İstintaqda müstəntiq ABŞ senatının işçilərini təhqir etdi. Jurnalist Xədicə İsmayılla istintaq zamanı barəsində danışdıqları səs yazısı protokola salınmayıb.
Martın 12-də jurnalist Xədicə İsmayıl Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verməyə çağırılıb. X.İsmayılın sözlərinə görə, müstəntiq Sənan Paşayev “Art Garden” restoranındakı görüşlə bağlı suallar verib:
“Müstəntiq söhbəti ordan başladı ki, bizdə sizin səs yazınız var. Həmin səs yazısında söhbətin bütün gedişatı var. Sonra dedi ki, siz niyə orda təhsil problemləri ilə bağlı danışmısınız? Və belə bir ifadə işlətdi – onlar haranın itidirlər ki, Azərbaycandakı problemlərlə maraqlanırlar. Mən də protokolda baxdım. Birincisi, səs yazısına istinad varmı, yoxmu deyə baxdım. Səs yazısına istinad yox idi protokolda. İkincisi baxdım ki, həmin sual verildiyi kimi öz əksini protokolda tapmayıb. Buna görə hardasa 1 saata yaxın biz mübahisə elədik”.
Protokola sualın verildiyi şəkildə, eləcə də cavabının olduğu kimi salınmasına nail olan jurnalistlə müqayisədə müstəntiq S.Paşayev sualdan və ona verilən cavabdan imtina etmək istəyib. Mübahisə uzun çəkib. Bundan sonra jurnalist protokola əllə öz qeydlərini edib:
“Birincisi, deyir ki, sizin səs yazınız var bizdə, ancaq bu məsələ protokola salınmır. Əgər səs yazısı varsa mən bunun qanuni şəkildə təqdim olunmasını istəyirəm. Qanuni şəkildə təqdim olunsun həmin səs yazısının həqiqi olub-olmadığını, qanunauyğun əldə edilib-edilmədiyini yoxlamağı tələb edim. İkincisi, müstəntiq mənə təzyiq göstərir onlar haranın itidirlər, təəsürat yaratmağa çalışır ki, mən lazımsız adamlarla lazımsız söhbətlər edirəm. Mənim söz azadlığıma hədə xarakterli söhbət idi. Mən də tələb edirdim ki, söhbət protokolda olduğu şəkildə öz əksini tapsın. Ən azından tarix üçün vacibdir ki, prokurorluq işçilərinin hansı düşüncə sahibi olduqlarını görmək mümkün olsun”.
Araşdırmaçı-jurnalist ayın 13-ü saat 17.00-da təkrar dindirilməyə çağırılıb. Dindirilməyə həvəslə gəldiyini deyən X.İsmayıl dediyi sözləri özü də müstəntiqə çatdırdığını söylədi:
“Mən onlara deyirəm ki, Maqnitiski aktının Azərbaycan məmurlarına, vicdansız prokurorluq işçilərinə və məhkəmə işçilərinə tətbiq olunması ilə bağlı senat işçilərindən xahiş etmişəm. Demişəm ki, ABŞ hökuməti, senatrları Azərbaycan hökumətinə kömək etməsinlər – təhsil və digər sahələrdə monopoliyalar yaratmağa. O da soruşdu ki, necə kömək edirlər ? Mən də söylədim ki, ölkədə şəffaflığın və söz azadlığının olmasına mane olan qanun layihələrinə müəlliflik eləmiş YAP-çı deputat Əli Hüseynovun başçılıq elədiyi Azərbaycan Hüquqşünaslar Konfederasiyasına 1,5 milyonluq qrant ayırıblar. Mən bunun yanlış addım olduğunu söyləmişəm. O söhbətlərin protokola salınması ilə bağlı xeyli əziyyət çəkməli oluram”.
Xədicə İsmayılın vəkili Elton Quliyev bugunə qədər müvəkkilinə qarşı hüquq müstəvisində tutulan iradları anlamağın qeyri-mümkün olduğunu bildirdi:
“Amma istintaq orqanıdır, araşdırma aparır. Biz vətəndaşıq qanuna hörmətlə yanaşırıq. Dəvət edirlər, gəlib iştirak edirik”.
X.İsmayıl fevralın 17-də öz “Facebook” səhifəsində Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aidliyi ehtimal edilən sənəd yerləşdirib. Orada MTN-nin müxalifət partiyalarına casus yerləşdirməsindən bəhs edilir. Jurnalist bu sənədin sürətini 2011-ci ildə özünü keçmiş MTN işçisi kimi təqdim edən birinin yolladığını deyir.
MTN-nin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.