Müşahidəçi: ”Sədr deyir, qoy bunları atsın, daha atmayacaq”
“Seçki başladığı qısa müddətdir, onlarla adam topa bülleten atıb. Karusel əməliyyatı isə öz yerində. Məntəqədə gördüklərim əsl mənəvi terrordur. Hələ sonuncuda xalanın əlində topa bülleten tutdum. Sədrə deyirəm ki, əlində 10 bülleten var. Sədr deyir, qoy bunları atsın, daha atmayacaq. Elə bil bağça uşağıdır”.
Seçki müşahidəçisi 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin 3 saylı məntəqəsində gördüklərini danışır.
Deyir, artıq buna etiraz edən bir nəfər müşahidəçiyə görə məntəqəyə bir neçə dəfə polis gəlib. Məcbur, müşahidə etmək üçün susmalı olurlar:
“Pambıq işçilərini də göndərirlər səsverməyə. 2 kamaz dolusu insandır. O məntəqə, bu məntəqə gəzir, səs verirlər”.
Yasamal rayonunda 17-ci seçki dairəsinin 7 saylı məntəqəsində də topa bülleten atılması halı müşahidə olunub. Gənc fəal Əli Zeynalın yazdığına görə, adama 3-4 bülleten atmağa başlayıblar:
“Təkcə özümün gördüyüm 2 nəfər topa bülleten atıb. Onlardan biri müşahidəçidir. Məntəqədə kamera da yoxdur deyə hamı çox rahatdır. Real müşahidə edən də təkcə mənəm”.