Onların ölkəsi

Faiq Ağayev Marneulidən nə istəyir?

Source:

Müxtəlif ölkələrdə, müxtəlif etniklərlə bağlı həmişə nəsə çatışmayanlar var. İspaniyada yaşayan katalonlar muxtariyyət istəyir. Türkiyədə yaşayan kürdlər öz dövlətlərini qurmaq istəyir. Bu mənada ən çox iş görən kürdlərdir, dağlara çıxıb döyüşürlər, ölürlər Həqiqətən də bir neçə siyasətçi, ziyalı və ya hər kimsə ayağa durub mənsub olduqları millətin azadlığı üçün mübarizə aparmada haqlıdırlarmı?

Məsələn, Faiq Ağayev Gürcüstanda yaşayan azəri etnikləri barədə futbol meydançasında bir neçə milliyətçinin qaldırdığı şüarı əlində bayraq tutaraq özünü vətənpərvər göstərə bilərmi? Bütöv Azərbaycan haqqında çağırışlar edə bilərmi? Faiq Ağayev Azərbaycanda xalq üçün nə edib ki, bütövlük arzusuna düşüb? Yaxşı olardı ki, xalq artisti ölkədəki problemləri dilinə gətirə bilsin. Yalnız bu zaman onu səmimi qəbul edə bilərik. Edə bilər, ya yox?! Bu saul artıq gecdir. Çünki bu baş verib.

Faiq Ağayev öz facebook səhifəsində bunu yazıb, rəğbət görüb. Azərbaycanda yaşayan milliyətçilərin Marneuli barədə bildikləri nə qədərdir? Hara kimidir? Nə istəyirlər? Oranı Azərbaycana birləşdirmək? Ay hay! Bunu onlardan kimsə düşünübmü ki, o ərazidə yaşayan etnik azərbaycanlılar Azərbaycana birləşmək istəyirmi? Bunun mənəvi yükünü özlərində daşıyırlarmı? Və ya bunu Zəlimxan Məmmədlidən xahiş ediblərmi? Sanmıram.

Hər iki tərəfdə kifayət qədər savadsızlıq var. Ona görə kortəbii olmaları çox normaldır. Kitabsız cəmiyyətlərdə milliyətçilik hissi daha güclü olur. Daha vətənpərvər olmağa meyilli olurlar. Kimsə də könül oxşayan bir neçə mənasız cümlə işlədəndə `bu kişi adamdır` deyə bilirlər. Milliyətçiliyin millətin halına yanmaq olduğu artıq populyar deyilsə, mən səhv edirəm. Mən bildiyim milliyətçilik xalqının problemlərinin həlli üçün çalışmaq, bu amal uğrunda mübarizə aparmaqdır. Belələri də var.

Milliyətçilik adı altında avantüra axtarışında olanlar daha çoxdur, daha çox çalışırlar məqsədləri üçün. Qənirə Paşayevayanın Türkiyədə “İsmayil Bəy Qaspıralı” mükafatına layiq görülməsi buna nümunədir. Tənzilə Rüstəmxanlının “ilin qadını” (2001), “ilin vətəpərvəri” (2002), “Azərbaycanın tanınmış ziyalısı”(2003) adları ilə təltif olunması bunun təsdiqidir.

Bir neçə gün əvvəl Tiflisdə bazarda olduq. Corab alacaqdıq. Qiymətini soruşanda, 10-11 yaşlarında uşaq “yeddi” dedi. Bir anlıq cavab vermədim. Mən sualı rusca verdim, cavab azərbaycan dilində oldu. Təkrar öz dilimizdə soruşdum. Balaca oğlan əsəbləşdi. `Musulmancax da deyirəm, başa düşmür` dedi. Atası ona əsəbləşdi, güldük keçdi, həyat da bir filmdi, baxdıq keçdi. Sonra bazarda gəzərkən bir satıcının azərbaycan dilində danışdığını gördüm. Ondan bizə alacağımız şeylə bağlı kömək etməsini xahiş etdim. Xahişimizi yerə salmadı. `Burda musurman uşaxlar var, gedək onların yanına` dedi.

Xeyli belə nümunə saya bilərəm. Borçalı camaatının hələ də bir neçə əsr əvvəldə yaşadığı hissi məni öz ağuşuna alıb.Buna görə narahat oluram. Azərbaycan dilini musəlman dili olaraq qəbul edirlər. Azərbaycanda yaşayan milliyətçilər bu barədə düşünsünlər. Gedib 20 nəfərin eyni topun dalınca qaçıdığı bir oyunda (azərbaycan üçün deyilmiş söz) `Borçalı` bizimdir deməsinlər. 350000-dən çox olan bir etnik xalqın 20-dən çox milliyətçi yönümlü təşkilatının olması, bir neçə şəxsin şəxsi maraqları üçün milliyətçilik etməsini göstərir.

Azərbaycanda yaşayan milliyətçilər, öz dilində danışa bilməyən Xarici İşlər naziri Elmar Məmmədyarovdan soruşa bilməlidirlər ki, Borçalıdakı görüşdə onların şikayətlərini dinlədikdən sonra nə edib? Niyə gözlərə kül üfürmək siyasətindən əl çəkmirlər? Bu sualı verməklə başlayır Borçalı barədə hansısa mənada dərdlənmək, yardım etmək. Bu gün soydaşlarımıza Azərbaycanda 3 aylıq qalmaq icazəsi verilir. Əks tərəf isə Azərbaycan vətəndaşları üçün 1 illik vizasız qala bilmə güzəştini edib. Marneulidəki soydaşlar üçün bu daha aktualdır. Bunu soruşun. Bunun aradan qalxması üçün çalışmaq lazımdır.

Onların ölkəsində 8 milyardlıq olimpiada keçirən hökümət yoxdur. Ayı əti yemək üçün yüzminlərlə pul verən məmur övladı yoxdur. Onların da ölkəsində olimpiada keçirilir. Gələcək olan 3800 idmaçının pulu ödənilmir. Olimpiada üçün 15 min dollar xərclənib. Stadionu rəngləməyə belə lüzum görmürlər. Məqsədləri var: az xərclə çox qazanmaq, büdcəyə pul qata bilmək. 30 yaşına çatmış bir kişinin hələ də ailəsinin maddi dəstəyinə ehtiyacı varkən, evlənmək istəməsinə bənzəyir bu istəklər.

Yox, əzizlərim, yox! Bu yolla nəyəsə nail olmaq olmaz. Onlar Azərbaycana birləşmək istəməz. Onlar öz ölkələrində kasıb, amma rahat yaşayırlar. Onları rahat buraxın!


Yazı müəllifin şəxsi fikirlərini əks etdirir…

Ana səhifəMənim FikrimcəOnların ölkəsi