Bütün dövrlərdə insanlara qarşı edilən qadağalar onu göstərib ki, qadağaların yaratdığı nəticələr sonunda cəmiyyəti sarsıdır. Özləri də bilmədən zamanla həmin qadağalar özlərinə qarşı tuşlanmış silaha çevrilir. Azərbaycanda gənclərin adi öpüşməsi belə ölümünə səbəb olur. Elə bu gün yaşananlar kimi…
Cəmiyyətin çürük ənənələri gəncləri belə qadağalarla məhv edir.
Rayonlarda insanlar itlə, çaqqalla döyüşə-döyüşə meşələrdə sevişir. Bu kiməsə gülməli gələ bilər. Amma həqiqətdir.Gənclərin çoxu məktəb binalarında sevişir. Ağıla gəlməyən, gözə görünməyən hər yerdə bizim gənclərin faciəsilə qarşılaşmaq olar. Paytaxtımız da elə bölgələrimizlə eyni hadisələrin şahidi olur. Polisdən qorxurlar, ailədən qorxurlar, qonşudan qorxurlar, qohumdan qorxurlar.
Hələ bunlar azmış kimi, heç tanımadıqları birinin də onlara zərər yetirəcəyindən qorxurlar. Nəticədə bu gün aldığımız xəbər kimi acınacaqlı hadisələr baş verir.
Dünən Bakıda qızla oğlan transformatorun qapısını açıb, içinə giriblər. Hər ikisi ağır xəsarət alıb. Xəbər çıxanda hələ onların ora girmə səbəbi məlum deyildi, amma sonradan məlum oldu ki, o gənclər sevgili olublar və ora sevişmək üçün giriblər. Bunları qonşular danışıb, elə hadisə də hər ikisinin yaşadığı məhəllədə baş verib. Hətta qonşuların biri onları başqa yer tapmamaqda qınayıb. Çox dəhşətli ölkədə yaşayırıq, o qədər insan oturub düşünə bilməyib ki, gənclərin indi düşdüyü hala onlar özü şərait yaradıb. Əgər onlar transformatorun içində sağlam tapılsaydı, indi bütün məhəllə o gəncləri tərbiyyəsizlikdə günahlandıracaqdılar.
Bilmək olmaz, bəlkə də bir “qeyrətpərəst” çıxıb, onları döyərdi, bıçaqlayardı, bir az da “qeyrəti” çox olsa, öldürərdi. İndi qızın valideyinləri xəstəxanada övladları üçün dua edir. Amma onlar sağ-salamat oradan çıxsaydılar, bəlkə də çoxdan özləri öldürmüşdü ya da evdən qovmuşdular.
Bir çox yerdə belə hadisə olduğunu eşitmişəm, eşitdiklərim də sevişmə səbəbindən olub. Birini də elə bu yaxın da eşitdim, amma iki oğlan olublar. Deyilənə dörə, onların ağır vəziyyətində heç yaxın duran da olmayıb. Azərbaycanda gənclərin hələ də ev problemi var. Bu boyda ölkədə öpüşməyə yer tapa bilmirlər. Hələ də gənclərin sevişməsi onlara həyatı bahasına başa gəlir. Lap transformatorun içi olmasın, ev ya küçə olsun. İstər ailəsindən, istər yad bir insan yenə də onlara ölümə bərabər xəsarət yetirə bilərlər, ya da elə öldürərlər.
Əgər belə hadisə birinci dəfə olsaydı, bütün cəmiyyətin onları qınama haqqı olardı, amma birinci deyil və səbəbkar da elə cəmiyyətdi. Amma hər iki halda yenə də hamı onları qınayacaq və qınayır. Çünki öz səhvlərini bilmirlər. Elə anormallıq da budur. İndi deyəcəklər: “Şükür ölməyiblər, ölə də bilərdilər.” Sonra bir neçəsi də o transformatorun içində xəsarət alacaq, amma ölməyəcək. Daha sonra isə transformatorlar inanc yeri olacaq, evlənəndə bəylə gəlin transformator oyuncaqların altından keçəcəklər, ya da transformatora bənzər şadlıq sarayları tikiləcək.
Ən dəhşətlisi isə indi hər kəsin transformatorun qapısının açıq olmasına etiraz etməsidir. Gəncləri öldürməyə hazırdılar, amma öz səhvlərini düşünməyə hazır deyillər. Onlar nə qədər düşünə bilmirlərsə, o qədər belə hadisələr baş verəcək…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir