdıran qurum səviyyəsinə endirəcəksiniz? Suallarıma cavab almasam da, nəyin və niyə baş verdiyinin fərqindəyəm. Bizim hüquq-mühafizə orqanları həmin hüquq-mühafizə orqanlarıdır ki, AXCP sədrinin müşaviri Məmməd İbrahimi bu yaxınlarda şərləyib həbs etdilər. Əvvəlcə ona CM-nin 221.1-ci maddəsi ilə cinayət işi açdılar. Sonra gördülər ki, səhv ediblər, 221-ci maddə ilə insanı həbsdə saxlamaq olmaz. Maddəni ağırlaşdırdılar, bununla da ürəkləri soyumadı. Tanımadığı 2 nəfəri də onun üzünə qoyub bildirirlər ki, Məmməd bəy onları da döyüb. Bir daha aidiyyatı qurumlara və şəxslərə səslənirəm; Məni övladlarımla təhdid etmək taktikasından və vərdişlərindən əl çəkin. Mənə görə azyaşlı övladlarımı, qonşularımı incitməyin. İstər adi həyatda olsun, istərsə də mübarizə meydanında rəqibini qurşaqdan aşağı vurmağa çalışanlar heç zaman qalib ola bilməyib. Əksinə onlar bu hərəkətləri ilə öz sonlarını tezləşdiriblər”.

Ana səhifəXəbərlərOqtay Gülalıyev paytaxt polisində suallarına cavab ala bilməyib