Ömürlük həbs cəzası almış şəxs hansı halda azadlığa çıxa bilər? – Cavab veririk #21

Ömürlük həbs nədir, kimlərə verilir və nə ilə əvəzlənə bilər?

Source:


Ömürlük həbs nədir, kimlərə verilir və nə ilə əvəzlənə bilər?

Ömürlük həbs cəzası şəxsə törətdiyi cinayətə görə bütün ömrü boyu davam edəcək həbs cəzasının verilməsidir. Bu cəza dünyanın bəzi ölkələrində vətəndaşlara tətbiq olunmasa da, əksər ölkələrdə hələ də qalmaqdadır. Şəxslərə hansı cinayətə görə ömürlük həbs verilməsi isə hər ölkənin yerli qanunvericiliyinə əsasən müəyyən olunur. O cümlədən Azərbaycanda da ömürlük həbs cəzası tətbiq olunur.


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir.

Ömürlük həbs cəzası qadınlara, 18 yaşına çatmamış şəxslərə və ömürlük həbs barədə hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə şamil olunmur.

Cinayət Məcəlləsinin 57-ci maddəsinə görə, ömürlük azadlıqdan məhrum edilən şəxs bəzi hallarda məhkəmənin hökmü ilə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Belə ki, məhkəmə məhbusun cəzasının ən azı iyirmi beş ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, onu əfv edə bilər. Həmin maddədə nəzərdə tutulan qaydada ömürlük azadlıqdan məhrum etmə cəza növü on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər.


Ölüm hökmü Milli Məclisin 1998-ci ildə qəbul etdiyi qərara əsasən ləğv olunub və bu cəza ömürlük həbslə əvəzlənib. Bu qanunun qəbul olunması ilə bağlı eks-prezident Heydər Əliyev 1998-ci il fevralın 3-də Milli Məclisə müraciət edib. Bundan sonra Milli Məclisdə müzakirə keçirilib və fevralın 10-da qanun qəbul olunub. Həmin qanunun 4-cü bəndində deyilir:

“Bu qanun qüvvəyə mindiyi günədək ölüm cəzasına məhkum olunmuş şəxslərin cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin”.

Qanun 1998-ci il fevralın 21-də qüvvəyə minib.


Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 250 nəfər ömürlük azadlıqdan məhrum edilmiş şəxs var.

Ana səhifəXəbərlərÖmürlük həbs cəzası almış şəxs hansı halda azadlığa çıxa bilər? – Cavab veririk #21